Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın İslam Konfransı Təşkilatı ilə və ümumiyyətlə islam ölkələrilə əlaqələri zəruridir. Birincisi ona görə ki, Azərbaycan özü də İslam ölkəsidir, digər tərəfdən bu ölkələrin Dağlıq Qarabağ məsələsində Azərbaycanı birmənalı olaraq müdafiə etməsi bu yaxınlaşmaya xeyli zərurət yaradır. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr daimi komissiyanın üzvü Nəsib Nəsibzadə isə hesab edir ki, əslində bütün beynəlxalq təşkilatlarla, o cümlədən İslam Konfransı Təşkilatıyla əməkdaşlıq etmək çox müsbət bir haldır. Amma bununla yanaşı cənab Nəsibzadə deyir ki, bu zaman onu da unutmaq olmaz ki, dünya siyasətini beynəlxalq təşkilatlar yox, güc mərkəzləri idarə edir. Onun fikrincə, bu təşkilatlarla sıx əməkdaşlıq etməklə yanaşı həm də real dərk etmək lazımdır ki, həmin təşkilatların dünya siyasətinə təsir imkanları məhduddur.
İslam ölkələrinin birləşdiyi təşkilatla əlaqələrin genişlənməsinin Azərbaycanda dini meyllərin artmasına səbəb olmasına Nəsib Nəsibzadə bununla razı deyil. O hesab edir ki, İslam Konfransı Təşkilatı dini yox, siyasi bir təşkilatdır və Azərbaycanda dini meyllərin artması bu təşkilatla əlaqələrin güclənməsilə deyil, daha çox cəmiyyətin özündəki problemlərdə axtarmaq lazımdır: «Səbəb sosial bərabərliyin pozulması, əhalinin əksər problemlərinin öz həllini hələ də tapmaması və digər qütbdə zənginləşmə, varlanma hallarının olmasıdır». Bundan başqa Nəsib Nəsibzadə hesab edir ki, belə bir meylin artması Qərbin regionda etirazlar, suallar doğuran siyasətilə yanaşı həm də Azərbaycandakı siyasətlə bağlıdır.
Nəsib Nəsibzadəyə görə, əgər indi yenicə başlayan proseslər belə davam edərsə onda Azərbaycanın gələcəyini sual altında ola bilər. Bu baxımdan da Azərbaycan hökuməti, Azərbaycan müxalifət və elə bütövlükdə cəmiyyət bu təhlükəni indidən dərk edib hansısa tədbirlər həyata keçirməlidir.
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, əslində İslam Konfransı Təşkilatı ilə əlaqələrin getdikcə güclənməsi daha çox gələcəkdə bu ölkələrdən Azərbaycana sərmayə axınının çoxalmasına gətirib çıxara bilər. Bu əlaqələrin ölkədə dini meyllərin güclənməsinə səbəb ola biləcəyinə gəlincə cənab Əlizadə burda qəbahətli bir hal görmür. Onun fikrincə əslində sovet dövründə Azərbaycan islam ölkəsi kimi 70 il öz dinindən uzaq düşüb və indi bu meylərin güclənməsi təhlükəli bir şey deyil, sadəcə əhali öz dininə qayıdır. Elə bu səbəbdən də politoloq baş verənləri demokratik cəmiyyətlər üçün normal hal sayır.