Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:46

Polis qanuna tabe olur, yoxsa rəisə?


Polis etiraz aksiyasını dağıdır, Bakı, 26 may 2006
Polis etiraz aksiyasını dağıdır, Bakı, 26 may 2006

Əksər ekspertlərə görə, mitinq və yürüşlərin zorakılıqla dağıdılması və bu zaman müxtəlif vasitələrdən istifadə olunması daha çox siyasi amillərlə bağlıdır. Amma bununla belə, polisin qeyri-peşəkarlığını önə çəkənlər də var.


1990-cı illərin əvvəllərində polis rəisi işləmiş İsaxan Aşurova görə, Azərbaycan polisi kütləvi aksiyalarda qanunun tələblərini pozur və zərurət olmadan belə, xüsusi vasitələrdən istifadə edir. Keçmiş polis rəisinə görə, fiziki və hüquqi şəxslərin həyatlarını və əmlakının təhlükəsizliyini təmin etməli olan polis öz vəzifəsini unudaraq xalqla hakimiyyət arasında sipərə çevrilir. Cənab Aşurov düşünür ki, Daxili İşlər Nazirliyi siyasi quruma çevrildiyindən və polis əməkdaşı təlimata yox, rəisin əmrinə əməl etdiyindən təlimlərin bir faydası olmayacaq: «2001-ci ildə belə bir təlimdə mən də iştirak etmişəm. Həbsin necə aparılmalı, polisin müdaxiləsinin hansı hallarda zəruri olduğunu əyani şəkildə izah etmişik. Amma polis əsasən təlimata yox, rəisinin əmrinə tabe olur. O baxımdan ATƏT-in polislərə nəzərdə tutduğu təlimlər ümidsiz bir işdir».


Sabiq polis rəisi Mahmud Hacıyev də polis sisteminə qeyri-peşəkarların rəhbərlik etdiyini və bu üzdən də siyasi oyunlara alət edildiyini, peşəkar olmayan yüksək rütbəlinin yalnız verilən əmri yerinə yetirməklə məşğul olduğunu düşünür.


Amma, ATƏT nikbin görünür. Təşkilatın Bakı Ofisinin rəhbəri Maurisio Pavesinin qənaətincə, bu təlimlər polisin vəzifə səlahiyyətini aşmasına imkan verməyəcək. Hərçənd rəsmilər də birbaşa olmasa da, dolayı yolla etiraf edirlər ki, bu təlimlərdən sonra belə polis qanunu pozub.


Prezidentin İcra Aparatının İnsan Hüquqlarının Müdafiəsi üzrə Sektor müdiri Çingiz Əsgərov Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış etiraz aksiyalarının dağıdılması ilə bağlı xidməti təhqiqat aparıldığını və bu zaman qanun pozuntularının aşkarlandığını deyir: «Bu zaman 500 nəfərdən çox vətəndaş və 200-dən çox polis əməkdaşı dindirilib. Günahkarlar intizam qaydasında cəzalandırılıb». Amma bununla belə, cənab Əsgərov seçkilər zamanı vətəndaşların dəyənəklə döyülməsini və başqa xüsusi vasitələrdən istifadəsini polisin təlimatlandırlmaması ilə bağlayır.


Hələlik «Sərbəst toplaşmaq haqqında» qanuna düzəlişlərin parlamentin müzakirəsinə çıxarılmasını demək tezdir. ATƏT-in ekspertləri də sentyabrın 19-da hökumətlə aparılan müzakirələri uzun prosesin başlanğıcı kimi qiymətləndirirlər. Hələ bu təkliflər hökumət və beynəlxalq təşkilatların yaratdıqları birgə işçi qrupda müzakirə olunacaq. Yalnız bundan sonra qanuna düzəliş və əlavələr parlamentin müzakirəsinə verilə bilər. Amma bununla belə, rəsmilər qanunun özündə boşluqlar və onun icrası ilə bağlı problemlər olduğunu etiraf edirlər. Bu üzdən də qanunda bəzi məqamların, eləcə də strateji obyektlərin yaxınlığında aksiyaların keçirilməsinə icazə verilməsinin də müzakirə olunacağını deyirlər. Hərçənd Prezidentin İcra Aparatında sektor müdiri Çingiz Əsgərovun fikrincə, elə Avropa ölkələrində də dövlət əhəmiyyətli obyektlərin yaxınlığında aksiya keçirilməsinə icazə verilmir. Məsələn, ABŞ-da Ağ Evin qarşısında aksiya 500 metrlik məsafədə keçirilə bilər. Ancaq Çingiz Əsgərova görə, Azərbaycanda hökumət binalarının yaxınlığında aksiyaların keçirilməsi ilə bağlı müddəa müasirləşdiriləcək.


ATƏT-in Bakı Ofisinin rəhbəri Mauriso Pavesi isə icra hakimiyyətlərinin kütləvi aksiyaların keçirilməsi ilə bağlı icazə verərkən siyasi müdaxilə etmələrini qanundakı boşluq kimi qiymətləndirdi və bu cür həssas məqamların müzakirə olunacağını söylədi.


XS
SM
MD
LG