Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:54

«İlqarı vəhşicəsinə döyüblər, məqsəd onu öldürmək olub»


Arxiv foto: İlqar Nəsibov
Arxiv foto: İlqar Nəsibov

-

Avqustun 21-də Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisi, hüquq müdafiəçisi İlqar Nəsibova hücum olub. Hazırda o, Naxçıvan şəhər xəstəxanasının travmatologiya şöbəsindədir. AzadlıqRadiosu Mərkəzin rəhbəri, İlqar Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova ilə əlaqə saxlayıb:

- İlqarı vəhşicəsinə döyüblər. Məqsəd onu öldürmək olub...

- Hadisə nə vaxt olub?

- Avqustun 21-i axşam saatlarında onu evdən ofisə çağırıblar. Şikayətçilər olduqlarını bildiriblər. Ofisdə ona birdən hücum olub. Həmin adamlar ona xeyli bədən xəsarəti yetiriblər. İlqarın başına qayçı ilə bir neçə yerdən xəsarətlər yetiriblər. Sol və sağ qaşlarının üstünə 6 tikiş vurulub. Sol gözünün altına iki tikiş qoyulub. Burnu və almacıq sümükləri, çənəsi sınıb. Qabırğaları zədələnib. Beyni silkələnib...

- Hadisədən necə xəbər tutdunuz?

- O döyüləndən sonra bir müddət ofisdə huşsuz vəziyyətdə qalıb. Təxminən saat 22 radələrində mənə zəng elədi. Getdim ki, pis vəziyyətdədir, xeyli qan itirib. Hamısını lentə almışam...

- Hazırda İlqar haradadır?

- İndi biz Naxçıvan şəhər xəstəxanasının travmatologiya şöbəsindəyik. Bir az olar İlqar özünə gəlib. Hazırda həkimlər hansı addımlar atacaqları ilə bağlı məsləhətləşmələr aparırlar.

- Hücum edənlərin kimliyi bəllidirmi, hansı səbəbdən belə bir addım ata bilərlər. Ehtimallarınız varmı?

- İlqar bir nəfəri tanıyıb, o tez-tez bizim ofisə gələn adamdır. Biz Milli Təhlükəsizlik Nazirliyindən şübhələnirik. Son vaxtlar Bakıda QHT-lərə hücumlardan sonra bizə də təzyiqlər artmışdı. Bundan başqa Turac Zeynalovun işi Avropa Məhkəməsində kommunikasiyaya başladığına görə hakimiyyətdə bizə qarşı aqressivlik yaranmışdı. Ay yarım əvvəl İlqarı maşınla vurmuşdular, kiçik xəsarət almışdı deyə onu ictimailəşdirmədik. İlqara son hücumu planlı hücum hesab edirik. Özü də bu döyülmə onun öldürülməsinə hesablanmış hadisədir. Təsəvvür edin ki, qayçı ilə başının ortasından üzü aşağı bir neçə yerdən cıza-cıza ona xəsarətlər yetiriblər.

- Hüquq mühafizə orqanlarına müraciət etmisinizmi?

- Dünən elə hadisə yerinə çatan kimi dərhal Naxçıvan şəhər polisinə zəng elədim. Təcili yardıma müraciət olundu və elə polislərlə İlqarı birgə xəstəxanaya gətirdik. Ona ilkin tibbi yardım göstərildi. O xəstəxanaya yeni gətiriləndə yaddaşında heç bir şey qalmamışdı, o hadisəni belə xatırlamırdı. Bir neçə saat sonra özünə gələndən sonra prokurorluq əməkdaşları xəstəxanaya gəlib ondan izahat aldılar. İndi danışa bilir, hadisəni xatırlayır, amma həkimlər danışmasına icazə vermirlər.

XS
SM
MD
LG