Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:02

Gündə 3 dəfə yemək verən yataqxana da var...


Foto: Arxiv
Foto: Arxiv

-

Gözlə

No media source currently available

0:00 0:09:26 0:00
Direct-ə keçid

İki qız qalacağıq, bir nəfər də istəyirik...
Təkotaqlı mənzildir, bir nəfər axtarıram...

Belə və bənzər sözləri tanış tələbələrdən tez-tez eşitmək olar. Öz xoşları ilə yerlərini dar etməyə hazırdırlar. Qız olsun, ya oğlan, – özünə yoldaş axtarır ki, kirayəpulunu, təsərrüfat xərclərini azaltsın.

«ÜST-ÜSTƏ 6-7 NƏFƏR BİR YERDƏ QALMIŞIQ...»

«Ev sahibi həyətində ayı 150 manatdan bir otaq verir. Bacımla qalırdım, amma indən belə otaq yoldaşı axtaracağam» – Texniki Universitetin magistri Orxan Səfərovun sözləridir. O, qaldığı evin şəraitindən gileylənmir:

«Otağın sahəsi böyük deyil. Bakalavr pilləsində oxuyanda bacımla birgə qalır və ayda 100 manat ödəyirdik. İndi təkəm, iki nəfər qala bilər. Otağın şəraiti pis deyil, həyətdə hamam da var. Ev sahibi yayda otağı təmir edib, amma indi 150 manata kirayəyə verir».

Təəccüblü heç nə yoxdur. Hər dəfə dərs ili başlarkən, başqa yerlərdən gələn tələbələr qalmağa yer qayğısı çəkir və kirayəpulunu bölüşməyə yoldaş axtarır.

Qafqaz Universitetinin tələbəsi Zərintac Cəbizadə oxuduğu müddətdə Bakının müxtəlif rayonlarında kirayə ev tutub:

«Elə olub ki, ikiotaqlı mənzilin kirayəpulunu vermək üçün bir neçə qardaş-bacı, üst-üstə 6-7 nəfər bir yerdə qalmışıq».

«GƏRƏK BAŞININ ÇARƏSİNƏ BAXASAN...»

Zərintacın dediyinə görə, metronun çevrəsindəki evlər bahadır. Mənzil təmirlidirsə, üstəlik, mətbəx avadanlığı, paltaryuyan maşın, soyuducu və mebellər varsa, qiymət ikiqat çoxalır. Müsahibim bunu da sözlərinə artırır ki, sovet dönəmində tikilən ikiotaqlı mənzildə, uzağı, 4 nəfər qala bilir, amma yeni tikililərdə bu sayı artırmaq olur:

«Əlbəttə, bir mənzildə 5-6 gənc yaşayırsa, orada dərs oxumaq, dincəlmək çətinləşir. Axı otaqlarda adam əlindən tərpənmək olmur – dərs oxumağa mətbəxi seçsən, həmin vaxt orada kiminsə ya biş-düş etdiyini, ya da yemək yediyini görəcəksən. Beləcə, gərək başının çarəsinə baxasan».

Qafqaz Universiteti
Qafqaz Universiteti

Qafqaz Universiteti özəl təhsil ocağıdır. Bakının mərkəzindən 15-20 km aralıda yerləşir. Burada standartlara uyğun tələbə şəhərciyi də var. Zərintac deyir ki, iki il öncəyədək yataqxanada yalnız oğlanlar qalırdı. İndi qızlara da yataqxana tikilib və Zərintacın diliylə desək, onlar da «xoşbəxt tələbə həyatına» qovuşublar:

AYLIQ 160 MANATA GÜNDƏ 3 DƏFƏ YEMƏK DƏ DAXİLDİR

«Yataqxanaya ayda adambaşı 160 manat ödəmək lazımdır. Bu qiymətə gündə 3 dəfə yemək də daxildir. Şəraitdən çox razıyıq. Bütün otaqlar təmirlidir, ayrıca yataq, istirahət və dərs otaqları var. Tələbələrin xidmətinə kitabxana, yeməkxana, kabinəli hamam, paltaryuyan və paltar qurudulan maşınlar da verilib. Mədəniyyət evi və kompüter otağı da öz yerində. Yeməklər çeşid-çeşiddir və hər gün bir neçə çeşiddə yemək təklif edilir. Yataqxananın geniş həyəti, yaşıllığı var. Bir sözlə, universitetə və yataqxanaya gedib-gələn tələbəyə ideal şərait yaradılıb».

5-ci kursda oxuyan Zərintac bu ildən yataqxanadan ayrılıb və səbəbini belə izah edir:

«Adətən, birinci və ikinci kurs tələbələri yataqxanada qalmağa üstünlük verirlər. Axı ev şəraitindən, ailə nəzarətindən yenicə ayrılırlar və burda onlara nəzarət də var. Başqa sözlə, valideynlər övladlarının təhlükəsizliyindən arxayındırlar. Amma yuxarı kurslarda oxuyan tələbələr daha müstəqil olur, şəhərin mərkəzində yerləşən müxtəlif kurslara gedirlər. Onların ayrıca dost-tanış çevrəsi də yaranır. Yataqxanadakı giriş-çıxış şərtləri, məsələn, axşam 8-dək mütləq yataqxana dönmək şərti onları razı salmır».

Foto: Arxiv
Foto: Arxiv

Zərintac yuxarı kurs tələbələrinin işləməyə can atmasını da onları uzaqda yerləşən yataqxanadan çıxmağa vadar edən amillərdən sayır:

«Məsələn, özümü deyim. Dərsdən sonra işə gedirəm. Qayıdanda gec olur, çünki tıxacdır, üstəlik, bir neçə marşrut dəyişməliyəm».

«AXŞAM SAAT 8-Ə 5 DƏQİQƏ QALMIŞ YATAQXANAYA GƏLMƏLİYDİM»

Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi Arzuman Gəncəvi də yataqxana ilə kirayə ev arasında seçim aparmalı olub. Sözügedən kollecin tələbə yataqxanası olmasa da, Gəncliyə Yardım Fondu adlı qeyri-hökumət təşkilatının yalnız oğlan tələbələrə verdiyi yataqxanadan yararlanmaq mümkündür:

- Kollecin yataqxanası yoxdur. Mən gənclər təşkilatının yataqxanası ilə danışdım. Aylıq 130 manat idi, yemək də verirdilər. Sadəcə, giriş-çıxış saatları mənə sərf eləmədi. Axşam, uzağı, 8-ə 5 dəqiqə qalmış yataqxanaya gəlməliydin.

– Orada tək otaqda neçə adam qala bilər?

– 4-8 nəfərlik otaqlar var.

– Dərslərə hazırlıq otaqları da var?

– Yox, kiçik bir kitabxanaları var. Bütün tələbələr eyni vaxtda dərs oxumaq istəsələr, həmin kitabxanaya sığışmazlar.

Foto: Arxiv
Foto: Arxiv

İndi Arzuman Gəncəvi, mərkəzdən kənarda olsa da, 150 manata təkotaqlı mənzil tapıb. Fikri var ki, bir nəfər də yoldaş tapıb aylıq kirayəpulunu yarıya bölsün.

«BÖCƏKLƏRLƏ SİMBİOZ HƏYAT YAŞAYIRIQ...»

Tibb Universitetinin özünü şərti adla – Nailə Behbudova adı ilə təqdim edən 4-cü kurs tələbəsi isə kirayədən yataqxanaya köçüb. Pul ödəməsə də, yataqxananın şəraitindən narazıdır:

«Mən 3 il kirayədə qalmışam və yataqxanaya yenicə köçmüşəm. Otaqlar təmirsizdir, divarlar sökülüb tökülür. Hər növ həşərat var, böcəklərlə simbioz həyat yaşayırıq. Mətbəxinə isti su gəlmir, yay-qış soyuq sudan istifadə edirik. İsti su yalnız hamama gəlir. Nə yeməkxanası, nə də kitabxanası var. İstirahət otağı? Siz kefdən danışırsınız ki...».

O deyir ki, Tibb Universitetinin oğlan yataqxanası təmir edilib, gözləyirlər ki, qızlarınkı da olacaq: «Təmirədək biz universiteti bitirərik, yəqin».

Tələbələr universitet yataqxanalarından söz açdılar. Bəs universitetlər tələbə yataqxanalarının durumu barədə nə düşünür?

«YATAQXANA TİKİNTİSİNƏ İCAZƏ VERİLMƏDİYİ ÜÇÜN YERİMİZDƏ SAYIRIQ...»

Azərbaycanın ən böyük ali məktəblərindən olan Bakı Dövlət Universiteti (BDU) ötən ildən 1960-cı illərdə tikilmiş tələbə şəhərciyini sökməyə başlayıb. Müasirtipli tələbə şəhərciyinin eskizini bir müddət öncə media da diqqətə yetirib. BDU-ya məxsus keçmiş yataqxanaların ərazisində – tələbə şəhərciyində 4 korpusdan ibarət çoxmərtəbəli yataqxana binalarının tikilməsi nəzərdə tutulur.

Nəbi Ramazanlı
Nəbi Ramazanlı

Şəhərcikdə piyada və velosipedçilər üçün yollar da olacaq. Yataqxana kompleksində sərgi salonu, tibb məntəqəsi, kitabxana, mağaza, tutumlu iclas və fitnes zalları, bərbərxana, internet-kafe və ikimərtəbəli yeməkxana da tələbələrin xidmətinə veriləcək.

Bəs 20 minə yaxın tələbəsi olan BDU öz tələbələrini nə zaman yataqxana ilə təmin edəcək?

BDU-nun inzibati-təsərrüfat işləri prorektoru Nəbi Ramazanlı AzadlıqRadiosuna deyir ki, layihələndirmə işləri artıq başa çatıb:

«Bəzi səbəblər var ki, imkanımız xaricindədir. Birincisi maliyyə problemi, digəri Bakı şəhər İcra Hakimiyyətinin tikintiyə hələ icazəsi verməməsidir. Hörmətli Hacıbala Abutalıbov (Bakı şəhər İcra Hakimiyyətinin başçısı-red.) tikintiyə icazə vermədiyi üçün yerimizdə sayırıq, işin davamı gəlmir».

«YATAQXANANIN OLMAMASI UCBATINDAN HƏR İL NƏ QƏDƏR TƏLƏBƏNİ İTİRİRİK...»

Nəbi Ramazanlının sözlərinə görə, yataqxananın olmaması beynəlxalq dəyərləndirmələrdə universitetin reytinqinə ciddi təsir göstərir:

«Məsələn, biz təhsil üçün bir şəhərə gedəndə, təbii ki, yataqxanası olan universiteti seçirik. Beləcə, yataqxananın olmaması ucbatından hər il bizə müraciət edən nə qədər tələbəni itiririk».

Prorektor deyir ki, vəziyyətdən çıxmaq üçün bəzi tələbələri digər universitetlərin yataqxanalarına yönəldir, əlaqələrindən yararlanmaqla tələbələrə kömək etməyə çalışırlar.

Azərbaycan Neft Akademiyasının prorektoru Nuhbaba Şixiyev də bənzər sözləri dilə gətirir və balanslarında olan yataqxanalar söküldüyündən, kirayəpulu ödəməyə gücü çatmayan tələbələrə kömək etməyə çalışdıqlarını söyləyir:

BDU-nun yataqxanası - 2007
BDU-nun yataqxanası - 2007

«Başqa universitetlərin yataqxanası ilə əlaqə saxlayır və yer olsa, xahiş edirik ki, bizim tələbəni də götürsünlər».

«KİRAYƏ BAZARI TƏLƏBƏLƏRİN HESABINA CANLANIR»

Bakıda 100 mindən çox tələbə təhsil alır. Onların bir çoxu bölgələrdən paytaxta üz tutanlardır.

«Hələ ki, kirayə bazarı tələbələrin hesabına canlanır» – bunu Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı deyir. Onun fikrincə, tələbələrin yataqxana təminatını yaxşılaşdırmaq üçün hökumət sahibkarlarla işləməlidir:

«Bəzi Avropa ölkələrində sahibkarlar yataqxana tikir və ucuz qiymətə tələbələrə kirayəyə verir. Belə bir təcrübənin Azərbaycanda tətbiqi tələbələrin vəziyyətini xeyli yaxşılaşdırardı».

Ramin Osmanlının sözlərinə görə, bazarda təklifdən çox tələbatın olması evlərin qiymətini xeyli bahalaşdırır:

«Onsuz da şəhər mərkəzində kirayə ev tutmaq tələbələr üçün xəyal olardı, çünki mərkəzdə aylıq kirayə, 600-700 manatdan başlayır. Tələbələr daha çox mərkəzdən kənarda – metro stansiyalarının həndəvərində, bir də yaxın qəsəbələrin həyət evlərində qalmağa üstünlük verirlər».

XS
SM
MD
LG