Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:57

Siyəzəndə bir əlilə ev verdilər, sonra da geri aldılar [Video]


Bir əlilə necə ev verib, sonra əlindən alıblar...
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

Bir əlilə necə ev verib, sonra əlindən alıblar...

-

“Burda mən yatıram. Baxın, iki stulu birləşdirib yatıram. Burda da yoldaşım yatır (köhnə, sınıq çarpayını göstərir-C.M)... Əşyalarımız da ortalıqda qalıb. Həmin gün dedilər sizi köçürəcəyik, biz də əşyaları topladıq. Ev verməyəcəkdisə, bizi niyə peşman vəziyyətə salırdı?”

Siyəzənin Böyük Həmyə kəndində bir ailə yaşayır – hər iki üzvü gözdən əlil...

Xoşbəxt Səfərovun 49 yaşı var. Sevastopol Cihazqayırma İnstitutunu bitirib. Qardaşı İslam Səfərov Ağdamda hərbi əməliyyatlar zamanı həlak olub. Qardaşının ölümündən sonra Xoşbəxt insult keçirib, hər iki gözü tutulub. Anası vəfat edəndən sonra bacı himayəsinə sığınıb. Bu ilin əvvəli gözdən əlil olan Marina ilə evlənib. Qaldığı ev ata yurdudur. Yaşamaq üçün yararsızdır.

Marina Səfərova bizi əvvəlcə yaşadıqları evin vəziyyəti ilə tanış edir. Sınıq döşəmələri göstərir:

Marina Səfərova
Marina Səfərova

“AYAĞIMIZ BU DEŞİKLƏRƏ DÜŞÜR”

“Evdə gəzə bilmirik. Ayağımız bu deşiklərə düşür. Özüm də əliləm. İsmayıllıdan gəlmişəm, Xoşbəxtə baxıram. Üzü qışa gedir. Mən bu şəraitdə ona necə baxacam? Xahiş edirəm, icra başçısı səsimizi eşitsin.”

Xoşbəxt Səfərov dediyinə görə, 3 il əvvəl Siyəzən rayon İcra Hakimiyyətində ev növbəsinə götürülüb. Bu il sentyabrın 2-də icra hakimiyyətindən gələn xəbər az qala əlillərin gözlərinə işıq gətirib. Onlara ev verilib. Əlillər bu yararsız daxmayla həmişəlik vidalaşacaqdılar.

Marina Səfərova deyir ki, icra hakimiyyətinin başçısı Arif Qaımov onlara ev verib. Bir gün sonra başçının köməkçisi onları yeni evləri ilə tanış edib. Hətta evin açarlarını da təqdim edib. Deyib ki, bu gündən bu evdə yaşayacaqsız.

Böyük Həmyə kəndi
Böyük Həmyə kəndi

“GUYA ONLARA ZƏNG GƏLİB Kİ, NAZİRLİYİN İŞTİRAKI OLMADAN AÇILIŞ OLMASIN”

“Bizim yanımızda kənd nümayəndəsinə zəng olundu ki, bunları evə apar, açarları al, icra hakimiyyətinə ver, sabah nazirlikdən adamlar gələcək. Onların iştirakı ilə evi təqdim edərik. Guya onlara zəng gəlib ki, nazirliyin iştirakı olmadan açılış olmasın.

Halbuki açılış artıq olmuşdu. Bizi evimizə gətirib qoydular.

Hətta bizə “4-32-81” nömrə də verdilər. Dedilər ki, bu nömrə sizin evinizin telefon nömrəsi olacaq. Bu nömrə artıq Xoşbəxtin adınadır. Bir həftə əvvəl Xoşbəxtin əlillik kitabçasını aldılar ki, qaz, işıq kitabçasını onun adına keçirirlər”.

Marina Səfərovanın sözlərinə görə, icra başçısı ona çay servisi və içərisində 5 kilo ət olan soyuducu da hədiyyə edib.

“BURA GƏLİN GƏTİRƏCƏYƏM”

“Evə gəldik, əşyalarımızı topladıq. Sentyabrın 4-də bizə verilən təzə evə zəng vurduq. Çünki açarı bizdə deyildi. Yoxladıq görək ki, qapı açıqdırsa, əşyalarımızı daşıyaq. Dəstəyi bir uşaq götürdü.

Dedi, bu evi bizə veriblər. Gəldik ki, həqiqətən də evdə başqaları yaşayır. İcra hakimiyyətinə getdik, müavin Tariyel bizi qəbul etmədi, heç zəngimizə də cavab vermədi. Qayıdıb gəldik, yenə həmin evə zəng vurduq. Bir kişi cavab verdi. Bir az söhbət etdik, dedi, mənim bu evə ehtiyacım yoxdur, bura gəlin gətirəcəyəm”.

Gözdən əlillərlə birlikdə təzə evin qarşısına gəlirik. Qapısını üzümüzə açan olmur. Hər halda indi orada kimin yaşadığını aydınlaşdırmaq istəyirdik.

Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev əlillərin başına gələnləri anlaşılmazlıq adlandırır:

Səfərovların evi
Səfərovların evi

İCRA BAŞÇISININ MÜAVİNİ :”EV O GÖZDƏN ƏLİLƏ YOX, BAŞQA GÖZDƏN ƏLİLƏ TİKİLİB”

“Bu evlər Əmək və Əhalinin Sosial Müdafiəsi xətii ilə tikilib.

Orada iki ev tikilib. Biri anadangəlmə 1-ci qrup əlil ailəyə verilib. Nazir Səlim Müslümov rayonda qəbul keçirəndə həm Xoşbəxt, həm də başqa bir Qarabağ əlili Dönməz Əlixanov nazirə evlə bağlı müraciət ediblər. Anlaşılmazlığı yaradan bu olub ki, hər ikisi gözdən əlildir və eyni vaxtda müraciət ediblər. Nazir də 1994-cü ildən Neft şirkətində ev növbəsinə dayanan Dönməz Əlixanovla bağlı göstəriş verib ki, evlə təmin olunsun. Evlər hazır olandan sonra səhvən Xoşbəxtə xəbər gedib ki, sənə təzə ev verilir. Sonradan məsələ aydınlaşıb ki, ev o gözdən əlilə yox, başqa gözdən əlilə tikilib. Və anlaşılmazlıq aradan qaldırılıb”.

Başçının müavini deyir ki, Xoşbəxt Səfərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ev növbəsinə dayanmalıdır. Rayonda növbəti dəfə əlillər üçün ev tikiləndə o da nəzərə alınar.

Xoşbəxt Səfərovsa hələ 3 il əvvəl İcra Hakimiyyətində ev növbəsinə götürüldüyünü deyir. Baxmayaraq ki, başçının müqaini bunu inkar edir. Marina Səfərova ilə sonuncu söhbətimizdə yenə yerli icra hakimiyyətində olduqlarını, başçının qəbuluna düşmək üçün saatlarla gözlədiklərini, ancaq onları heç kəsin dinləmədiyini bildirdi. İndi iki gözdən əlil hər gün yolunu icra hakimiyyətindən salır, mənzil ümidiylə...

XS
SM
MD
LG