-
Kağız kitabların, onlarla birlikdə də kitab dükanlarının tezliklə məhv olacağı haqda proqnozlar deyəsən, doğrulmayacaq.
Oxu zalı “Huffington Post”a istinadla xəbər verir ki, yeni araşdırma e-kitab sahəsində buma baxmayaraq kağız kitabların satışının hələ də yüksək səviyyədə qaldığını göstərir.
Üstəlik də 2014-cü ilin ilk yarısında kağız kitablar hər iki göstərici üzrə (yəni həm qalın, həm də nazik üzlü kitabların satışı) e-kitabları üstələyib.
Kitab çapı sektorunda araşdırmalar aparan “Nielsen” şirkəti bildirir ki, ilk altı ayda qalın üzlü kitablar bazarın 25, nazik üzlü kitablar isə 42 faizini təşkil edib. 23 faiz isə e-kitabların payına düşüb.
2007-ci ilin Kindle “partlayışı”ndan sonra bazarda e-kitabların payı sürətlə artsa da, son vaxtlar bu sahədə stabilləşmə müşahidə edilir. Kağız kitablar hələ də bazarda dominantdır.
“Electric Literature” yazır ki, gələcəkdə kağız və elektron kitablar yanaşı olaraq mövcudluğunu sürdürəcək.
Kitab sahəsindəki vəziyyəti musiqi industriyası ilə müqayisə edənlər də var. Az qala bütün müğənnilərə pulsuz olaraq İnternetdə qulaq asmaq mümkün olsa da, insanlar CD almaqda davam edirlər.
Digər tərəfdən, e-kitabın dərin mütaliə üçün, oxunan mətnin dərindən qavranması üçün münasib olmadığı ilə bağlı narahatlıqlar var.