Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:41

Seymur Baycan. Pirlərə bələdiyyə statusu verilsin!


Seymur Baycan
Seymur Baycan

-

Haqsızlığın hökm sürdüyü, qanunların işləmədiyi, idmançıların, müğənnilərin, falçıların, cinçıxaranların qəhrəmana çevrildiyi bir yerdə adamlar daşa-ağaca inanmayıb bəs nəyə inansınlar?

Seymur Baycan

PİRLƏRƏ DAİR SƏMƏRƏLİ TƏKLİFLƏRIM

Bir nəfər yaxın tanış kəndlərindəki pir haqqında ətraflı söhbət elədi.

Pirin tarixini danışdı. Dedi dəhşət hərəkət, çox gur gəliş-gediş var pirə...

Niyə də olmasın. Bunun üçün bütün münbit şərait yaradılıb. Təhsil biabırçı gündə. Səhiyyə biabırçı gündə.

Oğlu əsgərlikdən qayıdır - qurban kəsir. Uşaq doğulur - qurban kəsir. Əməliyyatdan çıxır - qurban deyir. Uşaq orta məktəbi bitirir - qurban kəsir. Uşaq universitetə girir - qurban kəsir. Uşaq işə düzəlir - qurban deyir. Hansısa idarədən arayış alır - nəzir deyir. Yol polisi saxlayır - nəzir deyir. Gömrükdən keçir - nəzir deyir. Uşağa bağça tapır - nəzir deyir.

Ətraf təhlükələrlə, çətinliklərlə doludu. Sistemə inam yoxdu. Halbuki sistem bir balaca normal işləsə, ədalət bir balaca bərqərar olsa, təhsil və səhiyyə bir balaca qaydasında olsa, bu qədər qurban kəsməyə, bu qədər nəzir deməyə ehtiyac yaranmaz.

Məhkəmələr azad deyil. Mülkiyyət toxunulmazlığı sözünü eşidəndə adamlar yerə yıxılıb qarınları cırılıncaya qədər gülürlər. Hər an evini başına uçura, var-yoxunu tutub əlindən ala bilərlər. Adamlar qorxu içində yaşayırlar. Hələ üstəlik böyük əksəriyyət də qorxulu, təhlükəli, riskli işlərlə məşğuldurlar. Hələ bunun Rusiyada yaşayanları var. Onlar da orda nə qədər qurban deyirlər, nəzir deyirlər. Ölkəyə gələndə bölgəyə uyğun olaraq hərə öz inandığı pirinə, ziyarətgahına gedib borcunu yerinə yetirir. Hələ nə qədər adamın banklara borcu var. Bankları qoyaq bir tərəfə, ölkənin yarısı yarısına pul borcludu. Qayda-qanun, sənəd-sünəd, kitab-dəftər yox dərəcəsindədi.

İş və vəziyyət o yerə çatıb ki, məhkəmədə hüquq müdafiəçisi hakimə Allahı, o dünyanı, qıl körpüsünü, qır qazanını xatırlatmağa məcbur olub. Qanun qalıb kənarda, hüquq müdafiəçisi hakimi allahlı hərəkət etməyə, allahlı qərar çıxarmağa səsləyir. Belə də olmalıdı. İnsanların əli yerdən üzüləndə avtomatik olaraq göyə tərəf uzanır.

Şerif. Tövsiyə
Şerif. Tövsiyə

Azad və ədalətli məhkəmə, qayda-qanun olmayan yerdə adamlar bir-birlərini Allaha tapşırmağa məcburdular. Azad və ədalətli məhkəmə olmayan yerdə adamlar bir-birlərini Allaha tapşırmasınlar bəs nə etsinlər?

Conatan Svift “Qulliverin səyahəti” əsərində o vaxtki İngiltərə haqqında yazır:

“İngiltərədə hər bir vəkil, demək olar ki, hələ beşikdə ikən haqsızlığı müdafiə etməyə öyrəşmişdir. Buna görə də o, haqlı işi müdafiə etdikdə, özünü çox pis bir vəziyyətdə hiss edərək, lazımı qədər qüvvə və məharət göstərə bilmir. Bundan başqa, o, son dərəcə ehtiyatlı olmalıdır ki, haqq işi müdafiə etdikdə, həddindən artıq coşqunluq göstərməsin.

Belə olarsa, o, məhkəmə hakimləri tərəfindən töhmət alar və öz təbəqəsinin ləyaqətini alçaltmış olar. Bizim məhkəmələrdə hər iki çəkişən tərəf müflis olmayınca, məhkəmədə iş qurtarmır”.

Conatan Sviftin o vaxtın İngiltərəsi üçün yazdıqları indi bizim ölkənin reallığını əks etdirir. Yuxarıda yazılanlar bizim üçün çox aktualdı. Biz məhkəmələrin ədalətsizliyinə o qədər alışmışıq ki, məhkəmələr hətta ədalətə oxşar, ədalətfason qərar çıxaranda qorxuruq. Şübhələnirik. Gözlərimizə inanmırıq. Hətta ağlımıza müxtəlif fikirlər gəlir. Görəsən, bu işin arxasında hansı hiylə, hansı biclik dayanır.

Qanunların işləməməsini, ədalətin olmamasını qoyaq kənara. Ölkədə cəhalət və fanatizm özünün çiçəklənmə dövrünü yaşayır. Hakimiyyətin daxili və xarici siyasətinin nəticəsində fanatizm və cəhalət sürətlə yayılmaqdadı. Normal bir elmi jurnal yox. Normal bir səviyyəli qəzet yox.

Şerif. Pandemiya
Şerif. Pandemiya

Universitetlər, məktəblər, uşaq bağçaları biabırçı gündədir. Tibb universitetində verilən təhsillə, keçirilən dərslərlə ən yaxşı halda mal həkimi olmaq mümkündü.

Jurnalistika fakültəsinin tələbələri Haqverdiyevi tanımırlar. Ola bilsin kimlər üçünsə bu o qədər də faciəli fakt deyil, amma ölkənin və xalqın aqibətini düşünən adamlar bu faktı faciə kimi qəbul etməlidirlər.

Televiziyalar müğənnilər, falçılar, cin çıxardanlar, yuxu yozanlar və digər bu kimi işlərlə məşğul olan adamlar tərəfindən işğal edilib. Normal bir ciddi maarifçi veriliş yoxdur ki, adamlar heç olmasa efirdən bir düz-əməlli, ağıllı söz eşitsinlər.

Gənclər arasında intellektin, təfəkkürün inkişafına səbəb olacaq müsabiqələr keçirilmir.

Keçiriləndə də xala xətrin qalmasın, quş qoymaq üçün keçirilir. Təşəbbüslər boğulur. İnsanlara öz qabiliyyətlərini nümayiş etdirməyə imkan verilmir. Siyasi baxışlarına görə insanlar ayrı-seçkiliyə məruz qalırlar. Nəticədə bir xeyli insan öz potensiallarını, qabiliyyətlərini ölkənin və xalqın inkişafına sərf edə bilmir.

Sadalanan və sadalanmayan bu kimi faktlar pirlərin, ziyarətgahların daha da populyarlaşmasına rəvac verir. Sayları da günü-gündən artmaqdadı. Rayonlar, kəndlər, qəsəbələr artıq pirlərlə, ziyarətgahlarla tanınır. Haqsızlığın hökm sürdüyü, qanunların işləmədiyi, idmançıların, müğənnilərin, falçıların, cinçıxaranların qəhrəmana çevrildiyi, cəhalətin günü-gündən daha sürətlə yayıldığı bir yerdə adamlar daşa-ağaca inanmayıb bəs nəyə inansınlar?

Qayıdaq yazının əvvəlinə. Tanışım dedi ki, pirə o qədər gəlib-gedənin olmasına baxmayaraq kəndin yolları biabırçı gündədi. Camaatın oturub bir tikə çörək yeməsi, bir stakan çay içməsi üçün təmiz, səliqəli bir kafe yoxdu. Qərəz, onun söhbətindən belə başa düşdüm ki, sözügedən pir rayonda ən hərəkətli, ən funksional, ən çox inanılan, ən çox hörmət qoyulan yerdi.

Onda belə bir mənzərə yaranır.

Əgər adamlar idarələrdən, bələdiyyələrdən (məsələn) daha çox pirə inanırsa, qoy o zaman pirlər də idarələrin, bələdiyyələrin görməli olduqları işləri görsünlər. Adamların inamlarını hərtərəfli doğrultsunlar. Həm fiziki, həm də mənəvi. Yolları təmir etsinlər. Uşaq bağçaları tiksinlər. Gedişli-gəlişli bir pir üçün bir uşaq bağçası tikmək, iyirmi-otuz uşağı yedizdirmək, geyindirmək heç nədi. Ya da məsələn, iyirmi-otuz tələbəyə təqaüd versinlər. Pirləri və ziyarətgahları idarə edən adamlar bu kimi faydalı işlərlə məşğul olsalar, Allaha da xoş gedər, bəndəyə də.

Həm də mənim kimi boş-bekar adamların səsi kəsilər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG