Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:20

Müsavatın yeni başqanından fraksiya xəbərdarlığı [Video]


Arif Hacılının mətbuat konfransı - 31 oktyabr 2014
Arif Hacılının mətbuat konfransı - 31 oktyabr 2014

-

«Biz Siyavuş Novruzovun istəyi ilə yox, Müsavatın nizamnaməsi ilə hərəkət edirik. Yaxın vaxtlarda qurultay keçirmək planımız yoxdur. Nizamnaməyə görə, qurultay 4 ildə bir keçirilir».

Müsavat Partiyasının başqanı Arif Hacılı oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deputat Siyavuş Novruzovun mediada səsləndirdiyi «Müsavat yenidən qurultay keçirməlidir» təklifinə bu cür münasibət bildir. Siyavuş Novruzov bu təklifini partiya qurultayında pozuntular olması fikirləri ilə əsaslandırmışdı.

«SEÇKİ KAMPANİYASI ALTERNATİV QAYDADA KEÇİB»

Müsavat başqanı partiya üzvü Qubad İbadoğlunun Qurultaydakı seçkilərdə pozuntularla bağlı təqdim etdiyi arayışla bağlı MNTK-nın çıxardığı rəyə də toxunub:

«Bu rəydə seçkinin azad və demokratik keçdiyi bildirilir. Müsavat bu qurultay ilə Azərbaycana bir sıra demokratiya nümunələri təqdim etdi. Seçki kampaniyası alternativ qaydada keçib. Paritet əsasda seçki komissiyası formalaşıb. Qurultay bitib və bir aydan artıq vaxt keçib. Ona görə də bu məsələlər artıq yekunlaşdırılmalıdır».

«ZONA MÜŞAVİRƏLƏRİ KEÇİRİLƏCƏK»

Arif Hacılı partiya daxilində fraksiya yaradılması təşəbbüslərinə də toxunub. O bildirib ki, partiya nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmur və bu ideya partiyanın maraqlarına uyğun deyil:

«Kimlər fraksiya niyyətinə düşəcəklərsə, partiya üzvlərinin qarşısında nüfuzları bir qədər də azalacaq. Hamının birlikdə fəaliyyət göstərməsinin tərəfdarıyam. Müsavat vahid bir komandadır. Hər kəsi qurultaydan əvvəl tutduğu mövqeni unutmağa çağırıram. Gələn həftədən zona müşavirələri keçirmək niyyətindəyik. Rayon təşkilatlarında strukturların hamısı fəaliyyətini gücləndirəcək. Yaxın zamanlarda Müsavatın fəaliyyətinin çevikliyinin şahidi olacaqsınız».

Arif Hacılı yaxın vaxtlarda müxalif siyasi təşkilatlarla, o cümlədən AXCP ilə də müttəfiqlik istiqamətində addımlar atmaq niyyətində olduğunu deyib O həmçinin bildirib ki, partiya siyasi məhbusların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

NARAZILARIN TƏLƏBİ

Müsavatın sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı 228 səslə partiyanın yeni başqanı seçilib. 200 səs toplayan Qubad İbadoğlu və onun tərəfdarları seçkilərdə pozuntular olduğunu vurğulayaraq nəticələrin araşdırılması üçün partiya rəhbərliyinə 3 ay vaxt veriblər. Qubad İbadoğlu pozuntuların olması ilə bağlı partiya MNTK-sına arayış təqdim etmişdi. Bu günlərdə isə bir qrup narazı bir araya gələrək, partiya daxilində fraksiya yaradılmasını müzakirə ediblər.

XS
SM
MD
LG