Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:02

"Heydər Əliyev mənə heç nə eləmədi, elə bilirdi, arxamda kimsə dayanır"


Çingiz Hüseynov
Çingiz Hüseynov

-

"Həqiqəti yazmaq lazımdır. Kiçik həqiqətləri deyil, böyük həqiqəti yazmaq".

"Anar istəsə indi ayağa durub, həqiqi sözü deyə bilər, kim ona neynəyəcək axı?"

"İndi səhərdən-axşama kimi işləyirəm, böyük bir roman yazıram, sonu görünmür".

İsraildə yaşayan Azərbaycan yazıçısı Çingiz Hüseynovla Namiq Hüseynlinin söhbəti

- Çingiz bəy, maraqlıdır, vətəndən uzaqda yazıçının həyatı necə keçir?

- Yaşa bağlıdır, əlbəttə gənc yaşında vətəndən uzaq olan yazıçıya düşdüyü ab-hava öz təsirini göstərir. Ancaq əgər yaşın səksəni keçibsə, yaşadığın yerin fərqi yoxdur, vətən, vətənin problemləri sənin içindədir.

Vətənlə bağlı ümumi təəssürat, ümumi ruh, şirin-acı duyğular səni tərk etmir. İndi səhərdən-axşama kimi işləyirəm, böyük bir roman yazıram, sonu görünmür.

- Nədən bəhs edir roman?

- İndiyə kimi qarşıma çıxan insanlardan bəhs edir, bir qədər ruhu bədbindir, amma nikbinlik çalarları axtarıram.

- Bakıda son dəfə nə vaxt olubsunuz? Ümumiyyətlə, gəncliyinizin, uşaqlığınızın Bakısını necə xatırlayırsınız?

- Bilirsən, elə bil hər gün Bakıdayam. Ola bilər, indi yeni evlər tikilib, şəhər bir az da gözəlləşib. Ancaq mənim üçün əsl Bakının ruhu təxminən 60-cı, 70-ci, 80-ci illərdəki kimidir. İnanmıram ki, insan təbiəti, psixologiyası çox dəyişsin. Dəyişiklik varsa, libas dəyişikliyidir.

Bakı mənim qəlbimdə, içimdədir, yaza-yaza ağrılardanuzaqlaşıram. Son vaxtlar mən özümə bir üçbucaq təyin etmişəm, bu, Bakı, Moskva, Yerusəlimdən ibarətdir. İndiki həyatım bu üçbucaq arasında yaşanır. İndi əsas problemim yazdıqlarımı, daha doğrusu yazdığım romanı bir yerə toplayıb, bir xətt üzrə düzməkdir.

Çünki yaddaşımda ailə, dövlət, eşq, dostluqla bağlı həddən artıq çox xatirə var. Mənə elə gəlir, hər bir yazıçının tamamlanmamış bir əsəri mütləq qalır, qalmalıdır da, buna görə də tələsmirəm. Çatdıra bilsəm, çatdıracam, çatdıra bilməsəm, qoy tamamlanmamış qalsın. (Ardı aşağıda)

Çingiz Hüseynov Bakıda Azad Yazarlar Ocağının üzvləri ilə
Çingiz Hüseynov Bakıda Azad Yazarlar Ocağının üzvləri ilə

- Çingiz bəy, sizin yaradıcılığınızda, taleyinizdə senzuranın dərin izləri var. “Fətəli Fəthi” romanınızda senzuradan əziyyət çəkən bir yazarın həyatı əks olunur. Bir növ o yazar sizi də xatırladır.

Sovetlərin qorxulu illəri ötüb keçsə də, müstəqil Azərbaycanda yenidən qeyri-rəsmi də olsa senzuranın mövcudluğundan danışanlar var. Sizcə o niyə təkrar-təkrar geriyə qayıdır?

- Qeyd edim, “Fətəli Fəthi”nin qəhrəmanı Mirzə Fətəli özü də senzorluqla məşğul olur. Bir şeyi deməyi unutdun ki, sovet dövründəki senzura ideoloji senzuraydı, ancaq ədəbiyyata öz sözünü deməyə imkan verilirdi. İndi Azərbaycanda, ya da elə Rusiyadakı senzura isə şəxsiyyətlər, prezidentlər, dövlət aparatındakı adamlarla bağlı senzuradır.

Buna əsl senzura demək olmaz. Bunun adı qadağançılıqdır.

O vaxt senzuranı söz vasitəsilə aldatmaq mümkün idi. Dolayı yollarla, söz oyunlarıyla fikrini ifadə edirdin. İndi isə hər şey mürəkkəbləşib. Bir tərəfdən söz azadlığı var, o biri tərəfdən konkret adamların adıyla bağlı senzura hökm sürür. Senzuranı geri qaytaran həmin bu adamlardır.

Sovet dövründə hakimiyyət yazıçıdan qorxurdu, mühacirətdə çoxlu güclü yazarlar vardı və daim sovet hakimiyyətini tənqid edirdilər. Mənə elə gəlir, indi Azərbaycanda əsl yazıçılar sandıq ədəbiyyatı yaratmaqdadır. Bəlkə yazıçılarımız haqqında yüksək fikirdəyəm.

Axı, yazıçı həqiqəti yazmaya bilməz. Cəmiyyətə, dövrana, dövlətə baxmadan doğru sözü deyə bilən yazarlar gec-tez hər millətdə yaranır. Ədəbiyyatı tamam boğmaq olmaz. Ona görə də mənə elə gəlir, bəlkə də bizim xəbərimiz olmayan, heç kimin tanımadığı adamlar var ki, gizlincə həqiqəti yazırlar.

- Bir neçə ay öncə Yazıçılar Birliyindən istefa verdiniz? İstefanın da bir üzv kimi illər boyu sizə olan etinasız münasibətdən qaynaqlandığınıdediniz. Bəs lap dərinlərə getsək, AYB ilə aranızdakı bu ixtilafın “Ailə gizlinləri” romanınızla bir bağlılığı varmı?

- Bilirsən, məni ora dəvət etsəydilər belə, bəlkə də səhhətimə görə heç gedə bilməyəcəkdim. Bu yalnız və yalnız hörmət məsələsiydi. Maaş aldığın adamlara, hökümətə nə qədər bağlı da olsan, heç olmasa formal cəhətdən insanın dərinliyində yazıçıya münasibətdə hörmət olmalıydı.

Sözsüz ki, “Ailə gizlinləri”nin Azərbaycan məmurlarının mənə münasibətində həmişə rolu olub. Ötüb keçən illər ərzində, məni üç dəfə Azərbaycan universitetindən mühazirə deməyə, tələbələrlə görüşə çağırıblar.

Öz istəkləri ilə dəvət edirdilər, çox canfəşanlıq edirdilər, amma konkret məqama çatanda tamam susurdular, üz döndərirdilər. Mənə elə gəlir, kimsə onlara deyir ki, “Əşi, ağlınızı başınıza yığın, bir görün kimi dəvət edirsiniz”. Çünki, bunun başqa bir izahı ağlıma gəlmir.

- Bir qədər “Ailə gizlinləri” romanınızdan danışaq. Bu, sovet dövrünün bir respublika rəhbərinin həyatından bəhs edir. Mənə elə gəlir bu, böyük ölçüdə tapmaca-romandır, heç kim hadisələrin harda baş verdiyini, baş qəhrəmanların kimlər olduğunu bilmir.

Bəzi adamlarsa deyir ki, bu, müəyyən dərəcədə Heydər Əliyevin də həyatından bəhs edir.

- Ona görə tapmaca-romandır ki, nəşriyyat senzurası məni əsl həqiqəti gizlətməyə məcbur edirdi. O vaxtlar nəşriyyatda da deyirdilər ki, “Çingiz Qasanoviç, biz hər şeyi bilirik”. Yəni kitabın kimə həsr olunduğundan xəbərdar idilər.

Heydər Əliyev və sovet lideri Leonid Brejnev
Heydər Əliyev və sovet lideri Leonid Brejnev

Maraqlıdır ki, Heydər Əliyevin özünün romana münasibəti dahiyanə oldu. O şəxsən özü mənə heç bir mənfi münasibət göstərmədi, bircə bir mötəbər şəxsin vasitəsilə demişdi ki, “Çatdırın ona, ondan bərk incimişəm”. İkincisi, “Məhəmməd, Məmməd, Məmiş” romanımda da “Ailə gizlinləri”nə bənzər məqamlar vardı.

Biz, “Drujba narodov” jurnalının baş redaktoru ilə Heydər Əliyevin də iştirak etdiyi bir tədbirdəydik, orda baş redaktor Heydər Əliyevə yaxınlaşıb soruşdu: “Yoldaş Əliyev, biz beş il öncə “Məhəmməd, Məmməd, Məmiş” adlı bir roman çap etmişdik, sizin ona münasibətiniz necədir?” Heydər Əliyev burda da dahiyanə cavab verdi.

Dedi ki, “Şəxsən mənim çox xoşuma gəldi, ancaq ətrafımda olanların qəti etirazına səbəb oldu. Bilirsiniz ki, bizdə demokratiya var, ona görə də mən öz fikrimi yeridə bilmədim”. Bu fikri əksinə oxumaq lazımdır. “Mənim xoşuma gəlmədi, ətrafımdakılar bəyəndilər, mən imkan vermədim yayılmağa”.

Onu da deyim ki, roman çıxanda Heydər Əliyev “politbüro”nun üzvü idi, əlində imkanlar çox idi, amma mənə heç nə etmədi. Düşünürdü ki, arxamda kimsə dayanıb. Bunu da mənə onun yaxın adamlarından biri deyib. Mənə onun haqqında elə maraqlı sujetlər danışmışdılar ki, bilirdilər ki, yazıçıyam, nə vaxtsa əsərlərimdə lazım olar mənə. Mənə deyirdilər ki, “Ailə gizlinləri”ndən sonra o, həmişə mənim arxamda kim dayandığını düşünürdü.

- Bəs o vaxt sizin arxanızda duran yox idi?

- Qətiyyən. Kim idi mənim arxamda duran? Mən özüm öz arxamda durmuşdum.

- Siz bir dəfə söhbətimiz zamanı demişdiniz ki, AYB-də istedadlı adamlar çoxdur, Anar da istedadlı adamdır. Sizcə, istedad mütləq cəsarətə söykənməlidirmi?

- Bəli, Anar istedadlı adamdır, amma istedad cəsarətə bağlı deyil, istedad şəxsiyyətə, şəxsiyyətin xarakterinə bağlıdır. Əminəm ki, onun indiki hərəkətləri istedadsızlıqdan deyil, məmurluqdan doğur. O istəsə indi ayağa durub, həqiqi sözü deyə bilər, kim ona neynəyəcək axı?

Bəlkə Əkrəmdəki kimi, dövlət nişanlarını, titullarını əlindən alarlar, amma adı təmiz qalar. Mənə elə gəlir cəsarətli adam başqa cür hərəkət edərdi. Onun cəsarəti çatmır, amma özünü inandırır ki, cəsarətlə dövlət quruluşunu, başda olanları müdafiə edir, onların tərəfindədir, bunu özünə cəsarət bilir.

- Azərbaycanın indiki vəziyyəti sizə necə görünür, hüquq müdafiəçilərinin dediyinə görə, ölkədə 100-ə yaxın siyasi məhbus var, mətbuat qismən susdurulub, mədəni mühitdə bədbinlik hökm sürür. Sizcə, onların dediyi bu hal davamlı olacaqmı?

- Bu yaxınlarda Leyla Yunusun müdafiə komitəsinə qoşuldum. Düşünürəm ki, həbs olunan adamla həbsxanada o cür rəftar qəti pislənməlidir.

Sovet dövrünün ömrü üç nəsillik oldu. İndi biz Azərbaycanda ikinci nəslin hakimiyyətini görürük. Əgər dünyada gözlənilməz hadisələr baş verməsə, daha 10-15 il bu halın davam edəcəyini gözləyirəm. Axı üçüncü varis də yetişir. İndi Putini çar elan etməklə bağlı söhbətlər gəzir. Əgər Putini çar elan etsələr, o günün səhəri, Azərbaycanda sülalə hakimiyyəti başlaya bilər.

- Bəs indiki vəziyyətdə ədəbiyyatın üzərinə hansı vəzifələr düşür?

- Ancaq bir şey, həqiqəti yazmaq. Kiçik həqiqətləri deyil, böyük həqiqəti yazmaq. Cəmiyyətə, quruluşa, hətta millətə də müxalif olmaq. Azərbaycanlılar ayrı-ayrılıqda çox yaxşı, mehribandırlar, amma çoxaldıqca millətə xas müsbət cəhətlər də azalır. Eynilə rus millətindəki kimi.

XS
SM
MD
LG