Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:53

Mübahisəli məsələ...


Diffamasiyaya dair dəyirmi masa, Bakı, 10 oktyabr 2006
Diffamasiyaya dair dəyirmi masa, Bakı, 10 oktyabr 2006
Hökumətin diffamasiya, yəni şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı qanun layihəsi haqda nə qərar verəcəyini demək çətindir. Bu layihə əsasən adı çəkilən əməllərə görə, cəza nəzərdə tutan maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını nəzərdə tutur. İndiyə qədər belə təsəvvür vardı ki, hökumət bu layihəni qəbul etməyə hazırdır. Amma oktyabrın 10-da diffamasiya ilə bağlı ATƏT-lə «Yeni Nəsil» Jurnalistlər Birliyinin keçirdiyi dəyirmi masada Prezident Aparatında (PA) şöbə müdiri Əli Həsənovun çıxışı həmin təsəvvürü bir qədər dəyişdi. Cənab Həsənov bildirdi ki, ölkə keçid dövrünü yaşadığından və müharibəyə cəlb olunduğundan, üstəlik cəmiyyət və xüsusən də mövcud mətbuat buna hazırlıqlı olmadığından belə qanunun qəbulu qeyri-məqbuldur.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti isə bir gün əvvəl prezidentlə bu məsələni müzakirə etdiyini və ümidlə ayrıldığını deyirdi.


«Məhkəmə olduğu halda, belə jurnalisti döyür, cəzalandırırlar. Həmin maddə qanundan çıxarılsa, hər kəs jurnalistlə öz bildiyi kimi haqq-hesab çəkməyə başlayacaq. Buna görə də qanunun qəbulunu məqbul saymıram»
Hərçənd cənab Haraşti Əli Həsənovun çıxışından sonra hökumətin də fikrini tez-tez dəyişə biləcəyini istisna etmədi. Və Əli Həsənovdan xəbər aldı: «Sizin çıxışınız Prezident Aparatının rəsmi mövqeyi kimi qəbul edilməlidir?» PA rəsmisi isə bildirdi ki, dediklərində subyektivlik olsa belə, hökumətin mövqeyi də var. Əli Həsənova görə, bütün Avropa ölkələri həmin cəzanı qanundan çıxarandan sonra Azərbaycan da bu sənədi qəbul edə bilər. Şöbə müdiri Azərbaycanın indiki məqamda bu sahədə öncül ola biləcəyini düşünmür. Onun qənaətincə, belə bir qanun o zaman qəbul oluna bilər ki, jurnalistlər nəinki məsuliyyətlərini dərk etsinlər, hətta bunu cəmiyyətin digər zümrələrinə də ictimai davranış kimi təlqin etsinlər: «Jurnalistlərin Əxlaq Kodeksi var. Onu heç kim pozmamalıdır. Pozarkən o, bilir ki, gölün başında «razborka» və ya məhkəmə yox, ictimai qınaq gözləyir. Belə ölkələrdə bu qanunu gözübağlı qəbul etmək olar».

Cənab Həsənovun başqa arqumenti isə avropalılarla azərbaycanlıların mentalitet fərqliliyi ilə bağlıdır. O, deyir ki, bu gün adamlar şərəf və ləyaqətlərini məhkəmədə qorumaq hüquqları olduğunu bilsələr də, jurnalisti «razborka»ya çəkməkdən, ona zor tətbiq etməkdən çəkinmirlər: «Azərbaycanda təhqirə görə, ailələr dağılır, insanlar öldürülür, tayfalar düşmənə çevrilir. Məhkəmə olduğu halda, belə jurnalisti döyür, cəzalandırırlar. Həmin maddə qanundan çıxarılsa, hər kəs jurnalistlə öz bildiyi kimi haqq-hesab çəkməyə başlayacaq. Buna görə də qanunun qəbulunu məqbul saymıram».


Bu çıxışdan sonra Miklos Haraşti ilə Əli Həsənov arasında mübahisə yarandı. Cənab Haraşti öz arqumentlərini sadalamağa başladı. O, «ölkənin səviyyəsi» adlı anlayış olmadığını, sadəcə, ATƏT, Avropa Şurası üzvü olan, üzərinə beynəlxalq öhdəliklər götürən və onlara əməl etməli olan dövlətlərin olduğunu söylədi. Cənab Haraştiyə görə, diffamasiya haqda qanunun qəbulu qanun pozuntularına göz yummaq və ya vətəndaşları yalançı, qeyri-dəqiq və zərərli jurnalistikanın qarşısında müdafiəsiz buraxmaq demək deyil. Müasir demokratiya vətəndaşın şərəf və ləyaqətinin müdafiəsini zəruri etdiyi kimi, fikir azadlığını, mübahisə və müzakirə azadlığını da müdafiə edir.



«Cənab Həsənov Avropa Şurasına aid ölkələrdən danışır. Bu gün Avropa İnsan Haqları Məhkəməsi şərəf və ləyaqətin təhqiri ilə bağlı işlərə baxmır. Həmin məhkəmə kiminsə şərəf və ləyaqətinin sözlə təhqir olunmasını cinayət əməli saymır»
Tədbirə qatılan Avropa Şurasının, «19-cu Maddə» Beynəlxalq Jurnalist Təşkilatının nümayəndələri və yerli ekspertlər çıxışlarında dönə-dönə vurğulayırdılar ki, azad sözə görə jurnalistin cinayətkar kimi həbsxanada saxlanması düzgün deyil, çünki cəzalandırma sistemi pis tərbiyə vasitəsidir. Miklos Haraşti isə diffamasiyanın söz azadlığını əzdiyini düşünür: «Cənab Həsənov Avropa Şurasına aid ölkələrdən danışır. Bu gün Avropa İnsan Haqları Məhkəməsi şərəf və ləyaqətin təhqiri ilə bağlı işlərə baxmır. Həmin məhkəmə kiminsə şərəf və ləyaqətinin sözlə təhqir olunmasını cinayət əməli saymır. Avropa İnsan Haqları Məhkəməsi bu şikayətlərə görə ölkələrə qarşı qətnamə qəbul edə bilər. Avropa Məhkəməsinin mühakimə hüququnu qəbul etmək lazımdır. Avropa Şurasının baş katibi Terri Devis də bu quruma üzv ölkələri şərəf və ləyaqətin təhqirinə görə cəzaları qanundan çıxarmağa çağırıb. Ümid edirəm ki, bu məsələ Azərbaycanda da müsbət həll olunacaq».

Diffamasiya haqda qanun layihəsinin müəlliflərindən biri, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevin də fikrincə, Azərbaycanda ölüm hökmü ləğv olunanda da bu cür narahatlıq yaşanırdı. Belə fikir vardı ki, bundan sonra cinayətkarlıq daha da artacaq. Cənab Əliyev ona da diqqət çəkir ki, jurnalistlərin azadlıqdan məhrum olunmaması özbaşınalığa və ya təhqirlərə yol açmayacaq. Qanunda bunu tənzimləyən imkanlar var. Qəzetlər təkzib verə, cərimələnə, yeri gəlsə, təzminat ödəyə bilərlər.


Politoloq və eyni zamanda, mətbuatda vaxtaşırı məqalələri çap olunan Zərdüşt Əlizadə özünün bu qanunun qurbanı olduğunu, «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun həbsi ilə bağlı dediyi fikirlərə görə Daxili İşlər Nazirliyinin yüksəkçinli məmurunun istəyilə məhkəmə tərəfindən cərimələndiyini deyir: «Məhkəmədə dedim ki, o, mənim verdiyim vergi ilə maaş alır. Mənim onun işi ilə bağlı firkimi nəzərə almalıdır. O, mənə qulaq asmaq əvəzinə, ağzımı bağlamaq istəyir».


Bir neçə il əvvəl hazırda qüvvədə olan «İnformasiya əldə etmək haqqında» qanuna münasibət də oxşar idi. Amma iki illik mübarizədən sonra qanun qəbul olundu. Odur ki, diffamasiya haqda qanun layihəsinin müəllifləri də işlərini davam etdirmək niyyətindədirlər. Layihə ilə bağlı təklfiləri ATƏT-in ekspertləri üçüncü dəfə nəzərdən keçirdikdən sonra sənəd parlamentə təqdim olunacaq.


XS
SM
MD
LG