Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:24

Rasim Musabəyov: «Ticarətdə bir qayda var: düşəndə al, qalxanda sat»


Rasim Musabəyov
Rasim Musabəyov

-

Prezident İlham Əliyev “Rossiya 24" telekanalına müsahibəsində deyib ki, Rusiya investisiya qoymaq baxımdan perspektivli ölkədir.

Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdiyi və rublun düşdüyü bir vaxtda Azərbaycan prezidentinin belə bir açıqlama verməsi diqqət çəkib.

AzadlıqRadiosu siyasətçilərdən, iqtisadçılardan bu məsələyə rəyini öyrənib.

Millət vəkili Rasim Musabəyov deyir ki, rubl düşsə də, qalxsa da, Rusiyaya sanksiya tətbiq edilə də bilər:

“Ancaq coğrafi fakt var, bu da ondan ibarətdir ki, Rusiya Azərbaycanla həmsərhəd ölkədir. Bundan başqa Rusiya yeganə ölkədir ki, nüvə silahı da var, iqtisadi gücü də, BMT-nin Təhlükəsizlik Şurasında üzvlüyü də, dünya siyasətində rolu da. Bizim Rusiya ilə sıx iqtisadi, mədəni əlaqələrimiz var. Biz hansısa konyuktur hadisələrlə öz siyasətimizi ölçməməlliyik”.

Deputatın sözlərinə görə, Rusiya ilə Ukrayna indiki vəziyyətdə belə müəyyən münasibətlərini saxlayıblar:

“İki ölkə arasında diplomatik əlaqələr də qalır, ticarət əlaqələri var. Onda bizə nə olub?

O ki qaldı iqtisadi tərəfinə, mən iqtisadçı deyiləm, amma bilirəm ki, ticarətdə belə bir qayda var: düşəndə al, qalxanda sat. Rubl düşür və Azərbaycan öz valyuta ehtiyatları ilə Rusiya ərazisində əlverişli qiymətə bir sıra iqtisadi obyektlər ala və layihələr reallaşdıra bilər”.

“RUSİYA İŞ ADAMLARI ÖZLƏRİ ÖLKƏDƏN QAÇIRLAR”

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan Rusiyaya indiyədək böyük investisiyalar qoymayıb.

“Hətta nə yaxşı ki qoymayıb”, -deyən iqtisadçının sözlərinə görə, Rusiyada iqtisadi vəziyyətin getdikcə pisləşməsi, rublun dəyərdən düşməsi ciddi tendensiyaya çevrilib:

“Xarici sərmayədarlar, hətta Rusiyanın öz iş adamları belə ölkədən investisiyalarını çıxarmağa başlayıblar. Çünki Rusiyada qeyri-stabil iqtisadi durum yaranıb. Bu ilin əvvəlinə 120 milyard dollara yaxın investisiya çıxarılıb. Belə bir şəraitdə Azərbaycanın Rusiya bazarında investisiyaların artırması riskli bir addımdır və gələcəkdə bu sərmayənin gələcəyi şübhə altına düşə bilər. Çünki Qərblə bağlı problemlər qalır, rublun dəyəri gündən-günə düşür. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının sadələşdirilməsi, asanlaşdırılması yolunu tutsaydı, bu, daha effektli olardı, həm də azərbaycanlı fermerlə ciddi dəstək olardı”.

“RUSİYADA İSTƏNİLƏN ŞİRKƏTİN QƏRBİN SANKSİYASI İLƏ ÜZLƏŞMƏYƏCƏYİNƏ ZƏMANƏT YOXDUR”

Natiq Cəfərli hesab edir ki, hazırda Rusiyada əmlak almaq və ya layihələr həyata keçirilmək rentabelli olmayacaq:

“Əslində Rusiyanın iqtisadi bazarında qiymətlər çox şişib. Rusiyanın iri şəhərlərdə iqtisadi vəziyyətin pisləşməsinə baxmayaraq, əmlakın, investisiyaların dəyəri həddindən artıq bahadır. Azərbaycan Rusiyanın qiymətli kağızlar bazarını nəzərdən keçirə bilər. Müəyyən şirkətlərin səhmlərini ala bilər, amma bu da risklidir. Çünki bir çox şirkət Qərbin sanksiyası ilə üzləşib və siyahının genişlənəcəyi gözlənir. Bu o deməkdir ki, səhmi alınan şirkətin sanksiyaya məruz qalıb-qalmayacağına zəmanət yoxdur”.

“AZƏRBAYCAN EHTİYATLARI BÜDCƏNİ QORUYACAQ, AMMA BİR MÜDDƏT...”

Azərbaycan nefti
Azərbaycan nefti

İlham Əliyev müsahibəsində onu da deyib ki, neftin qiyməti 60 dollara qədər düşsə belə, Azərbaycan iqtisadiyyatı zərər çəkməyəcək. Natiq Cəfərli də deyir ki, neftin qiymətində ucuzlaşma fonunda gələn ilin büdcəsini yerinə yetirmək çətin olmayacaq:

“Azərbaycanın valyuta ehtiyatları var, Neft Fondundan transfer artacaq. Amma əgər neftin qiyməti bu templə düşməkdə davam eləsə, onda Azərbaycanın da ehtiyatları tükənəcək. 2015-c il üçün təhlükəsiz yastığı var, amma neftin qiymətində düşmə davamlı gedərsə, ya elə 60 dollar qalarsa, optimist proqnozlar vermək mümkün olmayacaq. Büdcə neftin bir bareli 90 dollardan götülürüb, amma 60 dollara satılırsa, bu, 30 dollar fərq deməkdir. Azərbaycan hər dollar düşdükcə, günə 600 min dollar itirir. 30 dollar fərqi isə günə 2 milyon dollar itki deməkdir. Demək, Neft Fondu böyük bir gəlirdən məhrum olacaq və 2016-2017-ci ildə Azərbaycanda “xroniki” problemləri üzə çıxacaq və ciddi islahatlar tələb olunacaq. Azərbaycan hökuməti bu islahatlara nə qədər tez başlasa, ölkə büdcəsini neft gəlirlərindən asılılığını azaltsa, bu mərhələni nisbətən ağrısız ötüşdürmək olacaq”.

XS
SM
MD
LG