Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:16

İmkan elə, apar uşağı bir İrana...


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

"Sonra ikinci adama yaxınlaşdı, avtobusdakı hər kəs ona diqqət kəsildi. Kimsə yerindən söz atdı:

- Get prezidentinə de!"

Hədiyyə Şəfaqət

ÜMID

(Hekayə)

Rayonda həkim qalmadı qəbulunda olmasınlar. Qonşu rayonlarda da. Sonuncu xəstəxanada aparatda işləyən cavan oğlan nəticələrə baxa-baxa başını buladı:

-Bakıya aparın..

Gənc atanın içindən nəsə bir şey keçdi:

-Dərdi nədir, həkim?

Həkim göndəriş yazmağa başladı:

-Orda deyəcəklər... Cavabları gətirərsiniz, müalicəyə başlayarıq...

2

Geri qayıtmadılar...Necə qayıdaydılar? Məlum oldu ki, iki ildi müxtəlif diaqnozlarla aparılan müalicə heç nəymiş... Xəstəlik cücərib, kök salıb, yer edibmiş bu müddətdə... Uşaqla bir böyüyübmüş, hətta elə ondan da çox böyüyübmüş, onun payını da elə basıb yeyirmiş ki, elənən onca dava-dərmanı da həzm-rabedən keçirib uşaqdan çox qüvvətlənirmiş...

3

...Əvvəlcə anasının qır-qızılını satdılar. Satınca dükan-dükan gəzdilər, aldıqları qiymət cəhənnəm, indi zərgərlərin özlərinin satdıqları qiymətin heç yarısını verən yoxdu... Tanış zərgər əlini atıb gürişıqlandırılmış vitrində par-par işıq saçan üzükləri, sırğaları, boyunbağıları nizamlaya-nizamlaya mızıldanırdı:

-İndi təmiz qızıl nə gəzir, yoxlayırsan, yarısı zir-zibildi... Əridirsən, heç nə qalmır. Biz qızıla pul veririk,əlavə qatqılara yox...

Satılacaq qızılların çoxunu elə bu dükandan, elə bu adamdan almışdılar...Nə deyəcəkdilər ki?...

Sonra ata maşınını satdı, bu dəfə bazarlığa vaxt yoxuydu, elə rast gələn, ilk pul təklif edən fürsətcil qonşularıydı, dəyər-dəyməzinə verdi...

...Sonra kənddəki babalardan biri tövləsini dolduran mal-qaranı bir-bir heyvan bazarına çəkdi... Sonra o biri elə nəvəsi üçün alıb qoyduğu torpağı maklerə yazdırdı... Nənələrin sandığı, boxçası açıldı... Xəbər yayıldıqca qohum-qonşu “sabah bir şey olanda üzünə baxammayacam”- deyib əl uzatmağa başladı...

Sonra... hər şey satılıb qurtardı...

Qır-qızıl, maşın, tövlə dolusu mal-qara, torpaq, nənələrin ehtiyatı, qohumların səxavəti damcı-damcı uşağın başı üstündə asılı duran sistem aparatındakı şüşəyə, oradan da uşağın damarlarına qarışıb əridi...

Ana rəngi gedib ipliyi qılçıq kimi batan paltarını əynindən çıxarmırdı... Ata cırıq ayaqqabılarını artıq heç kimdən gizlətmirdi. Baba nəvəsinin yanına gələndə yolüstü ağartı bazarında ləngiyir, süd-qatıq alıb gətirirdi...Dünyada yeməyə ağartıdan ucuz heç nə qalmamışdı...

4

Avtobusda sıxlıqdı. Yeganə iyirmi qəpikliyini cibindən çıxarıb ovcunda sıxdı. Cibinə etibar eləmirdi. Neçə gündü işsizdi, az qala acdı, üstəlik bu axşam həkimə nə cavab verəcəyini, oğlunun, arvadının üzünə necə baxacağını bilmirdi. Kimdən borc istəmişdisə, olmamışdı. Bəziləri artıq neçə dəfə vermişdilər, bilirdilər geri qayıdan deyil, halından xəbərdardılar. Bəziləri isə elə özü gündəydilər, gündəlik çörək puluna nökərçilik edirdilər...

“Bəs necə edəcəm, necə edəcəm, necə edəcəm?”... Belə hallarda adam ölmək istəyirmiş... Amma onun ölümü nəyə yarayacaqdı ki? Bu vəziyyətində qohum-qardaşa bir yük də özü olacaqdı, ya da eləcə ortada qalacaqdı... Bəlkə də dənizə atılmaq olar, meyiti itib gedər...

Son zamanlarda ora-bura, rayonlarının icra başçısına, deputatına, bələdiyyəsinə, sahibkarına, ora, bura o qədər məktub yazmışdılar... Bir məktub da indi yazar... Yazar ki, oğluna kömək eləsinlər... Kim olacaqdı onu axtaran, nə biləcəklər necə ölüb?...

Adamlar bir-birinə fikir vermədən minir, düşür, avtobus get-gedə boşalırdı.. Xəstəxanaya çatmağına az qalırdı..Aylardı orda da qalırdılar. Arvadı oğlunun yanında, kiçik bir stulda qıvrılıb yatırdı, özüsə dəhlizdə, oturduğu yerdə...

Qorxu canını çulğadı... Hələ o məktub yazana, hələ o ölənə, hələ kimsə onlara əl tutana... İynə-dərman gözləmir, xəstəxanadan verilənlər həkimlərin dediyinə görə bir işə yaramır... Əllərinə ünvan verirlər, ”get bu aptekdən al ancaq, xeyri dəysin”- deyirlər...

...Bilmədi necə oldu, bir anda sərnişinlərdən birinə yaxınlaşdı:

-Allah xətrinə kömək edin, uşağım bir ildi burda xəstəxanadadır, hər şeyimizi satıb bitirmişik, bu axşamkı dərmanlarını alammamışam, mənə bir az borc verin...

Sərnişin ona baxıb əliylə özündən kənarlaşdırdı... Gündə min adam belə edir...

Dala çəkilmədi, ciblərini eşələməyə başladı, bir dəstə təzə-köhnə resept, sənədlərini çıxardı:

-Baxın şəklimə, bu mənəm, istəyirsiniz sizdə qalsın, pulunuzu qaytaranda verərsiniz... Mən dilənçi deyiləm, dərman almalıyam...

Sonra ikinci adama yaxınlaşdı, avtobusdakı hər kəs ona diqqət kəsildi. Kimsə yerindən söz atdı:

-Get prezidentinə de!

Başqa biri onun səsinə səsverdi:

-Bəs deyirlər xəstəxanalar pulsuzdur?..

Gənc qız içini çəkdi:

-Yazıq, gör nə günə qalıb?

Geyim- keçimindən müasirlik yağan bir oğlan əlini uzadıb ressepti aldı, sənədlərinə baxdı, dərhal da geri qaytarıb pul qabını çıxardı, əlindəki onluğu ona uzatdı. Oğlanın hərəkəti avtobusdakıları hərəkətə gətirdi... Göz yaşları arasında görə bilmədiyi adamların əli ona uzanmağa, pul verməyə başladı... Uzadılan qəpikləri, manatlıqları əlinə toparlayır, kimsənin üzünə baxmadan pıçıldayırdı:

-Sağ olun, sağ olun, Allah sizə dayaq dursun...

Dayanacaqda saxladıb düşdü. Sürücüuzatdığı iyirmi qəpikliyi geri itələyibonabir beşlik uzatdı...

Əlində bir xışma pul vardı.Xəstəxananın qapısına çatıncayadək onları dəstələyib səliqəylə qatladı, qəpikləri bir, kağız pulları digər cibinə qoydu. Ürəyi yerinə gəlmişdi...

5

Xəstəxananın həyətində dolu skamyalardan birində yer tapıb oturdu. Buna öturmaq deyilməzdi... Çökdü...Yanında əyləşən adam əlindəki su şüşəsini ona üzatdı:

-Nəyindir?

Çevrilib kölgəsinin ağırlığı altında əzildiyi binayasarı boylandı, köks ötürdü:

- Oğlum...

-Mənim qızım idi...

Ürəyi sıxıldı... “İdi”- kəlməsi ilan olub boynuna dolandı, boğulmağa başladı...

Adam xəstəxananın həyətində kukla kimi düzülüb gözəllikləriylə yarışa çıxan bahalı maşınlara işarə ilə:

-Mən də bunlara az yedirmədim- dedi....

Səsi elə zəif, elə gücsüz, elə aciz çıxdı ki:

-Nə zaman çıxdı qızın?

Adam siqaret çıxardı, əvvəl ona uzatdı, sonra birini özü alışdırdı:

-Mən bir ara İrana apardım... Dedim görək onlar nə deyəcəklər?

-Hə, mənə də tanış-biliş çox deyir - adamın sözünü kəsdi- Nə dedilər?

Adam siqaretdən dərin bir qullab alıb gözünə zilləndi:

-Rayonda bir mağazam vardı, satdım, maşınım vardı, satdım, evdə pula gələn nə vardı, dəyər-dəyməzinə satdım... Verdim bunlara - başıyla binaya işarə elədi - Sonra apardım İrana. İranda həkim yoxladı...

Araya sükut çökdü... Adam yarımçıq siqaretiayağının altına salıb tapdaladı, hətta o qədər tapdaladı ki, yarımçıq siqaret xırdalanıb, zərrələnib itdi, asfaltın üstündə izi görünməz oldu..

-Dedi ki, uşağınızı da aparın gedin, hələ bundan qurtaran olmayıb.. Hər şeyinizi sümürəcək bu xəstəlik, bizimkilər demiş, “quru yurdda qalacaqsınız”, nə uşağa əziyyət verin, nə özünüzə zülm edin...

Araya dərin sükut çökdü... Ürəyində adama qəzəbləndi..

-Sonra qaytarıb gətirdik buraya... Burdakı həkimlər “sağala da bilər” deyib ümid verirdilər... Ən azından...

Ümidi yerinə qayıtdı.. Gedənlərdən təkcə ümid qayıdır...!

Adam əlindəki kağız-kuğuzları təkrar dəstələdi:

-Gəlmişdim xəstəlik sənədlərini götürüm, dedilər baş həkim yoxdur hələ. Gedim mən, növbə də tutmaq lazımdır...

Adam qalxdı, əl atıb qolundan yapışdı:

-Bəs uşaq necə oldu?

Adam əlindəki kağızları bürmələdi... Susdu... Təkrar köks ötürdü, baxışları buralardan xeyli uzaqlara zilləndi:

-Uşaq.... On iki yaşındaydı... Çox dəcəl qızıydı... Təsəvvür edəmmirdim ki, günlərlə necə bir yerdə yatıb qala bilir...

Yenidən onun üzünə baxdı:

-Öldü...

Adam onun üzünə baxarkən içi qəribə oldu, qarşısındakı gözünə cin-şeytan kimi göründü, anladı ki, bu adam ona: “Sən də mənim tayımsan, səninki də öləcək, sən də oğlunu itirəcəksən” deyirmişcəsinə baxır...

Bəlkə də elə deyildi... Bəlkə də...

Adam əlini ona uzatdı, adamın gözlərinə baxdı və gördü ki, bəbəkləri yaş içində batıb, əlini sıxdı:

-Allah rəhmət eləsin...

Kişi gülümsədi, hətta bu halında gülümsəyə bilən adamlar da varmış!

-Sağ ol, ölənlərinə rəhmət-susdu, sonra günhkarcasını baxdı ona - Amma sən də imkan elə, apar uşağı bir İrana...

XS
SM
MD
LG