Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:43

UEFA Krım klublarına Rusiyada oynamağı qadağan etdi


Futbol oyunu
Futbol oyunu

Bu barədə UEFA-nın baş katibi Gianni Infantino İsveçrənin Nyon şəhərində təşkilatın icraiyyə komitəsinin iclasından sonra bəyanat verib.

Avropa futboluna rəhbərlik edən UEFA Rusiya tərəfindən ilhaq edilmiş Krımın TSK, SK, ÇF və “Jemçujina” futbol klublarına 2015-ci il yanvarın 1-dən Rusiya çempionatında iştirak etməyi qadağan edib.

Bu barədə UEFA-nın baş katibi Gianni Infantino İsveçrənin Nyon şəhərində təşkilatın icraiyyə komitəsinin iclasından sonra bəyanat verib.

“Xüsusi futbol zonası”

Baş katibin sözlərinə görə, Krımda yaradılacaq “xüsusi zonada” futbol yalnız UEFA-nın himayəsi altında inkişaf etdiriləcək.

Təşkilat həmçinin bildirib ki, Krımda futbolun, xüsusilə də gənclər arasında inkişaf etdirilməsi üçün vəsait ayıracaq. UEFA habelə yarımadada futbol infrastrukturu tikintilərinə də vəsait buraxılacağını vəd edib.

UEFA eyni zamanda Rusiya Futbol İttifaqına (RFİ) Krımda Ukrayna Futbol Federasiyasının (UFF) icazəsi olmadan hər hansı futbol turnirlərinin keçirilməsini yasaqlayıb.

Bir səhvdir ediblər

Rusiyanın rəsmi TASS agentliyi xəbər verir ki, bununla yanaşı, UEFA Krım klublarının 2014-2015-ci il mövsümündə Rusiya çempionatının ikinci liqasında oynadıqlarına görə Rusiya Futbol İttifaqını cəzalandırmamağı qərara alıb.

Ötən avqust ayında UFF FİFA və UEFA-ya şikayət edərək Krım komandalarını daxili çempionatlarına buraxdığına görə RFİ-yə qarşı sanksiyaların tətbiqinə çağırmışdı.

Krımın anneksiyası beynəlxalq birlik tərəfindən tanınmayıb və Ukrayna Krımı özünün işğal olunmuş ərazisi hesab edir.

Rusiya naziri: Birdən Krım yığma yaratsa?

UEFA-nın qərarını şərh edərkən Rusiyanın idman naziri Vitali Mutko deyib ki, Rusiya Futbol İttifaqı bundan sonra necə hərəkət ediləcəyi barədə UEFA-dan izahat istəməlidir.

“Onlar hesab edirlər ki, Krım özünün müstəqil futboluna malik olanadək müəyyən vaxt keçməlidir, - deyib Mutko, - Bəs sonra nə olsun? Peşəkar klublar və futbolçular nə etsinlər? Nədir, orda gərək Krım yığması yaradılsın? Birdən bu yığma harada isə oynamaq istədi? Yəni burada cavabdan çox suallar var. RFİ UEFA ilə birgə işləyib bundansonra nə olacağı barədə izahat istəməlidir”.

RFİ-nin prezidenti Nikolay Tolstıx öz növbəsində deyib ki, təşkilat UEFA ilə lazımi məsləhətləşmələri aparacaq, lakin əvvəlcə UEFA İK-in rəsmi qərarını alması lazımdır.

İdmanla siyasətin ayrı olduğu vaxtlar keçdi...

Bundan bir qədər əvvəl RFİ-nın vise-prezidenti Nikita Simonyan bəyan etmişdi ki, Rusiya tərəfi UEFA-nın tələbinə tabe olacaq.

Cənab Simonyan Rusiyanın R-Sport saytına müsahibəsində deyib ki, UEFA Avropa futbolunun rəhbər orqanı olduğuna görə onun qərarlarına tabe olmaq lazımdır.

Vise-prezident həmçinin əlavə edib ki, UFF-nın keçmiş prezidenti hazırda UEFA-da vise-prezidentdir və belə bir qərarın çıxarılması Ukrayna tərəfinin siyasi təzyiqi altında baş verib.

“Futbol və idmanın siyasətdən ayrı olduğu vaxtlar çoxdan keçib” – deyib Simonyan.

Lakin UEFA-nın bu qərarı təşkilatın hələ avqust ayında verilmiş başqa bir qərarına söykənir.

Həmin qərarda deyilirdi ki, yarımada ətrafında davam edən siyasi böhranla bağlı Krım klublarının Rusiya çempionatlarındakı oyunları tanınmayacaq.

Siyasi qərarı Moskva qəbul edib

Moskva həmin vaxt “siyasi qərar” qəbul edərək, UEFA-nın qərarına rəğmən Krım klublarını Rusiya çempionatına daxil etmişdi.

İdman naziri Mutko o zaman RİA-Novosti agentliyinə demişdi ki, “RFİ yeganə düzgün addımı atıb, çünki bizim qanunlarımıza görə Krım Rusiya ərazisidir”.

RFİ icraiyyə bürosunun qərarı ilə Krım klubları Rusiya futbol çempionatının ikinci liqasına daxil edilmişdilər.

Simferopol, Sevastopol və Yalta şəhərlərinin TSK, SK, ÇF və “Jemçujina” klubları Rusiya təsisçilərinin adları ilə qeydiyyatdan keçirilmişdilər.

Ötən iyun ayında FİFA-nın San-Paoloda keçirilən konqresində təşkilatın rəhbəri Sepp Blatter bəyan etmişdi ki, Krım klubları Ukrayna futbolunun tərkib hissəsi olaraq qalır və Ukrayna çempionatlarında çıxış etməlidirlər.

XS
SM
MD
LG