Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:57

Media orqanı ildə iki dəfə məsuliyyətə cəlb edilərsə....


Arxiv foto
Arxiv foto

-

«Tam əsasla deyə bilərəm ki, bu, daha çox «Azadlıq» qəzetinə qarşı yönəlmiş bir məsələdir. Tutalım, gələn il «Azadlıq» qəzeti iki dəfə məhkəməyə verilsə və bu zaman məhkəmələrin müstəqil olmadığı da nəzərə alınsa, bizim orda heç bir arqumentimiz qəbul olunmaz. Beləcə, çox rahatlıqla qəzet qapadıla bilər. Sonra da bunu elə təqdim edəcəklər ki, qanunun aliliyi təmin olunur. Sanki qanunlar da göydən düşüb».

Söhbət «Kütləvi İnformasiya Vasitələri Haqqında» Qanundan gedir. Bu qanuna gözlənilən dəyişikliklər «Azadlıq» qəzetinin baş redaktoru Rahim Hacıyevi narahat edir.

Milli Məclisə belə bir təklif daxil olub ki, hər hansı media qurumu ilboyu məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edilsə, onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılsın. Qüvvədə olan qanunda da belə bir müddəa var, amma iddianın qaldırılması üçün tələb olunan halların sayı 3-ə bərabərdir. İndi deputatlar bu sayı 2-ə endirmək istəyirlər.

Dəyişiklik barədə qanun layihəsini Milli Məclisə prezident təqdim edib. Layihə dekabrın 16-da parlamentin iclasında müzakirəyə çıxarılacaq.

«MƏTBUAT QƏRƏZLİ YAZILARA ALUDƏ OLMASIN DEYƏ»

Parlamentdə müzakirəsinə çıxarılacaq məsələ nə cəmiyyətdə, nə də mətbuatda dartışılmayıb. Media ekspertləri belə bir halı təkcə beynəlxalq hüquqa deyil, elə ən başlıcası, ölkə konstitusiyasına zidd sayırlar.

Konstitusiyada, eləcə də Azərbaycan dövlətinin ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasında kütləvi informasiya azadlığını məhdudlaşdıran əsaslarda «bir ildə 2 dəfə cərimələnmək» şərti yoxdur.

Millət vəkili Fazil Mustafa bu addımı Azərbaycanda ifadə azadlığının həddindən artıq məhdudlaşdırılması kimi dəyərləndirən ekspertlərlə razılaşmır. Onun fikrincə, qanuna dəyişiklik medianın böhtan və qərəzli yazılara adludəliyini aradan qaldırmaq məqsədi güdür:

«Burda birbaşa sanksiya yoxdur, məhkəmə qarşısında iddiaqaldırma var və bu, məhkəmənin öhdəsinə buraxılır. Qanunda media orqanının birbaşa bağlanması olsaydı, bu, konstitusiyaya zidd olardı. Məhkəmə qarşısında istənilən məsələ barədə iddia qaldırmaq olar. Üstəlik, bu o demək deyil ki, məhkəmə istehsalçı və yayımçının əleyhinə qərar çıxaracaq. Ona görə də, bu dəyişiklikdə konstitusiyaya zidd olacaq bir məqam yoxdur».

«BU, HÜQUQ POZUNTUSUDUR»

«Tutalım Ədliyyə Nazirliyi 2 dəfə pozuntuya yol verdiyini əsas gətirərək hər hansı KİV-in qapadılması üçün məhkəməyə müraciət edir. Heç kim deyə bilməz ki, məhkəmə həmin iddianı rədd edəcək. Yəni bizim təcrübə baxımından bu, ağlabatan deyil».

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyev
Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyev

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyev belə deyir. Ekspert məsuliyyəti məhkəmənin üzərinə atmaqla istənilən qanunun qəbulunu normal hal saymır. Xalid Ağalıyevin fikrincə, qapadılma istənilən media orqanı üçün ən ağır sanksiya olduğundan, bu dəyişikliyin tətbiqi ifadə azadlığına zərbədir:

«Bu dəyişiklik qəbul edilərsə, – hətta edilməsə, indi qüvvədə olan qanunla belə – həmin müddəanın tətbiqi bütün hallarda həm konstitusiyanın, həm də Avropa Konvensiyasının 10-cu maddəsinin, yəni ifadə azadlığı hüququnun pozuntusu kimi tanınacaq. Belə işlərə ədalətli baxılarsa, yerli məhkəmələr bunu hüquq pozuntusu saymalıdır. Avropa Məhkəməsinə göndərilən uyğun şikayətlərdə də həmin hallar, heçsözsüz, ifadə azadlığının pozulması kimi dəyərləndiriləcək».

Media eksperti düşünür ki, dəyişikliyin qəbulu ölkənin beynəlxalq imicinə də mənfi təsir göstərəcək.

XS
SM
MD
LG