Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:06

M.Ə.Rəsulzadənin Azərbaycan parlamentində fəaliyyəti (1918-1920-ci illər)


Azərbaycan Parlamentində MƏ.Rəsulzadənin çıxışı
Azərbaycan Parlamentində MƏ.Rəsulzadənin çıxışı

-

Nəsiman Yaqublu, Tarix üzrə elmlər doktoru

«Məhəmməd Əmin Rəsulzadə» Mərkəzinin sədri

Dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılması və fəaliyyətə başlaması günüdür. Azərbaycan Cümhuriyyətinin ən önəmli hadisəsi olan bu seçkili və qanunverici orqanın yaradılması ilə ölkədə demokratik idarəçiliyin əsası qoyuldu. Bu parlamentin aparıcı fraksiyasının lideri olan M.Ə.Rəsulzadənin çıxışları isə həmişə böyük maraq doğurub. Həmin çıxışlardan seçmələri oxucuların diqqətinə yetirirəm.

17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci ilin dekabrın 7-də, son iclas 1920-ci ilin aprelin 27-də olub. Yetərsay çatışmazlığından bu iclaslardan 15-i baş tutmayıb. Qalan 130 iclasdan iki tarixi toplantı – 28 May və 15 Sentyabr 1919-cu iclasları Azərbaycan İstiqlalının və Bakının azad edilməsinin birinci ildönümü münasibəti ilə keçirilib.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan 230-a qədəri təsdiqlənib. Burada 11 komissiya fəaliyyət göstərib.

Xaricə göndəriləcək 100 nəfər azərbaycanlı gəncin seçilməsi üçün parlament üzvlərindən – Məhəmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla Əfəndiyevdən ibarət xüsusi komissiya yaradılıb.

Parlamentin fəaliyyəti dövründə M.Ə.Rəsulzadənin başçılıq etdiyi «Müsavat» Partiyasının təşəbbüsüylə (partiyasızlar fraksiyası ilə birgə) torpaq islahatı haqqında qanun layihəsi hazırlanıb. 29 maddədən ibarət bu layihə ümumxalq müzakirəsi üçün 1920-ci il fevralın 21-də «Azərbaycan» qəzetində dərc edilib.

M.Ə.Rəsulzadə Parlamentdə 2 komissiyada təmsil edilirdi: 1) Müəssislər (Qurucular –red.) Məclisini Çağırmaq Komissiyası; 2) Maliyyə-Büdcə Komissiyası.

Parlamentdə «Müsavat» və bitərəflər fraksiyası çoxluq təşkil edirdi. Onların ümumi sayı 39 nəfər idi. Bu fraksiyaya M.Ə.Rəsulzadə başçılıq edirdi. M.Ə.Rəsulzadə 130 iclası keçirilən Parlamentin 80-ə qədərində çıxış edib. Söhbət aşağıdakı iclaslardan gedir: N1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 20, 24, 25, 26, 29, 33, 34, 41, 42, 43, 45, 48, 49, 51, 56, 57, 59, 60, 61, 63, 65, 67, 68, 70, 74, 76, 80, 81, 87, 88, 89, 90, 91,
96, 98, 99, 100, 101, 102, 103, 107, 109, 111, 114, 120, 126, 127, 129, 130, 131, 132, 133, 134, 135, 137, 141, 142, 145.

Bu iclaslarda isə o, dəyərli təkliflər səsləndirib: 22, 32, 35, 49, 57, 75, 86, 93, 110.

Birinci iclas

Azərbaycan Parlamentinin açılışı

7 dekabr 1918-ci il

«İclas günorta saat 13:25 dəqiqədə Şurayi-Milli rəisi Məhəmməd Əmin Rəsulzadə əfəndinin nitq iftitahilə açılır. Məhəmməd Əmin Rəsulzadə - Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxirəm! (Alqışlar)».

M.Ə.Rəsulzadənin parlaq çıxışı millət vəkilləri tərəfindən sürəkli və davamlı alqışlarla qarşılanır.

İkinci iclas

10 dekabr 1918-ci il

«Məhəmməd Əmin – Bəyannaməmizi elan etmədən əvvəl müqəddimə olaraq bəyan etmək istəyirəm ki, keçmiş höku­mətin fəaliyyəti haqqında vaxt mü­şaidə etmədiyindən firqəmiz ayrı bir zaman bəyanatda bulunacaqdır. Şimdi, Türk Ədəmi-Mərkəziyyət «Müsavat» firqəsi tərəfindən tərtib verilmiş, deklorasiyaya keçəlim (oxuyur).

M.Ə.Rəsulzadə Azərbaycan istiq­lalı, Azərbaycan məfkurəsi, Azərbaycan fikri ilə bağlı maraqlı çıxış edir və bu sözləri söyləyir: «...Çünki üç rəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir (alqışlar)».

Üçüncü iclas

15 dekabr 1918-ci il

«Rəsulzadə - Məsələ, bizim Məclisi-məbusanın nə şəkildə təşkil olunmasıdır. Məclisi-məbusanımızın seçkilərinin qanun üzrə olmadığını söylədilər. Ümum əsas üzrə seçilmiş parlamentimiz yoxdur. Şimdi parlamenti də tənqid etməyə vaxt yoxdur. Şurayi-milli parlament təşkili üçün əsas qəbul etmişdir və bu da etibarlıdır. Hərgah bu inkar edilər isə Milli Şuranın nüfuzu itmiş olur. Qanuna müvafiq etimadları təsdiq etməli, şübhəlilərin icrasına baxmalı».

İclasda müxtəlif komissiyaların məruzələri dinlənilir vəmüzakirələrdə M.Ə.Rəsulzadə fəallıq göstərir, tez-tez təkliflər verir, müdaxilələr edir.

Dördüncü fövqəladə iclas

20 dekabr 1918-ci il

İclasda gürcü və ermənilər arasında rəsmi şəkildə elan edilməmiş müharibə və bölgədə vəziyyət müzakirə edilir. M. Ə. Rəsulzadə çıxışında bildirir: «Bunun üçün də biz bu millətlər arasında çıxan hadisələrə yabançı qala bilmərik. Biz qitə və həyati surətdə əlaqədəriz. Ona görə də səsimizi yüksəltməli, «aman, nə yapırsınız» deməliyik». (soldan, mərkəzdən alqış)

Beşinci iclas

26 dekabr 1918-ci il

İclasda komissiya seçkisi, Yeni hökumət təşkili və digər məsələlər müzakirə edilir. M.Ə.Rəsulzadə Məclisi-Müəssisan seçkiləri komissiyasına seçilir.

Altıncı iclas

30 dekabr 1918-ci il

İclasda Gürcüstan Parlamentinin təbriki, «Əhrar» fraksiyasının ərzi-halı, əfvi-ümumi layihəsi və başqa məsələlər müzakirə edilir.

M.Ə.Rəsulzadənin çıxışından: ««Möhtərəm Əhməd bəy həzrətləri tərəfindən şayani-qeyd görülən məsələlər həqiqətən calibi-diqqət və məclis tərəfindən qeyd olunacaq mühüm məsələdir. Daha ingilis və sair müttəfiqlər qoşunu paytaxtımıza daxil olan zaman Azərbaycan paytaxtında yaşayıb da «Azərbaycan» fikrinə müariz və qüvvəyə tabe olaraq məqami-təslimdə bulunanlardan kənardan başqa bir qüvvə gəlir ki, ruhlanıb tərizə başladılar. Bir çox ünsürlər və onların gəlməsindən bir ruh olaraq Azərbaycanın kökünü baltalamağa başlamışlar».

Həmin iclasda: «Məmməd Əmin (yerindən) – Mən təklif edirəm ki, bundan parlamentə gələn teleqraflar qabaqca türkcəyə tərcümə edilib oxunmalı və lazım gələrsə, rusca da oxunsun. Burası Azərbaycandır, lisanirəsmimiz türkdür». (alqış)

Yeddinci iclas

8 yanvar 1919-cu il

İrəvan müsəlmanları ilə bağlı: «Burada yenə imdad naləsi eşidiriz. Məlumdur ki millətlərin həqqi və hüququ gözlənilsin gərək. Hər kəs harada yaşayırsa o yerə sahib olmaq haqqına malikdir. Təbii millətdaş, dindaş və irqdaşımız olan İrəvan quberniyası müsəlmanlarının bunca müsibətinə millət mənafeyi naminə təhəmmül (dözən) edən qardaşlarımızın çəkdikləri bəlalara biz biganə qalamayız».

Səkkizinci iclas

16 yanvar 1919-cu

Parlament üzvü haqqında: «...Biz parlamentarizm qəbul etmiş olan məmləkətlərin, əzcümlə İngiltərənin qanunlarından qolaylıqla istifadə edə biləriz. Parlament məbusu milləti təmsil edir, binaən-ileyh o həmişə azad olmalıdır. Bir məbus eyni zamanda hökumət məmuru olarsa, heç vaxt azad danışa bilməz».

Doqquzuncu iclas

25 yanvar 1919-cu il

Kredit açılması. «Kredit açılması məsələsinə əsas etibarı ilə Əhməd bəy də etiraz etmir, fəqət, onun çoxluq, azlığında bəhs edir. Yalnız burası var ki, hökumətin ehtiyacını onun fəaliyyəti ilə əlaqədar tutmaq istəyirlər. Amma məncə hökumətin etibarını büdcə ilə əlaqədar tutub milyonlarla ölçmək olmaz. Hökumətə etimad və etibar bəyan edilmişdir».

On birinci iclas

28 yanvar 1919-cu il

Parlamentdə demokratiya. «Türk demokratiyası öz istiqlalını və hüququnu var qüvvəsi ilə müdafiə edəcəyini aydın-aşkar elan etdi və bu gün bu müvəffəqiyyət demokratiyanın belə qəti hərəkəti nəticəsidir (alqış). İdraklı türk demokratiyasının səsi sair firqələri də parlamentə gəlib bizimlə müttəhidən çalışmağa vadar edəcəkdir (alqış)».

Azərbaycan Parlamentinin üzvləri - 1918
Azərbaycan Parlamentinin üzvləri - 1918

On iki, on üç, və on dördüncü iclaslar

4, 5, 6 fevral 1919-cu il

«Müsavat» türkləri çağırdı: «Müsavat» türkləri çağırdı, çünki burada Azərbaycan türklərinin həyatı təhlükədə idi. Bu məsələdə o zamankı Azərbaycan Şurayi-Millisi müttəfiq idi... Çünki türklər gəlməsəydi, Bakıda baş verən mart hadisələrinin təsiri yalnız Bakıda qalmayıb, bütün Azərbaycana istila edəcəkdi...».

On beşinci iclas

18 fevral 1919-cu il

«Müsavat Rusiyada yaşayan bütün türk qövmlərinə muxtariyyət tələb edən bir firqədir».

On altıncı iclas

25 fevral 1919-cu il

«Ümumiyyətlə, cari işlərimizdə biz cahan demokratiyasına azadlıq gətirmiş olan idealları rəhbər tutacağız».

İyirminci iclas

6 mart 1919-cu il

Denikinə qarşı mübarizə. «Zatən qara bir qüvvənin gələcəyini biz həmişə mümkünatdan rədd edirdik. O qüvvə də mütləqa Şimaldan gələcək idi... Və dağıstanlı qardaşlarımıza deməliyik ki, buraxmayın o qara qüvvəni; qoymayın o istibdadı gəlsin; müharibə edin. Biz də Sizinlə varıq».

İyirmi dördüncü iclas

17 mart 1919-cu il

«Mənə elə gəlir ki, bayram millətlərin həyatında böyük bir hadisədir ki, onda gərək qulluqçu olsun, qeyri qulluqçu olsun onların həyatları üzrə bayramın böyük təsiri vardır».

İyirmi altıncı iclas

3 aprel 1919-cu il

«Bizim nöqteyi-nəzərimiz əvvəl başdan müəyyəndir. Bu kimi tənqidlər büdcə müzakirəsi əsasında olmalıdır».

İyirmi doqquzuncu iclas

14 aprel 1919-cu il

Qarabağ məsələsi yoxdur. «Bizcə və hökumətcə Qarabağ məsələsi yoxdur. Necə ki, Bakı məsələsi yoxdur. Buna görə də Qarabağ ünvanı ilə vaqe olan hər növ təklifi rədd ediriz».

Otuz üçüncü iclas

5 may 1919-cu il

«Yalnız bunu demək istəyirəm ki, indiki zamanda buraxılan kağız paralar bəzi iqtisadi qanunlara mərbut deyil. Ortada bir də siyasiyyət var».

Otuz dördüncü iclas

6 may 1919-cu il

Müsavat haqqında: «Azərbaycan şüarını ilk dəfə ortaya atan firqənin Müsavat olduğunu görərik... Müsavatın qətnaməsində deyilirdi ki, əsasən federasyon fikrini qəbul edərək millətlərin kamal azadlıqla vücuda gətirəcəkləri ittifaqa müariz olmayaraq və i. x... Müsavat bunu indi də söyləyir. Burada Azərbaycanın istiqlaliyyətinə heç bir rixnə görməz. Müsavat Azərbaycanın yalnız Rusiyada qurulmuş milli hökumətlər ilə deyil, bütün dünya millətləri ilə federasyon əsası ilə birləşmək tərəfdarıdır. Bu, müsavatın idealıdır».

Qırx birinci iclas

26 may 1919-cu il

Yalnız Azərbaycan istiqlalını müdafiə edəcəyiz. «Eyni zamanda bolşeviklərlə mübarizə edərkən və istiqlalımızı müdafiə edərkən elə etməməliyik Denikin istiqlaliyyətini müdafiə edək. Biz yalnız Azərbaycan istiqlalını müdafiə edəcəyik. Bu nöqteyi-nəzərdən bu qətiyyət siyasətidir, təhəssür siyasəti deyil».

Qırx ikinci fövqəladə iclas

28 may 1919-cu il

«Rəis – Söz Məhəmməd Əmin Rəsulzadənindir. Məhəmməd Əmin Rəsulzadə («Müsavat», alqışlar içərisində kürsüyi-xitabəyə çıxır) – Həzərat! Bu gün hər hansı bir natiq böyük və xariqüladə nitqə malik olsa da xalqın, o küçələri doldurmuş olan cəmaətin ruhunun səmimiyyətindən çıxan «Yaşasın Azərbaycan!», «Yaşasın istiqlaliyyət!»dən daha qüvvətli bir söz söyləməz! Bu gün bilməm xalqın duyduğu hissiyyatı, hansı hissiyyatla ifadə etmək olar. Bu həyatı Sizə inikas etdirmək üçün Azərbaycan torpağı altında sənələrdən bəri yerləşmiş atəş, o müqəddəs qüvvət fəvəran edərsə, yalnız o qüvvət bu gün millətin qəhrəmanı ola bilər. Fəqət, bununla bərabər hər birimizin idrakında, qəlblərində hürriyyət və istiqlaliyyət uğrunda şəhid düşmüş olanların xatirəsi üçün olan böyük minnətdarlıq hissi, o böyük himmət bununla həmpa ola bilir, onunla rəqabət göstərə bilir. Bu gün Azərbaycan istiqlalı bilxassə onun üçün əzizdir ki, bu istiqlalımıza xaricdən təhlükə var, təhdid var. Millətin ruhundan çıxan bugünkü səmimiyyətlə söylənəni qüvvətlə söyləriz ki, o, hər bir atəşdən, hər bir yərəğandan qüvvətlidir. Rədd olsun bizim istiqlalımız əleyhində olan murdar əllər (alqış).

Qırx üçüncü iclas

29 may 1919-cu il

«Məclisi - Məbusan bürün məmləkət inananbir təşkilatdır. Millət və məmləkət onun sözünü qəbulkimi, məclisi-müəssisan xüsusunda rəyini də qəbul edəcəkdir».

Qırx beşinci iclas

5 iyun 1919-cu il

«Çünki bu gün Dərbənddə oturan və bizim istiqlaliyətimizi gündə bir məna ilə teleqramlar göndərib təhdid edən qüvvət vaxtilə məşhur bir siyassiyonun dediyi kimi Azərbaycan həyatına döndərilmiş bir tapançadır».

Qırx doqquzuncu iclas

19 iyun 1919-cu il

«Əfəndilər! Üləmanın vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan müqəddəsdir... Lakin bunu bilməli ki, dini məsələlər ilə olan rabitə başqa dünya işləri isə bambaşqadır. Dünya mübarizəsi, siyasi mübarizə. Məncə dürlü tənqidlər, münaqişələrlə doludur».

Növbədənkənar əlli birinci iclas

27 iyun 1919-cu il

«Azərbaycan millətinin ürəyində gürcü millətinə qarşı həmişə gözəl və səmimi hisslər bəslənmişdir. Azərbaycan milləti ümumi düşmənlərə qarşı gürcülər ilə silah arxadaşı olduğu kimi həmrəy və mütabiq olacaqdır. Ona görə də bu əhdnamə yalnız Məclisi-Məbusan tərəfindən deyil, bütün millət tərəfindən alqışlanacaqdır. Bu millət də böylə tərəqqi edər». (alqışlar)

Əlli altıncı iclas

17 iyul 1919-cu il

«Naxçıvan və Şərur kimi qəzalar var ki, onlar bizim təbəələrimizdir. Biz var qüvvəmizlə çalışmalıyıq ki, onları qurtaraq».

Altmışıncı iclas

29 iyul 1919-cu il

«Qarayev (yerindən) – Denikindən kim müdafiə etdi?

Məhəmməd Əmin (davam edir) – Bis sizin təcrübənizi Şamxor müharibəsində gördük. Rus əsgərlərindən tüfəng alandan sonra özünüz də qorxuda qaldınız... Sizə böylə adamlar lazımdır ki, Mehdi bəy kimi adamları vura bilsin. Fəqət bizə böylə adamlar lazım deyildir...».

Altmış beşinci iclas

14 avqust 1919-cu il

«Hərbiyyə nəzarətinə verilməsinin lehinə onu demək olar ki, hüdudlarımızı müdafiə etmək Hərbiyyə Nazirinə mütəlliq bir məsələ olduğu üçün bu da ona verilməlidir».

Azərbaycan Parlamenti, 1918-ci il
Azərbaycan Parlamenti, 1918-ci il

Altmış yeddinci iclas

21 avqust 1919-cu il

Universitet açılması. «Burada Universitet məsələsində gərək bizim əfkari-ümumiyyətiniz, gərək parlaman məhfilələrində ayrı-ayrı fraksiyalarda müxtəlif rəng almış və başqa-başqa nöqteyi-nəzərlərlə bu məsələyə yanaşırlar. Hər şeydən əvvəl biz hamımız bunu etiraf edirik ki, Azərbaycan daxilində ülüm, finuna aşina mütəxəssis adamlar ələlümum məmləkət üffanını yüksəltmək üçün darülfünun binası lazımdır... Əlbəttə, yaxşı olardı bu fənn ocağı, bu elm mənbəyi öz lisanımızda ola idi və orada ki, professor və müdərris türkcə tərbiyə verə idilər».

Altmış səkkizinci iclas

25 avqust 1919-cu il

«İstefa verən bəyanat verər. Bir fraksiyanın ki nümayəndəsi bir komisyondan getmiş, deyə ki, yerinə başqa adam verirəm, mənən düz olursan da şəkil etibarı ilə olmaz».

Yetmiş altıncı iclas

22 sentyabr 1919-cu il

«Mütaliə və təsdiqimizə ərz olan məsələ, öylə bir məsələdir ki, bunun hər nə surətlə, hər nə cürə mühakimə etsə, nəticədə qəbul etməkdən başqa bir çarə yoxdur».

Səksəninci iclas

2 oktyabr 1919-cu il

Əkinçiyə torpaq, yer verilməsi. «Demək hökumət bu məsələni həll etmək istəyir. Böylə olan surətdə müəyyən vaxt təyin etmək, hökumət müəssisələrinə inanmaqdır».

Səksən birinci iclas

09 oktyabr 1919-cu il

Hürriyyətin bir əndazəsi var. «Əgər hürriyyət məmləkətdə qanun olmamaq icab edərsə o, başqa zatən hürriyyəti bir az daha göstərəsiniz. O zaman məmləkət hərc-mərc içərisində bərbad olur. Anarxiya doğar, iştə o zaman sizinlə istibdadın təkrar övdətini təmin edərsiniz. Hürriyyətin bir əndazəsi var...»

Səksən səkkizinci iclas

25 oktyabr 1919-cu il

Mətbuat qanunu haqqında. «Burada mətbuat qanununun əleyhinə türkcə söylənilən sözləri rusca, bəlkə daha məntiqə müvafiq bir tərzdə müdafiə etdilər. Hamı söylədilər ki, hürriyyəti-mətbuat lazımdır, fəqət buna bir əndazə, qanun təyin etmək də icab edər. İştə mətbuat qanununu müdafiə edənlər ilə əleyhdarları arasında başlıca fərq bundan ibarətdir. Burada bir adam tapılmaz ki, hürriyyəti-mətbuata zidd olsun».

Səksən doqquzuncu iclas

27 oktyabr 1919-cu il

«M.Ə.Rəsulzadə - 14-cü maddənin türkcəsini oxuyur. Qanunun 14-cü maddəsi bizi tamamilə qane edir. Fəqət, ruscaya tərcüməsindən eyni məna çıxmır. İrəlidə sui-təqhim olmasın deyə türkcəsinə müvafiq ruscaya tərcümə edilsin. «Vo vsyaki azerbaydjanskiy qrajdanin» (hər bir Azərbaycan vətəndaşı) sözü əlavə edilsin».

Doxsanıncı iclas

30 oktyabr 1919-cu il

«Rəsulzadə: Burada demokratik prinsipi nöqteyi-nəzərindən danışdılar. Bu, doğru deyildir. Lakin bir çox şeylər var ki, demokratik prinsipi nöqteyi-nəzərindən onları şimdilik tətbiq etmək olmaz. Məsələn, daimi əsgərlik işlərinin, əsgərlik üçün indi mübarizələrimiz hər şeyimiz əsgərlərimizə fəda olsun demişdilər. Hər yerdə əsgərlikdə müxalif gedən sosialistlərin burada ağzından eşitdik ki, əsgərlik işlərini qəbul etdilər. Bu prinsip qaldı mətbuat barəsində. Mehdi bəy bizi inandırmağa çalışdı ki, Rusiyada qeyri-hökumət təbəəsi qəzetə müdiri ola bilməzdi. Əhməd bəy deyir ki, burada Türkiyə və İranın istibdadından qaçıb gələnlər var. O istibdadın barəsində və onun əleyhinə yazacaqlar. Həqiqətdə biz nə gördük. Burada nə osmanlı, nə də iranlı müdir mütəvəlliləri var ki, onlar təmamən bizim fikir və amalımızın əleyhinədirlər. Onların əleyhimizə olduqları faktdır. Bizim əleyhimizə olanlar ilə mübarizə etmək lazımdır... Biri Azərbaycana gəlib də qəzetə nəşr etmək fikrində olarsa, bir Azərbaycan müdiri-mütəvəlli (doğulmuş) tapa bilər. Məmləkət nöqteyi-nəzərimiz bu kimi xüsusatı nəzərə alaraq bu maddənin qəbulunu istəriz».

ardı burada

XS
SM
MD
LG