Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:41

Vaşinqtonda Azərbaycana sanksiyalar müzakirə olundu


Vaşinqtonda dinləmələr - 12 dekabr 2014
Vaşinqtonda dinləmələr - 12 dekabr 2014

-

Azərbaycanda vəziyyəti izləyən amerikalı analitiklər və fəallar Obama administrasiyasını ölkədə insan hüquqlarının pozulması fonunda Azərbaycan hakimiyyətinə qarşı sanksiya tətbiq etməyə çağırıblar.

«Amerikanın səsi» məlumat verir ki, bu çağırışlar dekabrın 12-də Vaşinqtonda Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatının keçirdiyi dinləmələrdə səslənib.

İlk çıxış edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich Azərbaycanda hüquq pozuntularının vüsət almasının ABŞ-Azərbaycan münasibətlərinə təsirindən danışıb. Onun dediyinə görə, jurnalist Xədicə İsmayılın, hüquq müdafiəçiləri Leyla və Arif Yunusların həbsləri İlham Əliyev hökumətinin avtoritarizmə doğru irəliləyişində son addımlardır. Keçmiş səfir bildirib ki,Vaşinqton Əliyevə ciddi cavab vermək haqda düşünməlidir.

«Biz Azərbaycan xalqı ilə təmas qurmağın yollarını aramalıyıq. Ənənəvi metodlar artıq işləmir. Vəziyyət orada günü-gündən pisləşir», - deyə sabiq səfir Vaşinqtonu Azərbaycanla münasibətlərə yenidən baxmağa səsləyib.

«RAMİZ MEHDİYEVİN YAZISI DÖNÜŞ NÖQTƏSİDİR»

Richard Kauzlarich
Richard Kauzlarich

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son məqaləsinə də toxunan R.Kauzlarich bu yazını ABŞ-Azərbaycan münasibətlərində mühüm dönüş nöqtəsi adlandırıb. Onun fikrincə, ABŞ-ı Azərbaycanda siyasi sabitliyə başlıca təhlükə kimi qiymətləndirməklə cənab Mehdiyev Azərbaycan hökumətinin Qərbə münasibətinin arxasında hansı düşüncələrin dayandığını faş edib.

R.Kauzlarich əlavə edib ki, ABŞ avropalı müttəfiqləri ilə birgə işləyərək Azərbaycan hökumətinə qarşı konkret ölçüləri nəzərdən keçirməlidir. O, xüsusi olaraq ABŞ vətəndaşlarının Azərbaycana səyahət etməsinə dair xəbərdarlıq verilməsinin vacibliyini vurğulayıb:

«Azərbaycana gedən amerikalılar bilməlidirlər ki, onlar orada izləniləcək, onları orada otel otaqlarında və başqa özəl məkanlarda videokameraya çəkəcəklər. Azərbaycan hökumətinin mediadakı bərbəzəkli reklamlarına baxmayaraq, turistlərə aydın edilməlidir ki, Azərbaycanda onların başlarına pis şeylər gələ bilər».

Yazı videodan sonra davam edir.

DAVID KRAMER: «SÖZDƏN İŞƏ KEÇMƏK VAXTI ÇOXDAN ÇATIB»

«Freedom House» təşkilatının sabiq direktoru David Kramer Azərbaycan kimi «artan şəkildə korrupsioner və avtoritar» rejimlə yaxşı münasibətlər saxlamağın ABŞ üçün çətin olduğunu bəyan edib. Onun dediyinə görə, İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan təkcə Qərb dəyərlərinə deyil, universal dəyərlərə hörmət etmir.

«Bu ölkədə siyasi məhbusların sayı Rusiya və Belarusda olan siyasi məhbusların sayından iki dəfə çoxdur. Biz Rusiyaya və Belarusa sanksiyalar tətbiq edirik. Axı Azərbaycan niyə fərqli olmalıdır?».

David Kramer
David Kramer

«Sözdən işə keçmək vaxtı çoxdan çatıb», - deyə cənab Kramer Azərbaycan hökumətinə əməllərinin ona baha başa gələcəyini sübut etmək məqamının çatdığını bildirib. Konkret olaraq o, prezident İlham Əliyevin sevimli hobbisi olan beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinə nəzər yetirməyin mühümlüyünü qeyd edib.

«İlham Əliyev ölkədə mötəbər yarışlar keçirməklə beynəlxalq arenada hörmət qazandığını göstərməyə can atır. Bu kimi yarışların müqabilində ona siyasi məhbusları azad etdirmək lazımdır».

«AZƏRBAYCAN KİMİ ÖLKƏLƏR QƏRB QURUMLARINDA TƏMSİL OLUNMAMALIDIR»

David Kramer hazırda demokratiya ilə diktatura arasında müharibə getdiyini söyləyib. Bu müharibədə ABŞ-ın öz prinsiplərinə sadiq qalmalı olduğunu vurğulayan cənab Kramer Azərbaycandakı rejimin hazırda əks mövqedə yer aldığını bildirib:

Qorxmaz Əsgərov
Qorxmaz Əsgərov

«Dəyərlərimizi paylaşmayan rejimləri Qərb institutlarına cəlb etmək səhv yanaşmadır. Onlar bizi dəyərlərimizi qəbul etmək əvəzinə onları korrupsiyaya uğradırlar. Biz bunun fəsadlarını Avropa Şurasında və başqa qurumlarda görürük. Mən Azərbaycan kimi ölkələrin bu qurumlarda təmsil olunmasını istəmirəm».

Daha sonra tədbirdə çıxış edən AZAD təşkilatının vitse-prezident Qorxmaz Əsgərov Azərbaycanda siyasi durumun İlham Əliyev hakimiyyətdə gəldiyi gündən bəri davamlı pisləşdiyinə diqqət çəkib. Onun dediyinə görə, Azərbaycan hökuməti son 11 ildə siyasi proseslərə yanaşmasında ardıcıllıq nümayiş etdirib – sistematik şəkildə sivil cəmiyyətin hüdudlarını daraldıb. Qərb isə İlham Əliyev hökumətinin basqılarına əsasən real əmələ söykənməyən bəyanatlarla, qarışıq siqnallarla cavab verib. Nəticə Azərbaycanda pisləşən insan haqları və soyuqlaşan ABŞ-Azərbaycan münasibətləri olub.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

XS
SM
MD
LG