Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:42

Aygün Aslanlı. Türk kinosu necə yarandı


Aygün Aslanlı
Aygün Aslanlı

-

«Türkiyənin qəlbi-Ankara» filmi Türkiyədə də, Sovet İttifaqında da böyük uğur qazanır, lakin sonralar uzun illər arxivdə yatır.

1969-cu ildə TRT-nin Mahmud Tali Öngörən adlı bir əməkdaşı, Atatürkün ölümünün otuz birinci ildönümündə onu gecə efirində yayınlamağa cəhd edir.

Bu, ona işdən qovulmaq bahasına başa gəlir...

Aygün Aslanlı

TÜRK KİNOSU NECƏ YARANDI

Əhvalat eyni şəkildə başlayır: Türkiyə kinematoqrafiya ilə Lümyer qardaşları vasitəsilə tanış olur. İlk film nümayişini isə 1896-cı ildə polşalı yəhudi,“Pathe Freres” şirkətinin nümayəndəsi Ziqmund Vaynberq təşkil edir.

Yazıçı Ərcümənt Əkrəm Talunun sözlərinə görə, bu hadisə Bəyoğlundakı Sponek meyxanasında baş verib və biletin qiyməti on quruş imiş. Türklərin gördüyü ilk süjetlər “Canlı şəkillər”, “Əsrin möcüzəsi”, “Əndəlusda öküz döyüşü” olub.

Qısa müddətdən sonra isə film nümayişləri meyxanadan “Fevziyyə” qiraətxanasına keçirilir. Talu yazırdı: “kinonun peyda olduğu gündən cəmiyyətin proqressiv təbəqəsi onu mədəniyyət daşıyıcısı hesab edirdi. Buna görə də sultan sarayının etirazına rəğmən, ziyalılar filmlərin nümayişinə hər cür yardım edirdilər”.

Lakin sultan II Əbdülhəmid 1901-ci ildə ədəbi jurnallarla birlikdə kütləvi film nümayişlərini də qadağan edir və kino, bir də 1908-ci ildə Gənc Türklər Hərəkatının çevrilişindən sonra Türkiyəyə qayıdır.

Sultanın qadağası götürülən kimi yuxarıda adını çəkdiyimiz Ziqmund Vaynberq İstanbulun Təpəbaşı adlı yerində, köhnə teatr binasında ilk səyyar kinoteatrı açır. Beləcə Türk kinematoqrafiyasının uzun yolu başlayır.

Təxminən, 40 il- II Dünya müharibəsinə qədər keçən zaman türk kinosu üçün formalaşma dövrü olub. Dünya kinosu isə həmin dövrdə artıq xeyli yol qət etmiş, Qriffit, Eyzenşteyn, D.Vertov kimi dahilər yetişdirmiş, təkcə kinoya xas bir dil yaratmışdı.

Türkiyədə bu illər ərzində çəkilən filmlərdə kino dili, ifadə vasitələrindən istifadə baxımından, demək olar ki, heç nə yoxdur və qeyd olunan mərhələdə milli kino teatrın təsirindən qurtulmağa cəhd edir. Bununla belə bu 40 il ərzində Türk kino tarixində mühüm yer tutan hadisələr və şəxslər var.

FUAD UZKINAY

Əslində Türkiyədə kinematoqrafiyanın yaranma tarixi 1914-cü ildən hesablanır və Fuad Uzkınayın adı ilə bağlıdır.

Fuat Uzkinay
Fuat Uzkinay

İstanbulda doğulmuş Fuad Uzkınay fizika-riyaziyyat fakultəsinin tələbəsi idi. 1910-cu ildə Vaynberqlə tanış olandan sonra kinematoqrafiyaya vurulmuş, proyektoru idarə etməyi öyrənmişdi və paytaxt məktəblərində film nümayişlərinin təşkilində Vaynberqə yardım edirdi.

Bir müddət sonra isə özü kimi kino vurğunu olan dostları ilə birlikdə İstanbulda “Kamal bəy sineması” və “Əli Əfəndi sineması” adlı iki kinoteatr açmışdı. Lakin elə həmin ərəfədə I Dünya Müharibəsi başlayır və F.Uzkınay səfərbərliyə alınır.

Uzkınayın zabit olarkən, 14 noyabr 1914-cü ildə lentə aldığı “Ayastefanosdakı rus abidəsinin dağıdılması” adlı xronikal süjeti Türk milli kinosunun birinci filmi hesab olunur. Bu film haqqında ilk dəfə Nurullah Tilgen “Yıldız” jurnalında yayınlanmış “Türk kinematoqrafiyasının tarixi, dünəndən bu günə-1914-1953” adlı araşdırmasında söz açıb.

Onun yazdığına görə, Birinci Dünya müharibəsinə Avstriya tərəfindən qoşulduğunu rəsmən elan edən Türkiyə, üç gündən sonra müharibə lehinə təbliğat işləri çərçivəsində Ayastefanosda (Yaşılköy) 1877-ci ildə ruslar tərəfindən inşa edilmiş abidəni dağıtmaq barədə qərar çıxarır. Çünki o,1876-77 illər Osmanlı-Rus müharibəsində qalib gəlmiş rusların zəfərlərinin simvolu idi. Prosesi lentə almaq üçün Vyanada fəaliyyət göstərən “Sacha-Messter Gesellschaft” adlı şirkətlə müqavilə bağlanır.

Lakin komandanlıq hadisənin mütləq bir türk tərəfindən əbədiləşdirilməyini istəyirdi və bu iş həmin vaxt hərbi xidmətdə olan zabit Fuad Uzkınaya həvalə olunur. Bircə problem vardı: Uzkınay proyektorla işləyə bilirdi, kamera ilə yox. Buna görə də “Sacha-Messter”in əməkdaşları ona təcili kamera ilə çəkməyi öyrədirlər.

Maraqlıdır ki, “Ayastefanosdakı rus abidəsinin dağıdılması” filminin nə bir nüsxəsi, nə neqativləri, nə də çəkilişə aid fraqmentləri qalmayıb. Hətta uzun illər sonra Fuad Uzkınay da Nurullah Tilgenlə söhbətlərində bu film haqqında danışmayıb.

Filmi görən bircə nəfər var. Kino tənqidçisi Burçak Evren “Ayastefanosdakı rus abidəsinin dağılması” filmini görən şahid” adlı məqaləsində Fuad Uzkınayın assistenti Qafuri Akçakının filmi izlədiyini və 1930-cu illərdə bir neçə dəfə hərbçilərə göstərdiyini yazır. Qafur Akçakın filmin 1941-ci ildə Ankaraya göndərilmək üçün qablaşdırılarkən digər filmlərlə qarışdığını və arxivdə başqa ad altında “yatdığını” deyir.

MUSTAFA KAMAL ATATÜRK

Mustafa Kemal Atatürk
Mustafa Kemal Atatürk

1923-cü ildə Mustafa Kamal Atatürkün başçılığı altında milli-azadlıq mübarizəsində qalib gələn Türkiyə cümhuriyyət elan olunur.

Ölkənin qısa müddətdə inkişafına nail olmağa çalışan, dini təhsil müəssisələrini ləğv edib, bütün sahələrdə ciddi islahatlar aparan Atatürk kinematoqrafiyaya böyük əhəmiyyət verirdi. Onun kino haqqında sözlərinə indi də ölkənin bir çox kinoteatrlarında rast gəlmək mümkündü:

“Kino- elə bir ixtiradı ki, zamanla dünya sivilizasiyasına barıtın, elektrikin kəşfindən daha çox xidmət göstərəcək. Kino bir-birindən çox uzaqda yaşayan insanları tanış edəcək, onların arasında sevgi yaradacaq, dünyagörüşlərindəki ziddiyyətləri aradan qaldıracaq, bəşəri idealların həyata keçirilməsinə kömək edəcək. Biz kinematoqrafiyaya layiq olduğu qiyməti verməliyik”.

Məhz, Atatürkün göstərişi ilə İstanbulda, İzmirdə, Ankarada, Bursada, Zonquldağda yeni kinoteatrlar tikilir. 20-ci illərin sonlarında İstanbulda 20-dən çox kinoteatr fəaliyyət göstərirdi. Türkiyə Milli Məclisi 1930-cu ildə bələdiyyələrdən, kinoteatr şəbəkələrinin inkişafını dəstəkləməyi tələb edən və uşaqların gündüz seanslarına getməyinə icazə verən qanun qəbul etmişdi.

Qalib respublikanın kinosunda aparıcı mövzu milli-azadlıq müharibəsinin qəhrəmanları, vətənpərvərlik, ikinci mövzu isə feodal-müsəlman adətləri ilə mübarizə idi. Az miqdarda əyləncə filmləri də çəkilirdi.

İLK REJİSSOR: MUHSİN ƏRTOĞRUL

Türkiyə kinematoqrafiyasının beşiyində dayanan daha bir şəxs Muhsin Ərtoğruldu. Türk kinosunun ilk və uzun müddətə yeganə peşəkar kinorejissoru.

Muhsin Ertugrul
Muhsin Ertugrul

1922-ci ildə milli kinematoqrafiyanın istehsalat bazası da tədricən, hərəkətə başlayır. Hələ 1919-cu ildə Kamal və Şakir Saden qardaşları və Fuad Uzkınay tərəfindən prokat funksiyalı studiya kimi yaradılmış «Kamalfilm», istehsalçı kinostudiyaya çevrilir. Studiyanın baş rejissoru vəzifəsi türk teatrının məşhur aktyorlarından və rejissorlarından biri Mühsin Ərtoğrula verilir.

Mühsin Ərtoğrul İstanbulda doğulmuş, orta təhsilli idi. 1911-ci ildə teatr təhsili almaq üçün Parisə yollanmışdı. Vətənə qayıdandan sonra «Mühsin Ərtoğrul və arkadaşları» adlı truppa yaradaraq bir neçə il ərzində müxtəlif tamaşalar qoymuş və İstanbulun ziyalı təbəqəsi arasında xeyli məşhurlaşmışdı. Kinematoqrafiyanı isə 1916-cı ildə Almaniyada öyrənmişdi.

M.Ərtoğrul orda həm aktyor kimi «Bioskop» studiyasının filmlərində çəkilirdi, həm də Berlində yaratdığı «İstanbul film» studiyasında öz debütünü -«İztirab»ı lentə köçürürdü. “Kamal film” studiyasına baş rejissor təyin edilən Ərtoğrul, təxminən, 30-40-cı illərə qədər Türk kinosunun yeganə rejissoru sayılır. Baş rejissor kimi çəkdiyi ilk film isə «İstanbulda eşq faciəsi» adlanırdı. Rejissor filmlərində teatr təcrübəsindən istifadə edirdi. Onun ekran əsərləri teatr tamaşaları kimi statik, mizansəhnələri maraqsız idi.

1925-ci ildə M.Ərtoğrul Sovet İttifaqına yollanır və həmin vaxt Moskvada teatrda çalışan Nazim Hikmətə qoşulur, Stanislavskinin, Nemiroviç-Dançenkonun, Meyerholdun məşqlərini izləyir, Eyzenşteyn, Tretyakovla tanış olur, Moskva kinofabriklərində işləyir, 1926-27-ci illərdə Odessa kinofabrikində Rafaello Covanyolinin eyni adlı əsəri əsasında «Spartak», Ferdinand Düşenin əsəri əsasında «Tamilla» filmlərini çəkir, «Beş dəqiqə» adlı filmin ssenarisini yazır. Bu filmlərdə rejissor sovet kino məktəbində öyrəndiklərini tətbiq etməyə çalışsa da, buna o qədər də nail olmur. Yeri gəlmişkən, «Tamilla» filminin natura çəkilişləri Bakıda, Bibiheybətdə aparılıb.

Vətənə qayıdandan sonra Ərtoğrul yeni yaradılmış «İpəkfilm» studiyasında türk xalqının azadlıq mübarizəsindən bəhs edən «Ankara poçtu» adlı detektiv çəkir. Filmin əsas özəlliyi əvvəldən-axıra qədər bütün çəkilişlərin naturada həyata keçirilməsidi.

Onu da qeyd edək ki, Ərtoğrulun sovet ittifaqında oduğu müddətdə Türkiyədə heç bir film çəkilməyib. 30-cu illərdə çəkilmiş 23 filmdən 16-nın rejissoru Muhsin Ərtoğrul olub.

«TÜRKİYƏNİN QƏLBİ - ANKARA»

Türkiyə kino tarixindəki maraqlı faktlardan biri də Sovet İttifaqından göndərilən nümayəndə heyətinin səfərinin lentə alınmasıdır.

Yeni qurulmuş Sovet İttifaqı Atatürklə müttəfiq olmağa, bütün sahələrdə əməkdaşlıq qurmağa çalışırdı. Sovet mütəxəssislərinin iştirakı ilə Kayseri və Nazillidə iki böyük tekstil fabriki tikilmişdi. İttifaq, 20-30-cu illərdə iqtisadi böhran keçirən Türkiyəyə güzəştli kreditlər ayırmışdı.

Əməkdaşlığa can atılan sahələrdən biri də kinematoqrafiya idi. 1934-cü ildə başda Voroşilov, Budyonnı olmaqla sovet nümayəndə heyəti Türkiyəyə gedir. Onları rejissor Sergey Yutkeviç, ssenarist Natan Zarxinin başçılıq etdiyi çəkiliş qrupu izləyirdi.

Yutkeviçlə Zarxinin məqsədi türk kinematoqrafçıları ilə birlikdə «Öldürməyən insan» adlı bədii film çəkmək idi, amma Türkiyə Maarif Nazirliyinin nəzdindəki xüsusi komissiya ssenari ilə tanışlıqdan sonra onun həddindən artıq «inqilabi» olduğunu deyərək istehsalata buraxılmasına izn vermir.

Bundan sonra S.Yutkeviç Lev Arnştamla birlikdə «Türkiyənin qəlbi - Ankara» adlı sənədli-xronikal filmin çəkilişlərinə başlayır. İki hissəli filmdə, Cümhuriyyətin on illiyi münasibətilə keçirilən bayram şənlikləri, təntənəli parad, sovet nümayəndə heyətinin türk mədəniyyəti, folkloru ilə tanışlığı, Ankaranın keçmişi və cümhuriyyətdən sonrakı dövr təsvir olunub. Bu filmi dəyərli edən xüsusiyyətlərdən biri də finaldakı unikal kadrlar- M.K.Atatürkün hərbi paradda sinxron yazılan çıxışıdır.

Sergey Yutkeviç xatirələrində Atatürkün çıxışını sovet heyəti ilə yanaşı qərbli kinematoqrafçılar – «Foks» və «Pate»nin də çəkməyə hazırlaşdığını yazır:

«Onlar balaca kameralarını, zərif mikrofonlarını quraşdıra-quraşdıra bizim qalın, zirehli kabellərimizə, kobud mikrofonumuza baxıb, istehza ilə qımışırdılar. Mustafa Kamal tribunaya qalxan kimi çəkiliş də başladı. Qəflətən rəqiblərimizin nədənsə narahat olduqlarını gördüm. Çəkiliş bitəndən sonra məlum oldu ki, Atatürkün ağır maşını tribunaya yaxınlaşarkən kabellərin üstündən keçib, rəqiblərin incə kabellərini kəsib, bizim zirehlilərə isə heç bir zərər dəyməyib. Beləcə biz, Türkiyə prezidenti Mustafa Kamal Atatürkün çıxışını sinxron lentə almış yeganə kinematoqrafçılar olduq».

«Türkiyənin qəlbi-Ankara» filmi Türkiyədə də, Sovet İttifaqında da böyük uğur qazanır, lakin sonralar uzun illər arxivdə yatır. 1969-cu ildə TRT-nin Mahmud Tali Öngörən adlı bir əməkdaşı, Atatürkün ölümünün otuz birinci ildönümündə onu gecə efirində yayınlamağa cəhd edir.

Bu, ona işdən qovulmaq bahasına başa gəlir. Film isə kommunist ideyalarını təbliğ etdiyi və Türkiyəni çox yoxsul göstərdiyi səbəbilə yenidən arxivə göndərilir. Və yalnız 2008-ci ilin avqustunda tozlu rəflərdən endirilərək Çankaya köşkünün rəsmi internet səhifəsinə yerləşdirilir.

XS
SM
MD
LG