Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:47

Keçmiş vicdan məhbusları dustaqların müdafiəsinə qalxır


Arxiv fotosu
Arxiv fotosu

-

İctimai Alyans 14 saylı CÇM-də baş verənlərlə basğlı dustaqlara mənfi münasibəti pisləyən bəyanat yayıb.

12 keçmiş vicdan məhbusunun yaratdığı “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 14 saylı Cəza Çəkmə Müəssisəsində (CÇM) dustaqlara mənfi münasibəti pisləyən bəyanat yayıb.

Yanvarın 9-da yayılan bəyanatda məhkum Elşad Babayevin 2014-cü il dekabrın 22-də bu həbsxanada işgəncə ilə qətlindən sonra dustaqların kütləvi etirazının baş verdiyi xatırlanır. Bildirilir ki, bu etirazlardan sonra məhbuslar işgəncələrə məruz qalıb, karserə salınıb:

“Həbsxanada vəziyyət hələ də gərgindir. Rəhbərlik baş vermiş cinayətin üstünü açmaq əvəzinə göstərdikləri həmrəyliyə görə dustaqları davamlı işgəncəyə məruz qoymaqda ittiham edir. Həmrəylik göstərdiklərinə görə 16 dustaq karserdədir. Daha 10 dustaq “tubzona” kimi tanınan vərəm dispanserində saxlanır. Onlarla bağlı hər-hansı məlumat yoxdur və hətta ailələrilə görüşə belə icazə verilmir. Ailə üzvləri qeyd ediblər ki, dustaqların “tubzona”ya aparılmaları onlara verilən işgəncə faktlarını ört-basdır etmək üçündür.

Məhbusun işgəncə ilə öldürülməsi, cinayətin üstünü açmaq əvəzinə qalan məhbuslara işgəncə verilməsi, gizlədilərək ailə üzvlərilə görüş verilməməsi insanlıq adına utanc və biabırçılıqdır”.

Alyans Qırmızı Xaç Komitəsinə, ATƏT-in Bakı ofisinə, Ombudsmana, Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə, hüquq müdafiəçilərinə müraciət edərək, 14 saylı həbsxanada karserdə və vərəm dispanserində olan dustaqlarla görüşməyə,onların durumları haqda ictimaiyyətə bilgi verməyə çağırırlar.

Sənəddə 14 saylı həbsxanada işgəncəyə məruz qalanların çoxunun dindarlar olduğu xatırladılaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə burada din və insanlıq adına həqarət olan hadisələrə müdaxilə etməsi çağırışı səsləndirilir.

Müəlliflər dustaq Elşad Babayevin qatillərinin aşkara çıxarılıb cəzalandırılmasını, məhbuslara qarşı insan ləyaqətini alçaldan zorakı və işgəncə hərəkətlərinə son qoyulmasını tələb edirlər.

Dekabrın 22-də 14 saylı CÇM-də bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Məlumatlarda etiraza səbəb kimi 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsi göstərilirdi.

​Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən CÇM-də insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobudcasına pozmasını göstərmişdilər.

Daha sonra Penitensiar Xidməti Elşad Babayevin ölümünün prokurorluqda araşdırıldığı haqda məlumat yaymışdı. Məlumatda həmçinin işgəncə faktı təkzib edilirdi.

Siyasi məhbus kimi tanınan Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov adı çəkilən müəssisədə saxlanır.

XS
SM
MD
LG