Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:53

Müharibə əleyhinə - Əli Əkbər yazır


Əli Əkbər
Əli Əkbər

-

Kilsə və saray müharibə əleyhinə yazılmış bu qısa essedən o qədər qorxurdular ki, onu oxuculardan mümkün qədər uzaq tutmağa çalışmış və üç yüz ilə yaxın, buna nail olmuşdular...

Əli Əkbər

MÜHARİBƏ ƏLEYHİNƏ


Tarixdə “Humanistlərin şahzadəsi” ünvanını ləyaqət və şərəflə daşıyan bir insandan söhbət açmaq istəyirəm.

Onun adı Rotterdamlı Erazmdır.

1469-cu ildə Niderlandda doğulub, 1536-cı ildə vəfat edib.

Onun hələ sağlığında işıq üzü görən və ta ölənə qədər təqribən qırx ilə yaxın yazdığı “Adagiyalar” əsərində dörd mindən artıq yunan və latın zərb-məsəlləri, aforizmləri, atalar sözləri, ifadələri və bunların şərhləri yer alıb. Yeri gəlmişkən, “adagiya” sözü tərcümədə “edilməsi vacib olan” deməkdir.

Rotterdamlı Erazm
Rotterdamlı Erazm

Bu topludakı fəsillərdən birinin adı “Müharibə görməyənə müharibə şirin görünür” adlanır. Bu fəsil, müharibə əleyhinə yazılmış ən təsirli pamflet hesab olunur. Pamfletin ən diqqətəlayiq tərəfi isə odur ki, onu əsrlər boyu senzura edərək, “Adagiyalar” toplusunda çapına icazə verməyiblər. Kilsə və saray müharibə əleyhinə yazılmış bu qısa essedən o qədər qorxurdular ki, onu oxuculardan mümkün qədər uzaq tutmağa çalışmış və üç yüz ilə yaxın, buna nail olmuşdular.

Rotterdamlı Erazmı yaxından tanımaq istəyənlər, Stefan Sveyqin onun haqda qələmə aldığı “Rotterdamlı Erazmın qələbəsi və faciəsi” adlı əsəri oxuya bilərlər. Bu gün isə, qəzetdəki köşəmdən (sui)istifadə edərək, hörmətli oxuculara Erazmın 1520-lərdə yazdığı, “Müharibə görməyənə müharibə şirin görünür” adlı essesini təqdim edirəm. Çox güman ki, Azərbaycan dilində ilk dəfə.

«Bu fani dünyada, bəşər övladının ən az can atmalı, hətta tamam uzaq olmalı, lənətləməli olduğu işlərin başında müharibə gəlir. Ləyaqətli insanlar üçün müharibədən daha alçaq, daha dağıdıcı, öldürücü, iyrənc bir şey yoxdur. Müharibələrin birdən-birə, gözlənilmədən, ən mənasız səbəblərdən başlaması təəccüblüdür. Bu müharibələr nə miqyaslar alır, hansı barbarlıqla aparılır! Bu cinayəti edənlər təkcə başqa dinlərdən olanlar yox, həm də xristianlardır. Təkcə kilsədən uzaq olanlar yox, həm də keşişlərdir, din adamlarıdır. Təkcə həyatın dəyərini anlamayan gənclər yox, həm də yetişkin, hər işdə təcrübəli kişilərdir.

Təkcə çılğın qara camaat yox, həm də (özü də əksər hallarda) zadəganlardır, hansılar ki, öz müdrikliyi və ağlı ilə bu axmaq sürünün çılğınlığını yatırda bilərdilər, amma bunu etmirlər. Müharibə adlı şər ocağı soyusa da, onu hər an məşəli ilə alovlandırmağa hazır hüquq və din adamları da az deyil.

Müharibə çox adi bir hal alıb, ona nifrət edənlər, mənasızlığını dərk edənlər də başqalarının bunu dərk etməməsindən çox təəccüblənirlər. Müharibəyə elə bəraət qazandıranlar var ki, onu həyatda ən ağır cinayət, bütün bədbəxtliklərin mənbəyi hesab edən adamları kafir və alçaq adlandırırlar. Həqiqətən çox təəccüblüdür! Bu hansı çılğınlıq, ağılsızlıq, vəba, qaranlıq qüvvədir ki, insan beynini bu cür şeytani bir arzu ilə doldurur?

Şerif. Sülh göyərçinləri
Şerif. Sülh göyərçinləri

Halbuki insan məsum varlıqdır, fitrətən bu həyata sülh və əminamanlıq üçün gəlib, onu vəhşi heyvanlar kimi bir-birini didməsinə sövq etmək rəvadırmı? İnsanın və müharibənin obrazlarını gözünüzün qabağına gətirin, onlara kənardan bir baxın, amma bir-birindən ayırın. Küyə getməyən, kütləvi təsirə düşməyən adam bunlara diqqətlə, filosof gözü ilə, hadisələrin mahiyyətinə və təbiətinə vararaq baxsa, asanlıqla anlayar ki, insan və müharibə bir-birinə yad anlayışlardır.

Əvvəla, insanın zahiri görünüşünə, fiqurasına fikir verin. Aydın deyilmi ki, təbiət, ya da ən yaxşısı Tanrı deyək, bu varlığı müharibə üçün yox sülh və dostluq üçün yaradıb? Ölüm yox, xilas üçün yaradıb? Axmaq işlər üçün yox, xeyirli əməllər üçün yaradıb? Canlılar aləmində təkcə insan öz təbii silahı ilə yaradılmayıb. Öküzlərə hücum üçün buynuzlar verilib, aslanlara pəncə və dırnaqlar, qabanlara qorxunc dişlər, fillərə qalın dəri, ağırlıq və xortum, timsaha vəhşi güc, kirpiyə iynələr, ilana zəhər verilib. Heyvanlar var ki, onların müdafiə sistemi çox mükəmməl yaradılıb.

Bircə insan çılpaq, zəif, incə, müdafiəsiz, yumşaq vücudlu və nazik dərili yaradıb. Onun quruluşunda müharibə və zorakılığa uyğun gələn heç nə yoxdur. Hələ onu demirəm ki, bütün digər canlılar ya doğulan kimi, ya da qısa müddətdə artıq həyata hazır olurlar. Amma insan doğulur və illər uzun köməyə, dəstəyə ehtiyac duyur. Nə danışa, nə gəzə, nə qida tapa bilir. Yalnız ağlamaqla yardıma çağırır.

Belə bir varlıq ancaq dostluğa, başqaları ilə əminamanlıqda yaşamağa hazır ola bilər. Təbiət insanı elə yaradıb ki, insan tək özü üçün yox, başqaları üçün də yaşamalı, qardaş və dost olmalıdır. Buna xidmət etməlidir. Təbiət insanı gözəl yaradıb, sevgi və dostluq üçün yaradıb. Ona mülayim baxışlar, yumşaq qəlb bəxş edib. Qucaqlamaq üçün əllər verib. Öpüşmək duyğusu verib. Öpüşəndə də qəlblər bir olur. Onu gülüşlə təchiz edib. Mərhəmət hissinin rəmzi olan gözyaşlarını verib. İnsanın səsi də qorxunc deyil vəhşi heyvanlardakı kimi, şirindir. Bunlar hələ nədir ki?

Təbiət insana danışmaq və düşünmək qabiliyyəti verib. Bunlar sayəsində də insan öz həmcinsləri ilə dili və ağlı sayəsində, zorakılığa baş vurmadan, bütün məsələləri sülhlə həll edə bilir. İnsan tənhalığa nifrət, dostluğa və xeyirxahlığa ehtiyacla yaradılıb. İnsana faydalı olan, ona həm də zövq verir. Dostluqdan, sevgidən gözəl, vacib bu dünyada nə var? Ona görə də başqaları ilə ünsiyyət və qarşılıqlı köməkləşmə olmadan, bir-birinə faydalı olmadan yaşamaq və bundan zövq almaq mümkün deyil. Bunu mümkün hesab edən kəs simasını itirmiş vəhşi heyvandır.

Bundan əlavə, təbiət insana elmlə məşğul olmaq, biliklənmək imkanı da yaradıb. Elm isə heyvərəliyə, vəhşiliyə qarşı ən təsirli silahdır. Münasibətlərin qurulması üçün bünövrədir, əsasdır. Hətta evlilik və qan qohumluğu da, insanları ləyaqət, xeyirli əməl, dostluq və qardaşlıq qədər birləşdirə, yaxın edə bilməz...”

Bunlar 500 il əvvəl yaşamış bir avropalının düşüncələri idi. Avropanın bu günü, belə kişilərin ideyaları üzərində qurulub, ona görə bütün insanlar üçün bu məkan cəlbedicidir. Avropanı söyənlər, təhqir edənlər üçün belə.

Fərqi görün.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Yeni Müsavat

XS
SM
MD
LG