Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 09:49

Cümə kişinin canavarla dostluğu...


«Bu canavara 12 il qəfəsdə qulluq etmişəm»
«Bu canavara 12 il qəfəsdə qulluq etmişəm»

Əynində sırıqlı, başında qoyun dərisindən papaq, ayağında çarıq, yanında da qurd. Cümə kişini Şəkidəki Xan Sarayının qarşısında bu qiyafədə görmək olar. Sevimli canavarı canlı yox, müqəvva olsa da, canlıdan fərqlənmir, qaranlıqda gözləri də parıldayır.


Cümə kişinin bu canavarla dostluğunun harda, necə başlamasıyla maraqlanıram. Sən demə bu hekayətini hər adama danışmırmış.


Vaxtıyla mən onun qayğısına qalırdım, indi də o mənə yardım edir

«Onu odun yığmağa gedəndə meşədən tapmışam. Odun tapmaq üçün ora-bura çox baxırsan axı. Yuvadan götürdüm, körpəydi. Gətirdim evə, əmziklə süd verə-verə bəslədim onu. 40 gün yedi-yatdı, kef çəkdi. Sonra gözü açıldı, tüklər çıxdı, ayaq açdı. 3 ay keçəndən sonra vəhşiləşdi. Qəfəsdə saldım, bir 12 il ona qəfəsdə qulluq etdim».


Ancaq günlərin bir günü Cümə kişinin canavarı ölür, bundan çox kədərlənsə də az keçmiş bir çıxış yolu tapır: «Canavar öləndə çox pis oldum. Bu qədər vaxt yedirt, yaşat, sonra da belə… Çox peşmançılıq çəkdim. Ancaq, elə bil kimsə dedi ki, bundan sonra daha yaxşı ola bilər…» Bundan sonra Cümə kişi sevimli canavarının müqəvvasını düzəldir.


Artıq bir müddətdir, Cümə kişi öz canavarıyla Şəkidəki Xan Sarayının qarşısında oturub gəlib gedənləri köhnə dostuyla tanış edir. Deyir vaxtıyla mən onun qayğısına qalırdım, indi də o mənə yardım edir. Belə ki, Cümə kişinin canavarına tamaşa etmək 10 qəpikdir.


Sonda canavarın gözlərinin necə parıldamasıyla da maraqlanıram. Sən demə Cümə kişi qurdun gözlərinə naqil qoşub, naqili yandıranda qurdun da gözləri işıq kimi yanır.


Cümə kişi onu da dedi ki, indi hər şeyin qiyməti qalxsa da, o, canavarına tamaşanın qiymətini qaldırmaq fikrində deyil. Baxmayaraq ki, canavarı onun üçün çox qiymətlidir.


XS
SM
MD
LG