Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:54

“Hə, mən əclafam” deyib sığortalama özünü...


Aybəniz Əlizadə
Aybəniz Əlizadə

-

Aybəniz Əlizadə

Nəsə əskikdir

Nə bilim, hərədə birşeylər əskik qalır.

Məsələn, səndə bir az mən əskikəm,

Məndə özüm.

İstanbulda da dostlar.

Amerikada hamımız,

Əskikik.

Tiflisdə yaşam ucuz,

Azərbaycanda insanlar.

Gözlərim bulanır,

Baxa bilmirəm.

Bir azdan qusacaq.

O özü yad, ruhu yaxın qadına de ki,

Tez-tez yuxuma gəlməsin,

Əlim çatmır.

Berlindən bura pivə çox baha çıxır.

Amma darıxıram.

Bir az az iç. Az çək.

Bir az da səmimi ol.

Hərdən içində yox, üzdə dərd çək.

Daş kimisən.

Buzunu ərit.

Aralıqdayıq, bilirəm.

Bacarmayacaqsan,

Olmazsa cəhd et, çalış...

Nə bilim uşaqlığından danış.

Bircə gələcəyi qatma.

Bezmişəm.

Qayğısız yaşayaq.

Üzülməyəsən deyə,

“Hə, mən əclafam” deyib sığortalama özünü.

Əclafdan çox, qorxaqsan.

Hamımız bir az əskikik,

Hamıda nəsə çatmır.

İsveçdə diktatura,

Hollandiyada “qeyrət”,

Məndə də daha kədər çatmır.

İnsanlar yanında olanda yox,

Uzaqda olanda bir-birini atmır.

Bir sən qalmışdın,

Yazıya atdığım bütün sevdiklərim,

elə orda da qaldı.

Kaş ki, şeir olmasaydın.

Öz qabımdayam indi.

Sən əskildin.

Məndə qalmadın.

Şeirə verdim.

Olsun.

Onsuz da hamıda nəsə əskikdir,

Nəsə yarımçıqdır,

nəsə çatmır,

Kim üçünsə yenə darıxıram,

Yaddaşım pisdir,

bilirsən,

tapmır.

Onda da əskiklik var.

Xoşbəxtlikdəndir,

Həyat sürətli keçir,

Axtarıb, düşünməyə zamanım çatmır.

İstanbul / Aralıq (Dekabr) / 2014

XS
SM
MD
LG