Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:56

Da-ra-ra-ram, dam-dam


Otar İoseliani
Otar İoseliani

Hərdən sovet dövrünün şedevrləri siyahısına da salırlar bu filmi...

-

Tanrım, rəhm et! Yəni məni bağışla. Korluğumu, karlığımı bağışla.

Hər dəfə balkondakı dibcəklə, tikintidə başıma uçan daşlarla, səhnədəki açıq lyukla, laboratoriyadakı zəhərli stəkanla məni haylayırdın, eşitmirdim. Məni bağışla, rəhm et...

Baxılmalı filmlər

Əli İsa Cabbarov

DA-RA-RA-RAM, DAM-DAM

Dünən yenə tamaşaya gecikəcəkdim.

Tamaşanın musiqisində litavrların zərbləri əvvəldə və lap sondadı.

Bir qayda olaraq tamaşanın əvvəlini yola verib işlərimin dalınca gedirəm.

Bu dəfə son akkordlara güc-bəla ilə çatdım, həyəcanla ifa etdim: “Da-ra-ra-ram, dam-dam”.

Vəssalam.

Sonra dostlarla görüşdüm. Harada şam yeyəcəyimizi müzakirə etdik. Hərə bir söz dedi. Dedim, bəyənəcəyiniz bir yerə aparacam sizi. Planladığım evin sahibəsi isə məndən incimişdi deyə evə buraxmadı. Biz başqa yer axtarmalı olduq. Tapdıq... Sonra bizə getdik.Dostlar masada yazdığım musiqi parçasının partiturasını görüb maraqlandılar. Xoşuma gəlmədi bu, tez onları yığışdırdım...

Səhər yazacağım musiqi üzərində işləmək istədim, səs-küydən alınmadı. Yuxulamaq istədim, qapıtaqqıltısına oyandım. Rusiyadan olan tanışlarım Tbilisiyə qonaq gəliblər, bizdə qalacaqlar. Onları anama tapşırıb evdən çıxdım. Yolda qonşu binanın yanından keçəndə ikinci mərtəbənin eyvanından iri bir dibçək az qala başıma düşəcəkdi: “da-ra-ra-ram”. İkicə addım geciksəydim, məhv olacaqdım. Bir az aralıda yol qəzası olmuşdu. Ətraf adamla dolu idi, güclə avtobusa mindim. Məşqə az qala yenə geçikəcəkdim. Dirijorumuz məni görən kimi gecikməyimə görə məşqdən qovdu.

Otar Ioseliani
Otar Ioseliani

Yadıma düşdü ki, direktorun qəbuluna getməliyəm, onun da qonaqları vardı. Bir az gözlədim, uşaqlarla mırtlaşdım, direktor da dedi ki, saat ikidə gələrsən. Arada saatsaz dostuma dəydim. İşlərimlə maraqlandılar. Dedim, heç nəyi çatdırmıram, daim məşğulam. Dedilər, əgər hər saniyən planlanıbsa, boş boşuna burda niyə oturmusan. Xətrimə dəydilər. Masanın üstündəki mıx parçasını divara vurub kitabxanaya getdim. Tədqiqatımla bağlı bir qalaq kitab neçə müddətdir oxunmamış qalıb. Oxu zalında bir az oturdum, sonra siqaret çəkmək üçün zirzəmiyə düşdüm. Eşikdə nəsə qələbəlik vardı. Çıxdım baxım: kino çəkirdilər. Atlılar, əli silahlı inqilabçılar, dəri gödəkçəli komissarlar.

Sonra küçədə “Onu” gördüm. Dedim necəsən, dedi yaxşıyam. Dedim barmağındakı nədi, dedi ərə getmişəm. İşə ötürdüm onu. Kimya laboratoriyasına. Bir stəkan su içmək istədim. Müdir cəld əlimdən stəkanı aldı: “Kim özgə adamları içəri buraxıb? Ay yoldaş, bu zəhər ola bilərdi axı?!” Çıxdım eşiyə. Bir az gec aralansaydım, ağır daşlar başıma düşəcəkdi. “Da-ra-ra-ram”. Tikintinin ətrafı çox alcaqdan iplə hasarlanıb deyə fikir verməmişdim. Ölüb orda qalacaqdım.

Yolda “o birini” gördüm. Heç çür anlada bilmədim ki, xətrinə dəymək istəməmişəm. Qayıtdm filarmoniyaya, direktor yenə məşğul idi. Qonşu otaqda 5-6 kişilik xor məşq edirdi. Biri xaric oxuyurdu. Onlara qoşuldum, xaricləyənin tonallığını düzəltdim. Qəbul otağına qayıdanda gördüm direktor gedib artıq. Sonra “başqa birisinin” evinə qonaq getdim. Dedim birdən buraxmaz, kostyumumu əhəngli divara sürtüb, davadan qaçdığımı imitasiya etməli oldum. Alındı, içəri buraxdı. Sonra başa düşdü: “bilsən, məni nə qədər boğaza yığmısan” dedi.

Çıxıb dostumla Şeytanbazara, türk hamamlarına getdik, çimdik. Sonra qonşumu cərrah dostumun yanına müayinəyə apardım. Mənə də müştəri gözü ilə baxıb suallarını yağdırdı. Dedim, iş çoxdu, xeyri yoxdu. Bütün günü qaçhaqaçdayam axşam baxıram ki, heç nə eləməmişəm. Hər şey bir-birinə qarışıb, başımı itirmişəm. Səs-küy məni bezdirir, sakitlikdən də xoşlanmıram. Səndə belə hal olub? - Bəlkə yorulmusan? –Yox. - Onda tənbəlləşmisən. Xətrimə dəyib getdi cərrahiyyə palatasına. Kənardan müşahidə etdim-xəstə narkoz altında şüursuz uzanmışdı.

...Küçədə tanışlara rast gəldim, dedilər yeyib-içməyə gedirik, sənsiz olmaz. Dedim, tamaşaya geçikirəm, axşama özümü çatdıraram. Bu gün baleti müşayiət edirdik. Əvvəldəki zərbləri vurub qaçdım evə.

Otar Ioseliani
Otar Ioseliani

Anamın ad günü idi. Rəfiqələri yığışıb romanslar oxuyurdular. Onları pianoda müşayiət etdim. Qayıtdım teatra, güclə özümü litavrların son zərbələrinə çatdırdım. Təntənə ilə vurdum: “Da-ra-ra-ram, dam-dam”. Pərdə arxasına keçib “daha birisinə” yaxınlaşdım. Bu tamaşada baş partiyanı o aparırdı. Heç hay vermədi mənə. Aralananda da, az qala səhnənin açıq lyukuna yıxılacaqdım.

Dostum güclə qolumdan tutdu. Tez kitabxanaya qayıdıb kitabları qaytardım, sabaha saxlamağı xahiş etdim. Restorana özümü çatdıranda içəri buraxmırdılar məni, güc-bəla ilə keçdim. Gecikdiyimə görə dostlarım incimişdilər. Əlimə şərab alıb avazla oxumağa başladım, dostlar da bizə qoşuldu. Bir-birimizə baxdıq, sevdik bir-birimizi, sevincdən gözlərimiz yaşardı. Yenə çaxırlar gəldi. O biri stoldan da məni ümumi tanışlar dəvət etdilər, keçdim onların masasına. Süzdülər içdik. Sonra oxuduq, sonra yenə içdik. Sonra yenə oxuduq.

Artıq hamı getmişdi, dostum məni kənara çağırıb ”Niyə özünü belə aparırsan. Səni bura kim dəvət edib, sən kimin dostusan, niyə o masadan bu masaya kəpənək kimi ucursan. Xətrimə dəyirsən. Yaxşı adam deyilsən sən” dedi. Biz çıxanda bütün axşamı fikirli oturan yaşlı zabit səhnəyə çıxıb pianoda rus romansı ifa edirdi. Bir az qulaq asıb getdim “başqa birisi”gilə. Rəfiqələri ilə yığışıb futbola baxırdılar. Qonşu otaqda kiçik qardaşının yanına keçdim. Teleskopu vardı. Dürbinlə üzbəüz yaşadığım binanın pəncərələrinə baxdım: Ana və bala dərs hazırlayırdı. Rəssam molbert qarşısında fikrə getmişdi. Anamı da gördüm. Rusiyalı qonağı ilə bügünkü ad günündən sonra yorğun görünürdü. Yaşlanıb anam.

Evə qayıtdım. Gecə vaxtı anamı yerindən elədim. Qrafində su gətirdi, “qonaqlarını niyə yalqız buraxmısan, bütün günü tək gəzirlər” dedi. Dedim iş çoxdu, sabah gəzdirərəm onları. Dedi ki, Eliso xala günortakı müşayiətinə görə sənə minnətdarlığını bildirir.

...Kitab oxudum, yuxu apardı məni.

Sonra səhər oldu. Rusiyalı qonaqlarım məni oyatmamaqdan ötrü ehtiyatla yuyunmaq üçün mətbəxə keçdilər. Tez aradan çıxdım. Əla günəşli hava vardı. Ovqatım da əla, işə tələsirdim. Dibçəkli eyvanın yanından bu dəfə ehtiyatla keçdim. Yuxarı baxdım və keçdim. Sonra iki gözəl qız diqqətimi çəkdi, deyəsən teatrda onlarla mırtlaşmışdım. Bəlkə səhv edirəm.

Yolu keçəndə də, diqqətim onlardaydı. Yəqin ona görə maşın məni vurdu. Da-ra-ra-ram, dam-dam. Aləm dəydi bir-birinə. Polis gəldi, təcili yardım gəldi. Xərəyə qoyub məni apardılar. Oldümmü, qaldımmı?

Otar Ioseliani (sa]da)
Otar Ioseliani (sa]da)

Saatsaz köşkündəki dostlarım öz işində idi. Dostum işə gəldi, kepkasını mıxdan asdı. Mən vuran mıxdan. Mən Giya Galadzenin vurduğu mıxdan. Bəstəkar Giya Galadze, opera-balet teatrının litavr ifaçısı. Otar İoselianinin “Oxuyan qaratoyuq vardı” filminin qəhrəmanı. Sənədli kino estetikasında, 20-ci əsrin 70-ci ilində Tbilisidə çəkilən ağ-qara film. Özü də Otar qardaşım biz gürcülərə məxsus tragikomik tonallıqda çəkib filmi. Hərdən sovet dövrünün şedevrləri siyahısına da salırlar bu filmi. Musiqi həlli də əsl mənlikdi. Tragik orijinaldan fərqli olaraq bir az ironik, yüngül ( klavesin və fleyta ilə) ifa olunmuş,

İ.S.Baxın “Matfeyin ehtirasları” əsərindən Pyotrun ariyası var: Erbarme dich, mein Gott. Tərcüməsi bilirsiz nədi? Tanrım, rəhm et! Yəni məni bağışla. Korluğumu, karlığımı bağışla. Hər dəfə balkondakı dibcəklə, tikintidə başıma uçan daşlarla, səhnədəki açıq lyukla, laboratoriyadakı zəhərli stəkanla məni haylayırdın, eşitmirdim. Məni bağışla, rəhm et.

Qonşumu tanış həkimə aparmağıma, anamın rəfiqələrini pianoda müşayiət etməyimə, rusiyalı qonaqları evimdə qonaq etməyimə, məclisdə dostlarımı ifamla zövq verməyimə görə bağışla məni!

Heç olmasa saatsaz köşkündə divara vurduğum mıxa görə bağışla məni!

Tanrı, bağışla məni konsertə geçikirəm: Da-ra-ra-ram, dam-daam.

XS
SM
MD
LG