Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

İntiqam Əliyev: «Əgər sən vicdanlısansa, bir gün növbə sənə də çatacaq»


İntiqam Əliyev
İntiqam Əliyev

-

Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Rasim Sadıqovun prosesi zərərçəkənlərin ifadəsi ilə başlamaq istəməsi müdafiəçilərin etirazına səbəb olub. İntiqam Əliyev ittihamların ona aydın olmadığını, bu halda özünü müdafiə edə bilmədiyini bildirib. Əlavə edib ki, onun hələ bu və digər məsələlərdə bağlı vəsatətləri var və məhkəmə hazırkı mərhələdə öncə bu vəsatətlərə baxmalıdır.

«20 İLDİR Kİ, VİCDANLI İNSANLARI ZƏRƏRSİZLƏŞDİRİRSİZ»

İntiqam Əliyev ötən proseslərdə məhkəmənin böyük zalda keçirilməsi ilə bağlı vəsatətin təmin olunduğu halda, hazırkı iclasın yenidən kiçik zalda keçirilməsinə də etiraz edib:

«Bu proses siyasi motivli proses olduğundan ictimai maraq kəsb edir. 20 ildir ki, siz vicdanlı insanları zərərsizləşdirirsiz. Mən hökmün nə olacağını bilirəm, bunu nəzərə almışam. Heç nə mənim dilimi bağlaya bilməz. Prosesin kiçik zalda keçirilməsi artıq hüquq pozuntusudur, məhkəmənin açıqlıq prinsipi pozulur. Xüsusən də xarici təşkilatların, səfirliklərin monitorinq keçirmək istəyənlər nümayəndələri, jurnalistlər çöldə qalıblar. Məqsəd baş verənlərin ictimai nəzarətdən kənar qalmasına nail olmaqdır».

Bu zaman hakimin «bəyəm kiməsə səlahiyyət verilib ki, məhkəmənin monitorinqini aparsın?» deməsi zalda gülüşə səbəb olub.

İntiqam Əliyev: «Vay-vay, siz nə danışırsız? Bu, açıq məhkəmədir. Siz hələ bilmirsiz ki, burda hər kəs gəlib monitoriq apara bilər?»

Hakimin qəzəbinə səbəb olan bu dialoqdan sonra vəsatətlərlə bağlı qərar elan olunub. Hakim ittihamın izah olunması ilə bağlı vəsatəti təmin edib, amma prosesin daha böyük zalda keçirilməsi ilə bağlı vəsatət rədd edilib.

MƏHKƏMƏNİN TƏRKİBİNƏ ETİRAZ

İttihamın izahı zamanı da hakimlə İntiqam Əliyev arasında mübahisə yaranıb.

Hakim:

«Siz hüquqşünassınız, sizə əslində ittiham aydındır. Bu məhkəmənin gəldiyi nəticə deyil, sadəcə ittihamdır və biz bunu burda araşdırırıq.

İntiqam Əliyev:

«Elə hüquqşünas olduğum üçündür ki, ittiham mənə aydın deyil. Mən bilmirəm ki, hansı sahibkarlıq fəaliyyətinə görə ittiham olunuram».

Hakim:

«Hüquqşünasa ittihamı izah etmək gülünc çıxır».

İntiqam Əliyev:

«Əlbəttə gülüncdür. İnsanlara bu cür ittihamlar irəli sürmək gülüncdür».

Bu zaman hakimin yenidən zərərçəkənləri dindirmək təklifi müdafiəçilərin növbəti etirazına səbəb oldu. İntiqam Əliyev, ümumiyyətlə, məhkəmənin tərkibinə etiraz etdiyini bildirdi.

Qısa fasilədə müdafiəçilər bununla bağlı vəsatəti hakimə yazılı şəkildə təqdim etdilər.

«BURADA TƏKCƏ MƏN MÜHAKİMƏ OLUNMURAM»

Etirazını əsaslandırarkən İntiqam Əliyev bildirdi ki, bu günədək proseslərdə qaldırılan vəsatətlərin demək olar ki, heç biri təmin olunmayıb. Bu da məhkəmənin qərəzli olduğunu deməyə əsas verir. İntiqam Əliyev çıxışı zamanı həbsinin motivlərinə də toxunub:

«Burada təkcə mən mühakimə olunmuram. Burada insan haqları, demokratik dəyərlər uğrunda mübarizə aparan insanlar mühakimə olunur. Mən siyasətçi deyiləm. Amma insanların hüquqlarını müdafiə etməklə, seçkilərin saxtalaşdırıldığını, korrupsiya hallarını ifşa etməklə həm də siyasətlə məşğul olmuş sayılmışam. Bilirdim ki, buna görə məni tutacaqlar. Əgər sən bu ölkədə vicdanlısansa, bir gün növbə sənə də çatacaq. Heç bir qüvvə, həbs, alçaldılma məni apardığım işləri davam etdirmək istəyimdən yayındıra bilməz».

İntiqam Əliyev vəkil kimi də fəaliyyətini, xüsusən də Avropa Məhkəməsinə verilmiş işlərini davam etdirəcəyini bildirib:

«Hazırda bəzi işlərlə bağlı kommunikasiyalar gedir. Amma lazımi sənədlər hələ də istintaqdadır, bizə qaytarmırlar. Həbsimin əsas səbəblərindən biri həm də vəkil kimi fəaliyyətimi sonlandırmaqdır. Bunu mənə dəfələrlə açıq şəkildə deyiblər. Həmin sənədləri mənə qaytarmamaqla bunu bir daha sübut etmiş olurlar».

«9 GÜNDÜR HƏBSDƏ QANUNSUZ SAXLANIRAM»

İntiqam Əliyev məhkəmənin zərərçəkən Gülşən Orucova və onun bacısının bank hesabları ilə bağlı tam çıxarışı tələb etməməsini, imzaların saxta olması ilə bağlı ekspertizanın təşkil olunmamasını bir daha vurğulayıb.

Hüquqşünas artıq 9 gündür ki, həbsdə qanunsuz saxlandığını da bildirib:

«Fevralın 8-də həbs müddətim başa çatıb. 9 gündür ki, qanunsuz olaraq həbsdə saxlanıram. Azərbaycan məhkəmələrində belə əsaslandırılır ki, iş artıq məhkəmədədirsə müddəti uzatmağa ehtiyac yoxdur. Bu isə əslində qanunsuzdur».

İntiqam Əliyev hakimin bundan öncəki proseslərdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinin rədd edilməsinə də əsas görmədiyini bildirdi:

«Bir daha deyirəm ki, heç yerə qaçmaq fikrim yoxdur. Kimlərinsə ölkədən qaçacağı günü görmək istəyirəm».

«YAXŞI HAKİMİYYƏT...»

Dövlət ittihamçısının hakimdən nahar fasiləsi istəməsi, bunu insanların istirahət hüquq ilə əsaslandırmasına da İntiqam Əliyevin özünəməxsus cavabı oldu:

«İnsanının istirahətini düşünən hakimiyyət insana dəyər verməlidir. Yaxşı hakimiyyət ölkəyə 300-400 "Volvo" gətirdib turistləri gəzdirən hakimiyyət deyil. Yaxşı hakimiyyət öz vətəndaşına dəyər verən, onu yaxşı maaşla təmin edən, yaxşı avtobuslarda daşıyan hakimiyyətdir».

Fasilədən sonra məhkəmənin gedişini burada izlə

XS
SM
MD
LG