Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:57

Banklar 1500 dollar, uzağı 10 min dollara qədər kredit verir


Arxiv fotosu
Arxiv fotosu

-

Azərbaycanda bəzi banklar istehlak krediti verməyi dayandırıblar, iri məbləğdə kredit verməyə isə ürək etmirlər. Üstəlik də kreditlər manatla yox, dollarla verirlər. Hərçənd bu sonuncu elə də təzə xəbər deyil. Bütün bunları banklara bir neçə zənglə öyrənmək mümkündür.

30 MİNLİK GİROVA 20 MİN MANAT

“Bank Technique”-dən deyirlər ki, müştərilərə maksimum 10 min dollar kredit təklif edə bilirlər. 50 və ya 100 min dollar kredit verməyə bank elə də həvəsli deyil. Hər halda, bankın əməkdaşının danışdıqlarından belə başa düşmək olar. Ancaq təkidlərdən sonra əməkdaş deyir ki, müştərinin ödəmə qabiliyyətini arayıb-araşdırmalıdırlar, iş yerindən necə deyərlər “daşdan keçən” arayışı olmalıdır, ya da girov qoyulacaq dəyərli bir şey:

“Amma bir şeyi də nəzər alın, 30 min manatlıq ev girov qoyacaqsınızsa, 20 min manatlıq kredit götürə biləcəksiz. İllik 24-26 %-lə...”

“Bank Standart”dan bildirdilər ki, 1500 dollara qədər kredit verə bilələr. Bir az böyük məbləğ istəyəndə əməkdaş azca susduqdan sonra dedi ki, bunun üçün banka getmək, bütün detalları orda dəqiqləşdirmək lazımdır. Bankdan onu da əlavə etdilər ki, dövlət müəssisəsində işləyənlər üçün kreditlər iki ilədək 24 %-lə, özəl müəssisələrdə çalışanlara 27 %-lə verilir.

KREDİT LOMBARDA VERİLİR

“Bank Respublika”dan eşitdiklərimiz: “Nağd istehlak kreditini dayandırmışıq. Lombard krediti veririk. Lombarda qoyulan qızıl-zinət əşyasının 80 %-i dəyərində kredit təklif edirik”.

“Turan Bank”dan da bildirdilər ki, krediti ancaq dollarla verirlər. Vətəndaşlara ilkin olaraq 2000 dollar kredit təklif olunur, özü də zaminsiz. Ancaq məbləğ arta da bilər, bu zaman zaminlərin də sayı artırılır.

Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı Nazim Məmmədov bankların böyük məbləğdə kredit verməməsini onların risklərdən sığortalanması ilə izah edir. Bir də onu deyir ki, bu gün əksər kommersiya bankları gözləmə mövqeyindədir. Elə iqtisadçı bəzi bankların istehlak kreditini dayandırmasını da mümkün risklərlə bağlayır:

"Alıcılıq qabiliyyəti düşəndə risklər də çoxalır. Ona görə də banklar istehlak krediti verilməsini təxirə salıblar”.

MƏHDUDİYYƏT YOXDUR

O ki qaldı bankların krediti milli valyuta ilə deyil, dollarla verməsinə, Nazim Məmmədov vurğulayır ki, qanunlar bankların krediti məhz hansı valyuta ilə vermələrinə şərt qoymurlar: “Banklar da bu şəkildə gələcək risklərdən özlərini sığortalayırlar. Ancaq Mərkəzi Bankın üzərində məsuliyyət var, o bankları milli valyuta ilə təmin edə bilər”.

Bəs, Mərkəzi Bank bunu necə edə bilər?

Nazim Məmmədov Azərbaycanın xarici banklarda çox cüzi faizlə valyuta yerləşdirməsini yada salır. O hesab edir ki, Mərkəzi Bank həmin vəsaiti bu gün Azərbaycan banklarına yerləşdirməklə bank sektoruna da nəzarət edə bilər. Amma Mərkəzi Bank xaricdəki pulları yerli banklara vermək bir yana, həm manatın devalvasiyası, həm də ondan öncə bankların nizamnamə kapitalını 50 milyon dollara qaldırmaqla onları pis vəziyyətdə qoydu.

İqtisadçı çıxış yolunu bank sahəsində, eləcə də iqtisadiyyatda köklü islahatlar aparmaqda görür.

XS
SM
MD
LG