Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:02

Ekspert deyir ki, monopolislər qoz-fındığı 25 dəfə bahalaşdırır


Arxiv fotosu
Arxiv fotosu

-
- Bu fındıq yaxşıdır?
- Bağlı qutudur, nə bilim içindən necə çıxacaq.
- Mal sənindir, xarab olub-olmadığını bilməlisən.

Üzündən min bir əziyyət yağan kişi narın yağışın islatdığı fındıq topasından birini götürdü, sındırıb alıcıya uzatdı: «Al, ye».

Alıcı ona uzanmış əldə mirvari dənəsindən bir az yekə fındıq ləpəsinə baxıb «yaxşı, 1 kilo çək» dedi.

Kişi həmin mirvari dənəsindən azca yekə ləpəni nə öz ağzına atdı, nə də yerə tulladı. Astaca, fındıq ləpəsi yığılmış kisəyə atdı, fındığın dənəsi belə qiymətli idi.

Nimdaş geyimli, soyuğa baxmayaraq, isti üst geyimi olmayan iki qadın da kişinin yanında ayaq saxladı. Qiyməti öyrənib hər çərəzdən 300 qram istədilər, dodaqaltı gileylənə-gileylənə qiymətin bahalığını söhbətlərinə mövzu elədilər.
Bayram qabağı Gəncə bazarı aşıb-daşır: piştaxtalar dolu, adam da adama dəyir.

Fındıq, qoz, şabalıd satan Nizami kişi Şəkinin Baş şabalıd kəndindən gəlib. Deyir ki, öz bağının məhsulunu satır: «Fındıq zavodu kilosunu 5 manatdan alır, biz də üstünə 1 manat qoymuşuq ki, heç olmasa bir az qazanaq»

«GÖRƏK KİM PAY GƏTİRİR»

Şəhər sakini Dürdanə Həsənova isə deyir ki, bu il fındıq, qoz çox bahadır:

«Ayda 300 manat maaş alıram. Hər il Novruz qabağı cürbəcür şirniyyat bişirirdik. Novruz şirniyyatlarına da bilirsiz ki, qoz-fındıq gedir. Təsəvvür eləyin, 20 paxlavaya 1 kilo qoz gedir, mən bunun yağını-şəkərini demirəm. Hesablayanda 20-25 manatdan çox xərc çıxır. Babat qoz ləpəsinin kilosu 13-14 manatdır. Gəncədə adətdir, evində bişirdiyindən qonum-qonşuya pay verirsən. Ancaq bu dəfə deyəsən, gözümü qapıya dikəcəm ki, görək kim mənə pay gətirir?»- Dürdanə xala gülümsəyir və sözünə davam edir: «Yarım kilo qoz-fındıq aldım, 3 manat verdim. Uşağın üzü gülsün, çərşənbəni yola verək».

Bakı 2014
Bakı 2014

Fındıq, qoz öz qiymətiylə bu dəfə meydan oxuyur: Qoz-fındıq 6 manatdan başlayır. Xırdalanmış-qırılmış qoz ləpəsini 9 manata ala bilərsən. Gəncə bazarında keyfiyyətli qoz ləpəsi 15-16 manatdır. Fındıq ləpəsi də 14-17 manatdır.

Bakının «8-ci kilometr» bazarında isə fındıq ləpəsini 18-20 manata verirlər. Paytaxt marketlərində 22-23 manata qoz ləpəsi təklif edirlər.

İSTEHSAL AZALMAYIB Kİ, ARTIB

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, Azərbaycanda 2013-cü ildə 9,6 min ton, fındıq 31.2 min ton istehsal olunub. 2005-ci ildən bəri dinamika qoz-fındıq istehsalının artdığını göstərir. 2014-cü il üzrə rəsmi statistika hələ açıqlanmasa da, bəzi ekspertlər qoz-fındıq istehsalında ciddi dəyişiklik olduğunu güman etmirlər. Ancaq bazarda qiymətlər ötən illə müqayisədə hiss olunacaq qədər artıb.

Novruz bayramı ərəfəsində tələbatın artdığı qoz-fındıq niyə belə bahalanıb?

TÜRKİYƏNİN QITLIĞI AZƏRBAYCAN FINDIĞINA TƏLƏBATI ARTIRIB

Balakənin Kortala kəndinin sakini Ramazan Kərimov AzadlıqRadiosuna müsahibəsində deyir ki, qoz-fındığın kilosunu 3-4 manata satırlar:

«Hətta qozu 3.50 qəpiyə də veririk. Ləpənin kilosunu 5 manatdan satırıq. Ən yaxşı, rəngi ağ ləpə 10-12 manatdır. Qiymət satış yerlərində bahalaşıb. Fındığı 3-4 manatdan satırıq. Əsas zavodlar alır. Fındığı adətən, zavodlarda təmizləyirlər».

Gəncə bazarında tanış olduğumuz şəkili Nizami kişi fındığın bahalığını məhsulun qıt olması ilə izah edir. Ramazan Kərimov isə deyir ki, dünya bazarının əsas fındıq istehsalçısı Türkiyədə qıtlıq yarandığından Azərbaycan fındığına üstünlük verilib: «Türkiyədən gəlib aldılar, ya da burdan kimlərsə alıb Türkiyə vasitəsilə dünya bazarına çıxardılar. Bu da Azərbaycanda fındığın qiymətinə təsir etdi».

KİLOSU 1 MANATA QOZ VƏ YA 50 QƏPİYƏ FINDIQ?

«Nəinki qoz-fındıq, digər əsas məhsulların da qiymətində bahalaşma müşahidə olunur», aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna müsahibəsində belə deyir. Onun fikrincə, heç bir iqtisadi əsas olmadan bayram qabağı bəzi məhsullarda qiymət artır. Ancaq ekspert hazırkı bahalaşmanı «bayram bəhanəsinə» bağlamır:

Məsələn, gömrükdə təmizlənmiş badamın, qurudulmuş əriyin, şabalıdın 1 kiloqramı 50 sentə, təxminən 50 qəpiyə rəsmiləşdirilir. Bazarda isə dəyərindən 25 dəfə baha qiymətə, 12 manata satırlar...

«Azərbaycandan bəzi məhsullar ixrac olunur, o cümlədən fındıq da. Fındığın ixracı artıb. Amma bu o demək deyil ki, ixracın artması Azərbaycanın qoz-fındıq tələbatını ödəmək qabiliyyətini aşağı salır. Üstəlik, axı həm də idxal var. İdxal qiymətinə baxanda isə bazardan dəfələrlə ucuz olduğunu görürsən. Məsələn, gömrükdə təmizlənmiş badamın, qurudulmuş əriyin, şabalıdın 1 kiloqramı 50 sentə, təxminən 50 qəpiyə rəsmiləşdirilir. Bazarda isə dəyərindən 25 dəfə baha qiymətə, 12 manata satırlar. Təzə heyvanın 1 kilosunu 31 sentə idxal edib 4 manata satırlar. Qabığı təmizlənmiş qoz 97, Keşyu fındığı 46 sentə idxal olunur. Bazarda qiyməti neçədi? Bu onu göstərir ki, malı idxal edənlər inhisarçılardır və bazara qiyməti diktə edirlər».

FINDIQ DA MONOPOLİYADA

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Vahid Məhərrəmov hesab edir ki, bu gün bazarda qiyməti tələb-təklif deyil, inhisarçılar müəyyənləşdirir: “Alıcıların da başqa seçimi yoxdur. Yerli istehsal idxalı üstələyə bilmir ki, qiyməti dəyişsin. Üstəlik, idxal məhsulları yerli məhsullardan daha keyfiyyətli olar. İnhisarçılar da bundan sui-istifadə edirlər”.
Ekspertin fikrincə, idxal inhisarçılarının qabağına güclənmiş yerli istehsalla çıxmaq olar, ancaq:

“Yerli qoz, xüsusilə fındıq istehsalı da getdikcə monopoliyaya alınır. Fındıq təmizləmə zavodları müəyyən adamların əlindədir. Bazar güzgüdür, qiymət özü nişan verir ki, hansı məhsul monopoliyadadır, hansı məhsulu kəndli özü birbaşa bazara çıxarıb”.​

XS
SM
MD
LG