Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:02

Əgər sizi gözəl ayaqlarınıza görə işə götürüblərsə...


Günel Mövlud
Günel Mövlud

-

Bu dörd il ərzində həmin üç qız bircə işlə məşğul oldular: ərə getmək üçün şəhərli oğlan axtardılar...

Günel Mövlud

ƏYALƏT QIZI

Universitetə bizim bölgədən olan 3 qızla eyni ildə qəbul olunmuşduq.

Eyni ildə, eyni universitetə. Qızların aşagı-yuxarı maddi imkanları, ailələri oxşar idi. Müharibə hərəsinin ailəsini bir tərəfə salmışdı.

Bu qızlar həmin köçkün, kasıb ailələrinin boğazlarından kəsib artırdıqları cüzi pullarla həm dərsə gəlib-getməli, həm kirayə haqqı ödəməli, həm yemək yeməli, həm də geyinməli idilər.

Eyni bölgədən olduğumuza, uzaqdan-yaxından ailələrimizin tanışlığına görə bu qızlarla pis-yaxşı münasibətlərim vardı.

Çox yaxın olmasaq da, hər gün bir-birimizi görür, salamlaşır, bir-iki kəlmə deyib, bir-iki xəbəri müzakirə edib, ayrılırdıq. Hər dəfə görüşəndə onların həmin imkanlarla necə yaxşı geyinə bilməsinə, kosmetikaya, bəzənməyə pul tapmalarına təəccüb edirdim. Məlum idi ki, onlar valideynlərini olmazın borclara, xərcə salır, hardan olursa-olsun pul tapıb göndərməyə məcbur edirdilər. Bunu həm söhbətlərindən, həm də əyin-başlarından bilmək olurdu.

Biz dörd il bir yerdə oxuduq. Bu dörd il ərzində həmin üç qız bircə işlə məşğul oldular: ərə getmək üçün şəhərli oğlan axtardılar.

Düz dörd il bu qızlar evdən gələn pulu kosmetikaya, paltara xərclədilər, saçlarını düzəltdilər, davranışlarında islahatlar elədilər. Həmişə qəşəng, şux görünürdülər. Deyib-gülürdülər. Bufetdə oturub, söhbət edir, qol-qola girib bulvara gedirdilər. Və dayanmadan oğlan axtarırdılar.

Amma oğlan tapmaq mümkün olmadı. Dörd il bitdi. Bakalavrı bitirib, son imtahanları verən kimi, ailələri üçünü də rayona çağırdı. Dörd il ərzində bu qızlar oxumamışdılar. İncəsənət universiteti kimi yaradıcı bir mühitdə dərs aldıqları halda dörd il ərzində heç bir yaradıcı çevrəyə qoşulmamışdılar. Əlaqələr yarada bilməmişdilər.

Paytaxtın ovqatı, havası ilə doğmalaşmamışdılar. Onlar yalnız ərə getməyə oğlan axtarmışdılar. Onu da tapa bilməmişdilər. Buna görə də, son imtahanları birtəhər verəndən sonra, ortada işsiz, çevrəsiz qalmışdılar.

Öyrəndim ki, üçü də rayonlarına qayıdıb. Daha sonra eşitdim ki, birini rayonda qohumlarının birinin oğluna ərə veriblər.

Aradan yeddi-səkkiz il keçdi. Həmin qohumuna ərə gedən incəsənət tələbəsini təsadüfən şəhərdə gördüm. Universitedə bütün günü deyib-gülən, bəzənən, saçını gündə bir dəbə, bir rəngə salan, şux qız indi qoca arvada oxşayırdı. Gözləri çuxura düşmüşdü.

Üzünün dərisi qaralmış, bərk qırışmış, saçları solmuşdu. Ağzını açanda üst dişinin ikisinin çatışmadığı o dəqiqə görünürdü. Kəndli qadınlar kimi geyinmişdi, əllərinin dərisi ağır işlərdən kobudlaşıb qırışmış, dırnaqlarının altı qapqara qaralmışdı. Xeyli qarnı çıxıb, aşağı sallanmışdı. Döşləri elə bil, balacalaşıb yoxa çıxmışdı.

Ondan tər və ucuz, şirin ətir iyi gəlirdi. Yanınca gələn qızının əlindən tutmuşdu. Tələsirdi, qızına dərs ləvazimatları alıb, evə bazarlıq edib, kəndə qayıtmalı idi.

Biz ayaqüstü cəmi beş dəqiqə danışdıq. Dedi ki, onunla rayona qayıdan qızlardan biri də ərə gedibmiş. Ər evində beş-altı adama qulluq eləməli, harasa gedəndə 5-6 adamdan icazə almalı, nəsə səhv edəndə bu adamların hamısı tərəfindən danlanmalı imiş. Sonra dözə bilməyib, boşanıb. Indi də ata evində gününü qara eləyiblər. Deyirlər oxudun, yarıtmadın, ərə getdin, yarıtmadın. Ata evində yediyi bir tikə çörəyi gündə beş dəfə burnundan gətirirlər.

Üçüncü qız, ümumiyyətlə, ərə getməyib. Özü universitet oxuduğundan, rayonda heç kimi bəyənməyib. Oxumuş, varlı, mədəni, şəhərli oğlan gözləyib. Gözləyə-gözlərə yaşlanıb. Indi yaxın duran da yoxdur. Evdə də bütün günü danlayırlar ki, dörd il səni niyə oxutduq, işləməyin cəhənnəm, ərə də gedə bilmədin.

Mən o üç qız barədə arada düşünürəm. Axı, özüm də onlardan biri idim. Maddi durumumuz eyni idi. Ailələrimizin bizim oxumağımıza münasibəti eyni idi. Gözləntiləri eyni idi. Ən əsası, o üç qızla bizim arzumuz eyni idi. Biz əyalətdən gəlmişdik və paytaxtı fəth etmək istəyirdik.

Burda qalmaq, bu nəhəng şəhərdə öz yerimizi tapmaq, yaşamaq istəyirdik. Əyalətdən gələn bütün qızların arzusu bu olur. Heç bir əyalət qızı oxuyub, rayona qayıtmaq, ömrünü bozluğun, maraqsızlığın, ağır zəhmətin içində keçirmək, vaxtsız qocalmaq istəmir.

Amma onlar şəhər həyatını öz təhsilləri, zəhmətləri ilə, gündüz oxuyub, gecə işləməklə, min bir zəhmətə qatlaşaraq, yıxılıb dura-dura deyil, başqasının əli ilə qazanmaq istəyirdilər.

Yolun ən asanını seçmişdilər, istəyirdilər ki, bir şəhərli oğlan hər şeyi podnosun içində gətirib onlara versin. Heç nə etmədən, heç bir əziyyət çəkmədən hər şeyi birdən əldə eləsinlər. Sonra da bu asan yolu seçməyin cəzasını çəkdilər.

Belə tale asan yolla şəhər həyatı əldə etmək istəyən, kiminsə sayəsində bu həyatı yaşamaq istəyən bir çox əyalət qızını gözləyir. Şəhərə oxumağa gələn kənd qızları bilməlidirlər ki, onların şəhərli qızlar kimi davranmaları mümkün deyil. Şəhərli qızın şəhərdə evi var. Ailəsi var. Evdə yeməyə pis-yaxşı hazır yeməyi var. Dörd-beş ildən sonra onu heç kim rayona çağırmayacaq. Pis-yaxşı şəhərli çevrəsi, qohumları var.

Rayon qızları isə belə lüksə sahib deyillər. Ona görə də, şəhərli qız bir oxuyanda, rayon qızı beş oxumalıdı. Şəhərli qız bir zəhmət çəkəndə, əyalət qızı beşqat zəhmət çəkməlidi. Yaxşı iş tapana, özünə yaxşı karyera qurana, ciddi mütəxəssis olana qədər yorulmadan işləməlidi. Lazım gələndə əynindən, lazım gələndə boğazından, lazım gələndə yuxusundan, istirahətindən, əyləncəsindən kəsməlidi. Əyalət qızının səhv eləməyə, yorulmağa, ümidsizliyə qapılmağa, kövrəlməyə haqqı yoxdur. O hamıdan güclü olmalı, hamıdan çox işləməlidi.

Gənclik, şuxluq müvəqqətidi. Bu göstəricilər heç də bütün qadınlara kömək etmir. Əgər kimsə sırf gəncliyinə, gözəlliyinə görə nəyəsə nail olubsa, bu o demək deyil ki, hamıda belə olacaq. Lap belə olsun, bəs ömrü müvəqqəti olan o gənclik, gözəllik keçəndən sonra nə etməli? Qadın ağlı, təhsili, bacarığı olmasa, yaşlanandan sonra nəyə güvənməlidi?

Bir dəfə nüfuzlu şirkətlərdən birində işləyən bir gözəl xanımın müsahibəsini oxudum. O, işləmək istəyən gənc qızlara belə bir məsləhət verirdi:

- Əgər sizi gözəl ayaqlarınıza görə işə götürüblərsə, elə işləyin ki, ayaqlarınıza maraq öləndən sonra əvəzsiz işçi olduğunuza görə sizi işdə saxlasınlar...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG