-
Şeir – bu dəfə beynəlxalq valyuta qismində!
Avstriyanın “Julius Meinl” şirkəti elan edib ki, dünya boyu 1000-dən artıq qəhvəxanasında müştərilərə kofe içib pulunu öz şeirilə ödəmək imkanı yaradıb.
Yalnız bir gün:21 Mart – Dünya Poeziya Günündə.
1862-ci ildə yaradılmış şirkət bildirir ki, bu kampaniya sözə dəyər vermək, şairləri ilhamlandırmaq üçündür. 2013-cü ildə şirkət Buxarestdə bütöv bir metro qatarını şeir yazılmış kağızlarla bəzəmiş, sərnişinlərə xoşlarına gələn şeiri qoparıb özüylə aparmaq imkanı yaratmışdı. Vyanada isə şeirləşmə müsabiqəsi keçirmişdi.
Şirkətin qəhvəxanaları əsasən Avropada yerləşir.
Amma son kampaniya haqda xəbər yayan Britaniya mətbuatı zarafatla sual edir ki, şeirə qiymət vermək kassirlərin boynuna düşəcək.
Onlar şeiri kofe içənin özünün yazdığını necə biləcəklər?..
Şirkət "Kofe iç – pulunu şeirlə ödə!" kampaniyasını 2013-cü ildə də keçirib. Videoçarxı aşağıda.