Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:26

Nils Muižnieks daha iki azərbaycanlı məhbusdan yazır


Nils Muižnieks
Nils Muižnieks

-

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks daha 2 azərbaycanlı məhbusun işi ilə bağlı qeydlərini Avropa İnsan Haqları Məhkəməsinə göndərib. Hüquq müdafiəçiləri Anar Məmmədli və Rəsul Cəfərovun işi üzrə martın 30-da məhkəməyə göndərilən qeydlər aprelin 1-də açıqlanıb.

PARLAMENT SEÇKİSİ ÖNCƏSİ MONİTORİNQ İŞİNİ ÖNLƏMƏK

Komissar qeydlərində ötən il QHT qanunvericiliyinə edilən ziddiyyətli dəyişikliklərdən, ifadə azadlığına məhdudiyyətlərdən, özəlliklə insan haqları ilə məşğul olan QHT-lərin qeydiyyatına, fəaliyyətinə yaradılan əngəllərdən bəhs edir. O, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin ölkədə seçki monitorinqinin ən peşəkar təşkilatçılarından olduğunu vurğulayır. Məmmədli həmçinin Avropa Şurasını Azərbaycanda insan haqlarının durumu ilə bağlı mütəmadi məlumatlandırırdı.

«Komissar narahatdır ki, bu ərizəçinin saxlanması və həbsi onun insan haqları pozuntularına dair məlumat vermək cəhdlərini, noyabrda keçiriləcək parlament seçkilərini nəzərə alsaq, seçki monitorinqi işini önləmək məqsədi güdür».

«SPORTS FOR DEMOCRACY»

Rəsul Cəfərovun işinə gəlincə, Komissar onun İnsan Haqları Klubunun qeydiyyata alınmamasından bəhs edir. Muižnieks-in fikrincə, bu iş də Azərbaycanda insan haqları pozuntularının həlli məqsədilə beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası ilə əməkdaşlıq edənlərin repressiyaya məruz qalmasının bariz nümunəsidir.

«Rəsul Cəfərov 2015-ci il Avropa Oyunları ərəfəsində «Sports for Democracy» kampaniyası təşkil etməyi planlaşdırırdı. O, Azərbaycanda siyasi motivlərlə həbs olunmuş şəxslərin işlərini də sənədləşdirirdi». Komissar Cəfərova irəli sürülən ittihamların digər hüquq müdafiəçiləri ilə eynilik təşkil etdiyini bildirib.

REPRESSİYALAR DAYANDIRILSIN

Nəhayət, Nils Muižnieks qeyd edir ki, Ofisinin vətəndaş cəmiyyəti tərəfdaşlarına repressiyalar Azərbaycanda insan haqları sahəsində işi çətinləşdirir. «Bu repressiyalar dərhal dayandırılmalı və baxışlarına və ya qanuni vətəndaş fəaliyyətinə görə həbs olunanlar azadlığa buraxılmalıdır», - Komissar vurğulayır.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsul Cəfərov da qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur. Hazırda onun məhkəməsi gedir.

Hər ikisi ittihamları rədd edir. «Amnesty International» təşkilatı isə həm Anar Məmmədli, həm də Rəsul Cəfərovu «vicdan məhbusu» kimi tanıyıb.

LEYLA VƏ ARİF YUNUSLARLA BAĞLI TƏQDİMAT OLACAQ

Bundan öncə Komissar Muižnieks «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov və hüquqşünas İntiqam Əliyevlə bağlı müşahidələrini yayıb. Aprelin ortalarında isə sonuncu - Leyla və Arif Yunuslarla bağlı qeydlərin açıqlanacağı gözlənir.

Bu təqdimat komissar tərəfindən atılan nadir addım, insan haqları problemlərinin yaratdığı ciddi durumun həllinə yönəlik «sonuncu silah» sayılır.

Azərbaycan rəsmiləri bu və öncəki məktublarda səslənən tənqidlərə münasibət bildirməyib. Amma hakimiyyət təmsilçiləri bir qayda olaraq, insan haqları ilə bağlı tənqidləri rədd edir, bir sıra ictimai fəalların konkret cinayət işlərinə görə həbs edildiklərini bildirir. ​

XS
SM
MD
LG