Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:20

“Washington Post” Azərbaycandan yazır: “Olimpiya məşəlini öləzidən ölkə”


Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə (arxiv fotosu)
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə (arxiv fotosu)

-

“Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey bu yaxınlarda iyunun 12-də Bakıda açılacaq ilk Avropa Oyunlarına hazırlıqdan razılığını bildirdi. Bakıya səfəri zamanı dedi ki, “gözləntilərimiz heyrətamiz şəkildə yerinə yetirilib”. Cənab Hickey cüdo üzrə qara kəmər sahibidir, İrlandiyanı beynəlxalq yarışlarda təmsil edib və saysız Olimpiya tədbirlərinə qatılıb. O, naşı deyil, ancaq bəyanatı üzə çıxardı ki, böyük bir problemi görə bilmir”. Bunu ABŞ-ın nüfuzlu “Washington Post” qəzetində aprelin 15-də dərc olunmuş redaksiya məqaləsində oxuyuruq.

İNSAN LƏYAQƏTİ

Məqalədə deyilir ki, Avropa Olimpiya Komitələri Olimpiya Xartiyasının məqsədlərinə sadiqdir. Bu xartiyaya “Olimpizmin fundamental prinsipləri” daxildir. Xartiyanın ikinci bölümündə oxuyuruq: “Olimpizmin məqsədi idmanı bəşəriyyətin harmonik inkişafına xidmət elətdirmək, bəşəri ləyaqətin qorunması naminə dinc cəmiyyəti irəli aparmaqdır”.

“İnsan ləyaqəti barədəki cümlə çox vacibdir, çünki Avropa Oyunları 2015 insan haqları dəhşətli durumda olan, getdikcə pisləşən bir ölkədə oynanılacaq”.

Daha sonra məqalədə aprelin 13-də insan haqları fəallarının, həbsdə olanların ailə üzvlərinin imzaladığı açıq məktub göndərdiyi qeyd olunur. Həmin məktubda Azərbaycanda Rusiya və Belarusdakından iki dəfə çox siyasi məhbusun olduğu vurğulanırdı.

HİCKEY XƏDİCƏYƏ BAŞ ÇƏKSİN

“Bakı oyunlarında 6 min atlet 20 idman növü üzrə yarışacaq. 1300 jurnalist akkreditə üçün müraciət edib. Ancaq cənab Hickey və digərləri Azərbaycanda istibdad dövlətinin dərinləşməsinə diqqət yönətlməsə, bu oyunlar Olimpiya ideallarının yerinə yetirilməsinə heç yaxın belə düşməyəcək. Çin və Rusiya kimi Olimpiya oyunları keçirilən ölkələrdə insan haqlarının durumu barədə ziddiyyətli fikirlər olub, ancaq oyunlar da davam edib. Azərbaycanın halında repressiv hökumətin iç üzü atletika bayramından öncə, həmin vaxt və sonra da faş olunmalıdır”.

“Başlanğıc üçün cənab Hickey AzadlıqRdiosunun korrupsiya məsələləri üzrə araşdırmaçı jurnalisti Xədicə İsmayılovaya baş çəkməlidir. O, dekabrdan, özünün dediyi kimi, siyasi motivli ittihamlarla həbsdədir. İsmayılovanın intihar həddinə çatdırdığı bildirilən şəxs indi şikayətini geri götürmək istədiyini deyir”.

LƏKƏNİ İŞIQLANDIRAN ALOV

“Cənab Hickey-ə təklif edirik ki, haqsız yerə saxlanmış insan haqları fəalı Leyla Yunus və əri Arif Yunusun işinə diqqət ayırsın. Onlar məhz özlərinin və Azərbaycanda qaranlıq kameraları atılmış digərlərinin susdurulması məqsədilə həbs olunublar”.

“Avropa Olimpiya məşəlini Bakıya aparırsa, bu məşəl cənab Əliyevin Azərbaycana vurduğu dəhşətli ləkəyə işıq salmalıdır – bəşəri ləyaqət bu ləkəni qəbul etmir”.

Hakimiyyət təmsilçiləri ölkədə insan haqları pozuntuları barədə beynəlxalq tənqidləri qətiyyətlə rədd edir. Ölkədə hər bir fərdin fundamental hüquq və azadlıqlarının qorunduğu, təmin olunduğu bildirilir. Həbsdə olan şəxslərin isə konkret cinayətlərə görə saxlandığı qeyd olunur.

XS
SM
MD
LG