Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 04:17

Bakı-Vaşinqton üz-üzə. Dörd şərh.


-

Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid

Milli Məclisin mətbuatı orqanı olan “Azərbaycan” qəzeti bugünlərdə ABŞ rəsmilərini tənqid edən yazı dərc edib. Yazı ABŞ liderləri – Barak Obama və John Kerry cütlüyü islamofob və ermənipərəst adlandırır, onları Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qərəzli mövqe tutmaqda günahlandırır.

Müəlliflərin fikrincə, ABŞ prezidenti hesab edir ki, xalqlar müstəqil şəkildə özlərinə hakimiyyət seçə və öz qanunları, qaydaları ilə yaşaya bilməzlər, onlar öz həyat tərzlərini Amerikanın maraqlarına, istək və arzularına uyğunlaşdırmalıdırlar.

Qəzet təklif edir ki, Azərbaycan antiterror koalisiyasından və NATO hərbçiləri üçün nəqliyyat dəhlizindən çıxmaq məsələsini bir daha nəzərdən keçirsin.

Keçən ilin dekabrında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ABŞ-ı tənqid edən məqalə ilə çıxış etmişdi.

Azər Qasımlı
Azər Qasımlı

Müxalif ReAL hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı AzadlqRadiosuna deyir ki, “Azərbaycan” qəzetində dərc olunan məqalə iki ölkə arasında münasibətlərinin pisləşməsinin davam etdiyini göstərir:

“ABŞ dövlət katibinin yardımçısı Victoria Nulandın Azərbaycana səfəri də vəziyyəti düzəltmədi”.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, əslində ABŞ və Azərbaycan arasında münasibətlər çox normaldır, pisləşmədən söhbət gedə bilməz. Çünki siyasət pis olsaydı, Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı, Azərbaycan rəsmilərinin bank hesabları dondurulardı, bircə bu hadisə ilə hökumət özünə gələrdi, anlayardı ki, Konstitusiya ciddi sənəddir, ona hörmət etmək lazımdır, siyasi məhbuslar azadlığa buraxılardı, onlara hətta orden də verilərdi:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“ABŞ isə bunları etmir, əvəzində ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf səviyyəsində cavab verilir - ya da ki, “Azərbaycan” qəzeti tənqidi yazı yazır. Bu dilxoşluqların gerçək siyasətlə əlaqəsi yoxdur. Gerçək siyasət isə budur ki, neft axır, qaz axır, pullar axır...”

Zərdüşt Əlizadə deyir ki, “Azərbaycan” qəzetindəki məqalə daxili auditoriya üçün hesablanıb, əhaliyə göstərmək üçündür ki, Əliyev hakimiyyəti böyük ABŞ dövlətinə meydan oxuyur.

Azər Qasımlı isə Zərdüşt Əlizadənin bu fikri ilə razı deyil, o bildirir ki, Azərbaycanın neft və qazı ABŞ-ı “susduracaq” həcmdə deyil.

Azər Qasımlının sözlərinə görə, əksinə İran və ABŞ anlaşmasından sonra Azərbaycanın ABŞ üçün əhəmiyyəti getdikcə azalır.

Qorxmaz Əsgərov
Qorxmaz Əsgərov

Amerikalı Azərbaycanlılar Demokratiya Uğrunda (AZAD) təşkilatının vitse-prezidenti, Azərbaycan hökumətinin tənqidçisi Qorxmaz Əsgərov AzadlıqRadiosuna müsahibəsində deyir ki, qəzetin bu məqalə ilə nəyə nail olmağa çalışması aydın deyil:

“Rasional olaraq inanmıram ki, bu yazı nəyəsə nail ola bilər. Onlara elə gəlir ki, Amerika hökuməti üzərində böyük haqqa malikdirlər və Amerika hökumətinin boyuna minnət qoymağa çalışsalar, Vaşinqton Azərbaycanda insan haqlarının pozulmasına göz yuma bilər. Məncə, hesablama budur. Amma bu, məqsədə nail olmaq üçün məntiqli addım deyil”.

Marie Harf
Marie Harf

​Qorxmaz Əsgərov bir məqama diqqəti çəkir ki, məqalədə Azərbaycanı ABŞ-la Özbəkistan kimi davranmağa çağırılır. Əsgərovun fikrincə, rəsmi qəzetdə verilən bu fikir Azərbaycanın artıq insan haqlarının vəziyyəti xüsusilə pis olan Özbəkistan səviyyəsinə endirilməsi barədə etirafdır.

ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Marie Harf "Amerikanın səsi"nin "Azərbaycan" qəzetinin ABŞ liderlərinin ünvanına səsləndirdiyi ittihamlara dair sualına cavabında deyib ki, məqalə ilə tanış deyil. Daha sonra Harf bildirib ki, Bakıda rəsmilər sadəcə olaraq diqqəti ölkədəki ağır vəziyyətdən yayındırmaq istəyirlər:

“Biz insan haqları ilə bağlı narahatlıqlarımızdan danışanda mövqeyimiz çox aydın olur. Buna görə bizi günahlandırmaq cəhdləri, yaxud ABŞ-a qarşı irəli sürülən ittihamlar onların diqqəti öz situasiyalarından yayındırmaq cəhdidir. Biz bu situasiyadan çox narahat olmuşuq. Biz insan haqları ilə bağlı situasiya haqda razılaşmayanda, bunu aydın edirik.”

XS
SM
MD
LG