Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:53

Nurlana Əliyeva: «Mübariz insanın ailəsi də mübariz olmalıdır»


Nurlana Əliyeva
Nurlana Əliyeva

-

Aprelin 22-də məhkəmə hüquqşünas İntiqam Əliyevə hökm oxudu – 7 il 6 ay azadlıqdan məhrum etdi. Hökm çıxar-çıxmaz istər yerli, istərsə də beynəlxalq qurumlardan azadlıq tələbləri, çağırışları gəldi. Hökm gününü insan haqları və azadlıqlarının fəlakət günü adlandıran da oldu, bunu hakimiyyətin tənqidçilərini susdurmaq istəyi kimi dəyərləndirənlər də.

«Mübariz insanın ailəsi də mübariz olmalıdır» – İntiqam Əliyevin 25 illik həyat yoldaşı Nurlana Əliyeva belə düşünür. Onun AzadlıqRadiosuna müsahibəsini təqdim edirik:

- Nurlana xanım, hökmü necə qarşıladınız?

- Hökmədək, yəni proses boyu da İntiqam Əliyev eyni sözləri deyirdi, bu gün də dedi. Ona qarşı irəli sürülən ittihamların heç biri öz sübutunu tapmadı. Hakimin öz sözü ilə desək, «yalan –palan da olsa, bir cinayət işidir». Bu ittihamları nə onun özü, nə də biz qəbul edirik. Proses yekunlaşdı, hökm oxundu. Bu hökm nə onu, nə də onun ailəsini əyə bilər. O özü mübariz insandır, mübariz insanın ailəsi də mübariz olmalıdır.

- Hökmdə sizin üçün sürpriz nəsə oldu?

- Sürpriz heç nə olmadı. Çünki məhkəmə gedişatından bilinirdi ki, belə bir hökm oxunacaq. Sifarişli bir iş olduğu görünürdü.

- 9 ay ərzində İntiqam Əliyevin yoxluğu hansı məqamda, hansı şəraitdə daha çox hiss olunur?

- Bu suala bir az çətinliklə cavab verirəm. Çünki İntiqam Əliyev elə həmişə evdə olmayıb, vaxtının çox hissəsini xarici səfərlərdə, seminarlarla bağlı bölgələrdə keçirib. Düzdür, ailə üçün çətindir, xarici səfərə gedəndə fikirləşirsən ki, bir həftə sonra qayıdacaq. Amma indi qayıtmır axı. Hələ ki qayıtmır, inşallah qayıdar.

- Bu müddət ərzində heç onu qınadınızmı, niyə bu yolu seçib deyə, bir düşüncə keçdimi ağlınızdan?

- Xeyr, keçmədi. Çünki biz həmişə, evlilikdən öncə də qonşu olmuşuq və onun mübarizkar xarakterdə olduğunu həmişə bilmişəm. Bilirdim ki, onu belə sürprizlər gözləyə bilər.

- 9 aydır şüşə arxasından görüşürsünüz, necə təəssürat yaradır?

- Çox çətindir. Onun üçün daha çətindir. Biz birlikdə gedirik yanına, sonra evimizə qayıdırıq, yenə birlikdəyik. Amma o özü də etiraf edir ki, şüşə arxasından görüş ona əziyyət verir. Yəni, uşaqlar gedəndən sonra özünü pis hiss edir. Bizim üçün də əziyyətdir. Amma bir üçümüz bir aradayıq, o, isə təkdir.

- Yerli və beynəlxalq dəstək istədiyiniz, gözlədiyiniz səviyyədədir?

- Nə deyə bilərəm ki. Dəstək verirlər, amma nəticə nə olacaq, onu bilmirəm. Dəstəyin səviyyəsinə gəlincə, belə də.

- Uşaqlarınızla bağlı bir narahatçılığınız varmı, bu həbsin onlara təsiri baxımından?

- Çox, həddən artıq narahatlıq hissi keçirirəm onlara görə. Amma mənə elə gəlir ki, onların yolu da atalarının yoludur.

- Nərmin hüquqşünaslıq fakültəsini bitirmək üzrədir, yəni o, artıq atasının getdiyi yola çıxıb. Bu sizi qorxutmur ki?

- Mənə elə gəlir ki, nə vaxtsa ədalət bərpa olunacaq. Ədalət məfhumu, düzdür, Azərbaycanda elə də geniş deyil. Amma mənə elə gəlir ki, nə vaxtsa elə bir dövr olacaq ki, ədalət bərpa olacaq, ölkədə ədalət məfhumu işləyəcək. Ona gümanım var ki, ədalət olan yerdə Nərmin də öz yolunu tapacaq. Ədalətsizlik olsa, bu pis olar. İnşallah yaxşı olar.

- İndi İntiqam Əliyevə nə demək istərdiniz?

- Sizə deyim ki, orda olsa da, yenə o bizə dayaqdır, bizi möhkəm olmağa çağırır, nəinki biz onu. O elə bir insandır ki, hər şeyə qalib gəlməyə qadirdir. Ona görə də, mənə elə gəlir ki, hər şey yaxşı olacaq.

XS
SM
MD
LG