-
Əli Şirin Şükürlü
qoşa məzar
gözəl qız idi. gözəl olduğundan
çox idi onu sevənlər.
bir gün qız da sevdalandı –
yoluxdu sevgiyə yaxşıca.
sevib-seçdiyi oğlan
çox iztirablar keçirmişdi
qazanınca gözəl qızın sevgisini.
zaman da ləyaqətlə görür işini;
sevgini də udur, cırmaqlayır gözəlliyi də...
oğlan – o gözəl qızın əri
əvvəlcə günləri, sonra ayları, sonra da illəri
sərf etdi ötəri sevgilərə. heç nə qalmadı ona
ötəri sevgilərdən – adda-budda xatirələrdən savayı.
qocaldı və öldü.
gözəl qız – sevimli ərin arvadı
bir dəfə də söz açmadı xəyanətdən,
getdikcə çoxalan və gözəlliyinə asta-asta
kölgə salan soyuqluqdan.
qurban verdi gözəlliyini
əvvəlcə illərə, sonra aylara, sonra da günlərə.
yoluxduğu sevgiylə birgə qocaldı dəyanətlə və öldü.
ortayaş bir kişi dayanıb
qoşa məzarın qarşısında:
bu atamdır, bu anam – deyir dostuna.
hansını daha çox sevirdin? –
dostu adətən uşaqlara verilən sualla
ərklə zarafatyana müraciət edir ona.
o isə duruxur, cavab yerinə
gülümsəyir sadəcə. uşaq vaxtı
bu suala şəstlə “anamı” deyə verdiyi cavab
və anasının özünü sındırmasa da iztirabdan
saralmış bənizi düşür yadına.
bu vaxt
anası qucaqlayıb onu,
“oğlum atasını da çox sevir” – demişdi.
... – 23.05.2015
keçmiş və gələcək
uşaqlıqdan,
yəni ta ağlım kəsəni
qoca bir adam görən kimi düşünərdim bəzən -
həyatın nə dəyəri var onunçun görəsən.
illər keçdikcə
həyat barədə fikrim dəyişirdi tədricən:
görünür hər yaşda həyatın öz mənası var.
cüssəli bir qoca idi
parkda yanaşı oturmuşduq skamyada.
söykənərək qalxdığı əsanı göstərib
şövqlə laqeyd-laqeyd dedi:
bu, mənim gəncliyimdi – çevrilib əsaya,
sürünürəm arxasınca neçə illərdi.
irəlidə əsa arxasınca qoca
asta-asta yaxınlaşdılar bahalı avtomobilə.
keçib arxa oturacaqda əyləşdi qoca.
qapını açan sürücü gənc bir oğlandı
tələsik keçdi sükan arxasına.
tərpəndi avtomobil. yola düşdülər
əsa, qoca, avtomobil və cavan.
eyni yolu getsələr də
ayrı-ayrı xəyala üz almışdı hər biri.
“cavan uzun gələcək barədə düşünürdü” sükan arxasında,
“qoca uzun keçmiş barədə” çənəsini söykəyib əsaya.
əsa və avtomobil isə
öz işini görürdü bu vurhavurda;
qazanılan qədər də
bahalıdı itirmək –
avtomobil gələcəyə şütüyürdü sürətlə,
əsa asta-asta səyahət edirdi keçmişə.
... – 22.12.2014
uşaq
körpədi hələ.
iki dildə danışır; ağlayır ya da gülür.
üçüncü də istisna deyil amma –
çox vaxt nə ağlayır, nə də gülür.
elə diqqətlə baxır gözünü zilləyib bir nöqtəyə,
sanki nə barədəsə dərindən düşünür.
şüuru formalaşır – iradənin qənimi.
iradədi uşaq.
hamı tabedi hələ ki əmrlərinə.
sözlərsiz danışar uşaqlar – səslə, baxışla, hərəkətlə,
nə qədər ki düşməyib sözlərin içinə.
sözə kimi səsdi, baxışdı,
hərəkətdi körpələr.
bağrına basıb körpəsini gənc ana.
sevinir körpə güləndə,
ağlayanda narahatdı, tez əl-ayaq edir.
yeni başlanğıcdı uşaq.
sonda o gənc ananın bətnindən
pərvəriş tapıb faniliyə.
ana bərk məşğuldu sevimli körpəsiylə.
xəbəri yoxdu deyəsən – yaxşı ki yoxdu -
daima sona yuvarlanan, hər an yoxluğa pərçim insanın
daimi yaşamaq istəyini qismən doydurar körpələr.
gənc ana başqa ananın övladıdı.
o ana yaşlanıb azca.
baxır sevincək gah qızına, gah da nəvəsinə.
gənc ana
nəvazişlə seyr edir körpəsini,
öz inikasını görür,
sanki bütün varlığı köçüb
tərtəmiz şəffaf güzgüyə.
körpə - bu şəffaf güzgü
iki dildə danışır hələ ki,
üçüncü də istisna deyil amma.
baxışlarından -
ətrafa marağından bilinir.
ətrafdakılar
bir-birinə aramsız keçidiylə
uzaqlaşır və hardasa gözdən itir...
gözdən yayınmayanlara bax! - keçir baxışlarından
və asta-asta üz alır körpəyə.
körpə yavaş-yavaş üçüncü dildə
danışmağa hazırlaşır: ann-na. an-na. an-a.
bölməyə başlayır “an”ları.
dil açan körpəsinə
sevinir gənc ana.
dil açan nəvəsinə, sevinən qızına
fərəhnək baxır ananın anası
üz-gözündə itirilmiş “an”ların nişanəsi.
... – 15.05.2015