Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:00

«Müharibə aparan ABŞ-a sadəcə, müttəfiq lazımdır»


Politoloq Hikmət Hacızadə hesab edir ki, müharibə aparan ABŞ istənilən müttəfiqə qucaq açmağa hazırdır
Politoloq Hikmət Hacızadə hesab edir ki, müharibə aparan ABŞ istənilən müttəfiqə qucaq açmağa hazırdır

ABŞ Konqresinə seçkilərdə demokratların qələbəsi, üstəlik Nümayəndələr Palatasına Nensi Pelozinin sədr gəlmək ehtimalı Vaşinqton-Bakı münasibətləri barədə Bakıdakı təhlilçilər arasında yenidən polemikalar yaradıb. Buna səbəb də hər şeydən öncə xanım Pelozinin «Azadlığı Müdafiə Aktı»na edilən 907-ci düzəlişin təşəbbüskarlarından olması və bu düzəliş sayəsində Azərbaycana iqtisadi yardımın məhdudlaşdırılmasıdır.


Ancaq bu, hamısı deyil. Nensi Pelozinin erməni diasporasının güclü olduğu ştatdan seçilməsi növbəti illərdə Vaşinqton-Bakı münasibətlərində gərginliklərin yaşanacağı haqda proqnozlara da yol açır.



Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə hesab edir ki, Nensi Pelozi erməni diasporasının güclü təsirə malik olduğu Kaliforniya ştatından seçildiyindən Azərbaycana dost olmayan qüvvələrin fəallaşacağı və anti-Azərbaycan təbliğatının güclənəcəyi şübhəsizdir. Bu üzdən də cənab Mollazadə hesab edir ki, Konqresdə nəinki 907-ci düzəlişlə bağlı Azərbaycanın maraqlarına zidd olan başqa sənədlərin, məsələn, erməni soyqırımı iddialarının tanınması ilə bağlı müzakirələrin gündəmə gəlməsi də istisna deyil:
"Dəyişiklik olacaq, ritorikada. Çox danışacaqlar, bəyanatlar veriləcək. Amma əslində, insan haqları ABŞ üçün üçüncü məsələdir. Birinci yerdə təhlükəsizlik, ondan sonra iqtisadi maraqlar gəlir. Sonda isə insan haqları durur"
«Həm Senatda, həm də Nümayəndələr Palatasında vəziyyət köklü dəyişdiyinə görə ermənilər işlərini gücləndirəcəklər. Ona görə Azərbaycan da zəruri işlər görməlidir ki, maraqlarını müdafiə edə bilsin».

Digər yerli politoloqlar da fəallaşacaq erməni diasporasının ilk növbədə 907-ci düzəlişi gündəmə gətirəcəklərini düşünürlər. Amma hesab edirlər ki, bu, o qədər asan olmayacaq. Bu məqamda ABŞ-ın milli-təhlükəsizlik maraqları diasporanın istəyi ilə toqquşacaq deyə, həmin müzakirələr səmərəsiz də qala bilər.


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə əmindir ki, demokratların qələbəsindən sonra Amerikanın Azərbaycana yanaşması dəyişə və nəticədə ölkədə demokratiya və insan haqları sahəsində vəziyyət yaxşılaşa bilər. Düzdür, Asim Mollazədə bununla razılaşmır və hesab edir ki, ABŞ-da istər respublikaçılar, istərsə də demokratlar demokratik dəyərlərə hər zaman eyni dərəcədə sayğı ilə yanaşırlar. Ona görə də demokratların Konqresdə çoxluğu vəziyyəti dəyişməyəcək. Mehman Əliyev isə başqa qənaətdədir. O bildirir ki, artıq ABŞ-da nəinki siyasi çevrələr, hətta işgüzar dairələr də bundan sonra demokratik dəyərlərə böyük önəm veriləcəyini gözləyirlər. Cənab Əliyev bir neçə il əvvələ qayıdıb demokratların nümayəndəsi Bill Klintonun prezident olduğu dövrü xatırlayır: «907-ci düzəliş respublikaçıların hakimiyyətdə olduğu dövrdə qəbul olunub. Demokratlar hakimiyyətə gələndəsə Azərbaycanda müharibə dayandırılmışdı, neft müqaviləsi bağlanmışdı, bəzi islahatlar aparılmış, mətbuat üzərindən senzura götürülmüşdü. Bunlar Bill Klintonun dövründə baş vermişdi. Corc Buş isə hakimiyyətə gələndən sonra Azərbaycan Avropa Şurasına üzv olsa da, insan haqları sahəsində vəziyyət dəyişdi».


ABŞ siyasi həyatını yaxından izləyən politoloq Hikmət Hacızadənin fikirləri isə belədir ki, iki ölkənin münasibətində pisliyə və ya yaxşılığa doğru heç nə dəyişməyəcək: «Azərbaycanla Amerikanın siyasəti balanslaşdırılıb, sabit vəziyyətdədir. Azərbaycan ABŞ üçün vacib ölkədir. Bu ölkənin elitası da bunu dərk edir. Səbəb də Azərbaycanın neftidir, Bakı-Tbilisi-Ceyhan kəməridir, ölkənin İranla qonşuluqda yerləşməsidir».


Cənab Hacızadəyə görə, iki ölkənin siyasətində dəyişən yalnız ritorika olacaq: «Dəyişiklik olacaq, ritorikada. Çox danışacaqlar, bəyanatlar veriləcək. Amma əslində, insan haqları ABŞ üçün üçüncü məsələdir. Birinci yerdə təhlükəsizlik, ondan sonra iqtisadi maraqlar gəlir. Sonda isə insan haqları durur. Demokratlar Buşu tənqid edəcəklər ki, insan haqlarına dəyər vermirsən və sairə».


Hikmət Hacızadəyə görə, müharibə aparan ABŞ üçün sadəcə, müttəfiq lazımdır. O üzdən də Vaşinqton Azərbaycan da daxil olmaqla istənilən müttəfiqə qucaq açmağa hazırdır.


XS
SM
MD
LG