Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:34

İki il sonranın prezident seçkiləri...


Prezident İlham Əliyevin əyalətlərə səfəri, 17 avqust 2005
Prezident İlham Əliyevin əyalətlərə səfəri, 17 avqust 2005
İlham Əliyevin prezident seçilməsinin üç ili tamam olur. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev «Azərbaycan» qəzetinə bildirib ki, növbəti 2008-ci ilin prezident seçkilərində İlham Əliyevin qələbə qazanacağı heç kimdə şübhə doğurmur.

Açıqlamaya münasibət bildirən ekspertlərin fikirləri bəzən üst-üstə düşməsə də, onlar bir məqamda həmrəydirlər ki, Ramiz Mehdiyevin iki il sonraya «İlham Əliyevin şəksiz qələbə çalacağı haqda» proqnozlar verməsi düzgün deyil. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu yarıciddi-yarızarafat cənab Mehdiyevin proqnoz vermədiyini, iki il sonraya sadəcə, plan hazırladığını deyir. Ancaq, ekspertlərə görə, bir çox şərtlər bu planı da, proqnozu da doğrultmaya bilər. Bu şərtlər sırasında isə hakimiyyətdaxili qruplaşmalar arasında çarpışmanın nə ilə nəticələnəcəyinin bəlli olmaması və Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasındakı mübarizə, eləcə də ABŞ-İran ziddiyyətlərinin regiona mümkün təsiri sadalanır.


«Hakimiyyətin siyasəti nəticəsində müxalifət küncə sıxışdırılıb, azad mətbuata təzyiq güclənib. Başı çörək qazanmağa qarışan cəmiyyət daha da passivləşib. Üstəlik Qərb təsisatlarının güclü olmadığı Azərbaycanda İlham Əliyevin həm saxta, həm azad seçkidə qalib gəlmək şansı çoxdur»
Seçki Texnologiyaları İnstitutunun direktoru Vəli Əlibəyli isə ona diqqət çəkir ki, seçkilər azad və ədalətli keçirilərsə, texnoloqlar bir günün içində vəziyyəti dəyişdirə bilərlər. Hərçənd nəticələrin aşağı seçki komissiyalarında saxtalaşdırılmaması daha başlıca amildir.


«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev isə düşünür ki, seçkilərin azad keçirilib-keçirilməməyindən asılı olmadan da İlham Əliyevin uğur qazanması üçün yetərincə şansı var. «Hakimiyyətin apardığı siyasət nəticəsində müxalifət tamam küncə sıxışdırılıb, azad mətbuata təzyiq güclənib. Başı çörək qazanmağa qarışan cəmiyyət daha da passivləşib. Belə passiv cəmiyyətdə, üstəlik Qərb təsisatlarının güclü olmadığı Azərbaycanda İlham Əliyevin həm saxta, həm azad seçkidə qalib gəlmək şansı çoxdur».


Seçki texnoloqu Vəli Əlibəyli də prezidentin qələbəsini mümkün sayır. O, deyir ki, hazırda ölkədə maaşları artırılan, prezidentin faəliyyətindən razı qalan zümrələr var. Onlardan biri də müəllimlər ordusudur. Prezident onların maaşını yaxınlarda artırsa da, iki il sonra iki dəfə qaldıracağını da vəd edib. Bandan başqa, bölgələrdə yeni məktəblər tikilir, ucqarlarda çalışacaq müəllimlərə üstünlüklər verilir və s.


Seçki texnoloqu üç il ərzində İlham Əliyevin özünü prezident kimi doğrultduğu qənaətindədir. Onun sözlərinə görə, bir neçə il öncə o, Heydər Əliyevin oğlu kimi tanınır, zəif iradəli siyasətçi kimi xarakterizə olunurdusa son üç il onun prezident kimi qətiyyətli və bacarıqlı olduğunu üzə çıxartdı. Prezident parlament seçkiləri öncəsi həssas bir dönəmdə iki məmuru uzaqlaşdırması onun idarəçilik qabiliyyətindən xəbər verir.


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə başqa fikirdədir. O, deyir ki, 2003-cü il prezident seçkilərindən sonra da seçicilərin müxalifətə səs verməyəcəyini düşünmək olardı. Amma bir il öncə parlament seçkiləri əksini göstərdi: «Bir il öncə parlament seçkilərində ölkənin sosial baxımdan təminatlı təbəqələrinin yaşadığı ərazilərdəki seçki dairələrində də müxalifətin tanınmayan namizədlərinə səs verilmişdi. Heç kimin tanımadığı Həsən Kərimov hakimiyyətin namizədini uddu. Deməli, ölkədə etiraz elektoratının çəkisi böhran həddini keçib. Bir il sonra eyni vəziyyətin təkrarlanmayacağına qarantiya vermək çətindir». Bu deyilənlərə Ərəstun Oruclu onu da əlavə edir ki, son bir ildə ölkədə yaxşılığa doğru heç nə dəyişməyib. Təbəqələşmə bir az da dərinləşib, korrupsiya, özbaşınalıq artıb. O ki qaldı, ölkədə maaşların artımına, yolların və məktəblərin tikintisinə və ya regionların inkişafı haqda fikirlərə:


«Əvvəla ədliyyə işçiləri ilə müəllimlərin maaşlarının artımını müqayisə etmək olmaz. Prokurorluq orqanında çalışanların maaşı 300 dollar idi, 700 dollara qaldırıldı. Müəllimlərin əmək haqqı orta hesabla 35 manat idi, 42 manat oldu. Qiymətlərin artımı daha sürətlə gedir. Bu məbləğə yaşamaq mümkün deyil. İnanmıram ki, bu stimullaşdırıcı amildir».


Amma o da istisna edilmir ki, hakimiyyətin parlament seçkilərində olduğu kimi prezident seçkilərində hansı gözlənilməz gedişlər edəcəyi indidən bəlli deyil.


XS
SM
MD
LG