Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:27

Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır


İlham Əliyev xanımı Mehriban Əliyeva ilə
İlham Əliyev xanımı Mehriban Əliyeva ilə

Həmin banklar – Paşa Bank, Kapital Bank, Express Bank, Azərbaycan Sənaye Bankı, Xalq Bank, Silkway Bank, VTB Bank, ATA Bank-dır.

-

"Prezident İlham Əliyevin ailəsinə bağlı olan 8 bank (bu yalnız sənədlərlə sübut olan banklardır) ölkə bank sektorunun hardasa 20 faizini əhatə edir.

Bu bankların aktivləri 3 milyard dollardan artıqdır".

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatı başlatdığı “Xədicə layihəsi” çərçivəsində növbəti – ikinci araşdırmasını dərc edib.

Bu il Bakı özəl bir tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi edir.

Xarici media bu oyunların Azərbaycana 8 milyard dollara başa gələcəyini yazır, yerli ekspertlər isə rəsmi sənədlər əsasında xərclərin 4 milyard dollar olduğunu hesablayıblar.

Amma hökumət rəsmiləri bildirib ki, Avropa Oyunlarına dövlət büdcəsindən 1,1 milyard dollar xərclənib.

Neftin səbəbinə dünyada zəngin ölkə kimi tanınan Azərbaycanda bir yandan oyunlara bu qədər pullar xərclənir, digər yandan yerli əhali ən adi xərclərini belə qarşılamaq üçün banklardan borc götürməli olur.

2,3 MİLYON NƏFƏRİN BORCU VAR

9,6 milyon əhalisi olan Azərbaycanda 2,3 milyon nəfərin (fiziki şəxsin) banklara borcu var.

Bir ildə kredit borcu alanların sayı 17,7 faiz artıb. Kredit götürənlər artdıqca banklar qazanır.

Müxtəlif ölkələrdən olan araşdırmaçı jurnalistlər və bank mütəxəssisləri hesablayıblar ki, kreditlərdən gələn gəlirin bir hissəsi məhz prezident ailəsinə məxsusdur.

Həmin banklar – Paşa Bank, Kapital Bank, Express Bank, Azərbaycan Sənaye Bankı, Xalq Bank, Silkway Bank, VTB Bank, ATA Bank-dır.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatı başlatdığı “Xədicə layihəsi” çərçivəsində növbəti – ikinci araşdırmasını dərc edib.

Araşdırma Azərbaycanda bank sektoru, kredit dərəcələrinin Avropa ölkələri ilə müqayisədə nə az, nə çox 3 dəfə çox olmasının, ailə biznesinə çevrilmiş bankların adi insanların həyatına təsiri və digər qaranlıq məqamları aydınladır.

Yerli mediada kredit borcunu ödəyə bilməyənlərin intihar xəbərləri yayılır, ölkə parlamenti orta faiz dərəcələrinin yüksək olması ilə bağlı müzakirələr aparır. Amma bütün bunların hələ ki, hər hansı bir nəticəsi yoxdur.

BEŞ BANKDAN DÖRDÜ

Prezident İlham Əliyevin ailəsinə bağlı olan 8 bank (bu yalnız sənədlərlə sübut olan banklardır) ölkə bank sektorunun hardasa 20 faizini əhatə edir. Bu bankların aktivləri 3 milyard dollardan artıqdır. 8 bankın 2013-cü il üzrə hesabat sənədləri üzrə hesablamalara görə, bu bankların həmin ildə ümumi gəlirləri haradasa 108 milyon dollar olub.

Birbaşa və ya dolayı yollarla prezident ailəsinə məxsus olan bankların 3-ü ölkə üzrə ən böyük banklarının ilk beşliyindədir.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

İqtisadçı Zöhrab İsmayıl bu araşdırmanı şərh edərkən bildirib ki, bu bankların Azərbaycan prezidentinin ailəsinə məxsus olması çoxları üçün yenilikdi:

“Mən fikirləşmirəm ki, Azərbaycanda insanların prezident ailəsinin bank biznesindən xəbərləri var. Bir çox insana Paşa Bank və Kapital Bankın ailəyə məxsus olması məlum idi. Amma digər banklarla bağlı kimsədə məlumat yoxdur. Bəlkə də 2012-ci ildə səhmdarlar haqda məlumatların kommersiya sirri elan edilməsindən sonra əsl sahiblər gizlədilə bilib”.

SƏMƏD VURĞUN, 7...

Bu bankların heç biri prezident İlham Əliyevin adına deyil. Amma sənədlərdə onun 3 övladının adları və ya onlara bağlı olan şirkətlərin adı keçir.

Bəs, banklar Azərbaycan prezidentinin ailəsinin nəzarətinə necə keçib?

Kapital Bank – bu, Azərbaycanın ilk dövlət banklarından biridir. Bu bankın özəlləşdirilməsi ilə bağlı prezident İlham Əliyev 2007-ci ildə sərəncam verib. Hazırda həmin bankın 99,84 faizi "Paşa Holding"ə aiddir.

"Paşa Holding" həm də "Paşa Bank"ın 60 faizlik səhmlərinə sahibdir. Digər faizlər prezidentin qaynatası Arif Paşayev və ADOR LTD-yə məxsusdur.

Ador LTD-nin adı yanlız "Paşa Bank"da keçmir. Bu şirkət həm də "Express Bank"ın 42 faizlik səhm paketinə nəzarət edir. "Express Bank"ın 40 faizi “İnter Enerji”yə, 17,69 faizi “Enerqo Servis”, 0.31 faizi “Avtoneqliyyatservis”ə aiddir. Əvvəlki adı AzərnəqliyyatBank olan "Express bank" da özəlləşdirilən banklardandır.

Bu bankın səhm paketinin əsas nəzarətçiləri olan Ador MMC və “İnter Enerji” MMC-nin adları bundan öncəki araşdırmalarda da keçib. Hazırda həbsdə olan jurnalist Xədicə İsmayılın Crystal Hall-la bağlı araşdırmasında bu şirkətlərin prezident ailəsinə bağlılığı sənədlərlə sübuta yetirmişdi.

“İnterEnerji” MMC-nin 70 faizi Ador MMC-yə məxsusdur. ADOR MMC Səməd Vurğun 7 ünvanında qeydiyyatdan keçib. Bu şirkət Prezidentin qızları Leyla və Arzu, ölkənin birinci xanımı Mehriban Əliyevanın seçici kimi qeydiyyatdan keçdiyi ünvanla eynidir. Bundan başqa Arzu Əliyevanın Çexiyadakı mülklərinin alqı-satqısı ilə bağlı müqavilədə də onun rəsmi qeydiyyat ünvanı eyni – Səməd Vurğun 7 göstərilir.

Bu bankın necə və hansı yollarla özəlləşdirilməsi bəlli deyil. Amma digər bir dövlət Bankı – Azal Bank-ın qanunsuz özəlləşdirilməsi ilə AzadlıqRadiosu 2010-cu ildə araşdırma dərc edib. Həmin araşdırmada deyilir ki, özəlləşdiriləndən sonra Silkway Banka çevrilən bankın təsis sənədlərində yeni sahiblər kimi prezidentin kiçik qızı Arzu Əliyeva və Azal-ın prezidentinin xanımı Zərifə Həmzəyevanın adı keçir.

Ailəyə məxsus olan digər bir bank – Ata Bankdır. Bu bankın sahiblik məlumatları aşağıdakı kimidir:

Ata Holding - 76 faiz

Kamil Əşrəfov - 15.9%,

Mahir Rəfiyev - 8.1%

Qeyd: Mahir Rəfiyev Arzu Əliyevanın Çexiyadakı mülklərini “alan” şəxsdir.

Ata Holding-in yaradılması strukturu qəliz və çaşdırıcıdır. Görünür, sahibi gizlətmək üçün bu addım atılıb. Bu holding Panamada yaradılan "Hughson Management"in nəzarətindədir. Daha dəqiqi:

Hughson Management İnc. - 51%
Abset limited - 25%
Clonmel - 24%

Hughson Managementin adı Xədicə İsmayılın 2011-ci ildə prezident ailəsinin telefon biznesi ilə bağlı araşdırmasında da keçir. Panamada yaradılan bu şirkətin təsisçiləri isə Leyla və Arzu Əliyevalardır. Həmin araşdırmadan sonra "Azadlıq" qəzeti Ata Holdingin də birinci ailəyə məxsusluğu haqda yazmışdı. Azərbaycanda tikinti, kənd təsərrüfatı, turizm kimi müxtəlif sahələr üzrə şirkətlərin daxil olduğu Ata Holding-dən o vaxt həmin araşdırmalarla bağlı rəy almaq mümkün olmamışdı.

Ata Holdingin 75 faizinə nəzarətdə prezidentin qızları və 18 yaşlı oğlu Heydər Əliyevin adları keçir.

Ata Holding həm də Rusiyanın VTB Bankının Azərbaycan nümayəndəliyində payçıdır.

Həmin bankın 51 faizi Rusiyanın VTB Bankına,

48,99 faizi Ata Holdingə,

0,01 faizi Əşrəf Kamilova məxsusdur.

Paşa Bankdan sonra top 5-liyə daxil olan digər bir ailə şirkəti Xalq Bankdır.

Xalq Bankın təsis sənədlərində 3 hüquqi şəxsin adı keçir. Amma OCCRP-nin əldə etdiyi digər bir sənəddə bu banka yekun nəzarəti L.Əliyevanın etdiyi bildirilir.

Ailəyə məxsus digər bir bank – Azərbaycanda daha çox sahibkarlığın inkişafı ilə bağlı kreditlər verən Azərbaycan Sənaye Bankıdır. Bu bankın da təsisi “matryoşka”nı xatırladır. Təsis strukturu aşağıdakı kimidir:

94,2 % - Anadolu İnvestment Şirkəti,

5, 1 % - Azərbaycan Sənaye Sığorta

0,5 % - Azərbaycan Sənaye Lizinq

Sənaye Sığorta da Anadolu İnvestmentin törəmə şirkətidir.

Bu şirkətin təsis sənədlərində Leyla və Zeynəb Abdolbarilərin adı keçir. Abdolbari soyadı "Azersun"la bağlı araşdırmadan tanışdır.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) apardığı araşdırmada iddia olunur ki, Azərbaycanda Azersun-un prezidenti kimi tanınan Hassan Gozel prezident qızlarının işçisidir. Belə ki, o, Leyla və Arzu Əliyevaların Vircin adalarındakı şirkətində adı direktor kimi keçir.

İqtisadçı Natiq Cəfərli deyir ki, bunun nəticəsidir ki, bank sektorunda bir sıra problemlər mövcuddur:

"Əsas məsələ inhisardır. Bank sektoru inhisara alınıb, xarici bankların Azərbaycana gəlib, işləməsinə imkan yaradılmır. Çünki xarici banklar Azərbaycana gələrsə, azad rəqabət bazarı olarsa, kredit faizləri aşağı olacaq. Bu da hegamon banklara xeyir etmir. Bundan da Azərbaycan əhalisi əziyyət çəkir. Azərbaycanda kredit faizi nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə daha yüksəkdir".

Azərbaycanda fevralın 21-də manatın 33,5 faizlik devalvasiyasından sonra köhnə məzənnə ilə kredit götürənlərin krediti necə qaytarmaları mübahisəsi yarandı.

Bu mübahisə Azərbaycanın Konstitusiya Məhkəməsinə qədər gedib çıxdı. Hüquqşünaslar və bank ekspertləri Konstitusiya Məhkəməsinin vətəndaşların xeyrinə qərar çıxaracağını gözləyirdilər. Çünki Azərbaycan Konstitusiyası və qanunları bunu tələb edirdi. Amma gözlənilənlərin əksinə olaraq Məhkəmə vətəndaşların yox, bankların xeyrinə qərar çıxardı. Arada söhbət 2 milyard dollarlıq fərqdən gedirdi. Həmin qərardan sonra vətəndaşlar 1 dolların 0.78 manat olan vaxt götürdükləri krediti 1.05 manatla, yəni 33,5 faiz çox ödəməli oldular.

AZƏRBAYCANIN BANK SEKTORU…

Azərbaycanın bank sektorunun 38 faizi Azərbaycan Beynəlxalq Bankının nəzarətindədir. Bu bankın 51 faizi Maliyyə Nazirliyinə məxsusdur.

19 faizi – prezident ailəsinə bağlılığı olan 8 banka aiddir. Yerdə qalan 43 faiz nazirlər, millət vəkilləri və digər oliqarxlara aid olanların da daxil olduğu 36 bankın nəzarətindədir.

Beynəlxalq Bankın bir neçə ay qabaq işdən çıxarılan sədri Cahangir Hacıyev
Beynəlxalq Bankın bir neçə ay qabaq işdən çıxarılan sədri Cahangir Hacıyev

Son günlər Beynəlxalq Bank ətrafında yaranan qalmaqal bir məsələyə işıq saldı. Məlum oldu ki, 8 milyard dollarlıq balansı olan bankın 6 milyardı şübhəli kreditlərdir. Aşağı faizlə verilən bu kreditlərin bəzilərinin adiyyatı üzrə sərf edilmədiyi, bəzilərinin qaytarılmadığı haqda iddiallar var. Azərbaycanın hüquq mühafizə orqanları hazırda bu məsələni araşdırır.

Bank sektorunun digər hissəsinə baş nazir və nazirlərin də ailəsinə məxsus şirkətlər daxildir.

BTB bankında Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızının adı keçir. O, bu bankın 75 faizinə sahibdir.

Digər bir bank – AFB Bank – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailəsinə bağlılığı olan Gilan MMC-yə aiddir.

Bank of Azərbaycan-ın əvvəlki sahibi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. Sonradan Bankın sahibləri dəyişib. İndi Bank "Baghlan Group"un prezidentinin oğullarına məxsusdur.

AGBankın təsis sənədlərində millət vəkili Çingiz Əsədullayevin adı keçir. O bu bankın 22,86 faiznə sahibdir.

Top 5-liyə daxil olan digər bir bank Bank Standartdır. Bu bankın yarısının keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə aid olduğu bildirilir. Bu bankın rəsmi hesabatında 50 faizin Babayevlər ailəsinə məxsusluğu yazılıb. Yerdə qalan 50 faizə sahib olanların adı yazılmır.

BƏS, BUNUN ADİ VƏTƏNDAŞA HANSI TƏSİRİ VAR?

Azərbaycanda fiziki şəxslər üçün manatla kreditin orta aylıq faizi 18,63, dollarla kreditinki isə 21,06 faizdir. (Əksər Avropa ölkələrində fiziki şəxslər üçün kreditin orta aylıq faizi 6-8-dır).

Azərbaycanda 2007-ci ildən bəri inflayasiya 7 faiz artıb. Aşağı maaş, bahaçılıq insanların banklardan borc götürmə səbəblərindən biridir. Mərkəzi Seçki Komissiyasında təxminən 5 milyon seçici qeydiyyatdan keçib.

Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00
Direct-ə keçid

Bu o deməkdir ki, Azərbaycanda 18 yaşı tamam olanların və ya başqa cür desək, banklardan kredit götürə bilənlərin sayı 5 milyondur. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2,3 milyon fiziki şəxs banklardan kredit götürüb. Bu az qala 18 yaşı tamam olanların yarısı deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər bir ailənin ortalama dörd üzvü var. Bu rəqəmlərsə onu göstərir ki, Azərbaycanda hər ailədə 1-2 nəfərin bank borcu var.

Qeyd: Bu araşdırma bankların 2013-cü il dekabrın 31-nə olan məlumatları əsasında hazırlanıb. 2014-cü ildə prezident ailəsinə bağlılığı olan banklardan 3-nün aktivləri sürətlə artıb. Belə ki, 2014-cü ilin yekunlarına görə, Paşa Bankın aktivləri 40 faiz, Atabank-ınkı 56 faiz, Xalq Bank-ınkı isə 31 faiz artıb...

ARAŞDIRMA MÜZAKİRƏYƏ AÇIQDIR. FİKRİNİZİ, TƏKLİFİNİZİ YAZA, MÜZAKİRƏ EDƏ BİLƏRSİZ

XS
SM
MD
LG