-
«Yeni Müsavat» qəzeti yazır ki, «Kredit işi»nə görə həbs olunmuş, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynovun barəsində yeni təfərrüatlar məlum olub. Adil Hüseynov ötən ay həbs olunub. Mətbuatda yayılan məlumatlara görə, A.Hüseynov Beynəlxalq Bankdan götürdüyü 318 milyon manat krediti mənimsəməkdə ittiham olunur.
Qəzet yazır ki, Adil Hüseynovun Dubaydakı fəaliyyəti, qurduğu zavodlarla bağlı bəzi məlumatlar əldə edib:
««Kredit həbslərində» Dubay izi göründüyündən xeyli dərindir və ortada çox böyük pullardan söhbət gedir. Mənbə bildirir ki, Adil Hüseynovun adı Beynəlxalq Bankın Dubay filialının direktoru kimi getsə də, o, əslində Cahangir Hacıyevin Dubaydakı biznesini idarə edib. Daha dəqiqi, haqqında söhbət açılan iki zavodun meneceri olub. Söhbət «İntertekstill» fabrikindən və eləcə də «İnterstell», yaxud da «Unaytetstell» (bu şirkətin keçmiş adı olub) poladəritmə zavodundan gedir.
Onu da öyrəndik ki, əslində haqqında bəhs olunan iki zavoddan biri, yəni tekstil zavodu fəaliyyət göstərib. İkinci zavod isə metallurgiya zavodu olub və həbslərə qədər tikintisi davam edirmiş. Əsas pul maxinasiyası da məhz bu zavod üzərindən həyata keçib....
... A.Hüseynov həbs olunana qədər bazar qiyməti 200 milyon dollar hesablanan zavodun tikintisinə ümumilikdə 350 milyon dollar xərclənib, ancaq zavod işə salınmayıb. Mənbə bildirir ki, zavodu işə salmaq üçün təxminən 50 milyon dollara ehtiyac var. Aydın olduğu kimi, zavodun tikintisində böyük miqdarda yeyinti olub. Zavodun tikintisinə pullar Beynəlxalq Bankdan İsveçrədə X.Bəşirovun şirkətinə, oradan da Dubaydakı hesablara transfer olunub. Bu zaman tikintinin meneceri kimi A.Hüseynovun da böyük miqdarda pul mənimsədiyi aydın olur».
QƏRBİN ÇAĞIRIŞLARINDAN SONRA SANKSİYALAR GƏLƏCƏK
«Azadlıq» qəzetində oxuyuruq:
Azərbaycana qarşı beynəlxalq təzyiqlər artmaqdadır və bu təzyiqlər, hakimiyyətin düşündüyü kimi, Avropa Oyunları bitdikdən sonra səngiməyəcək. Əksinə, daha da artacaq.
Buna səbəb bu ilin parlament seçkiləri ili olmasıdır. Seçki ərəfəsində Azərbaycandakı problemlər bir daha gündəmə gələcək. Bu isə o deməkdir ki, təzyiqlər əvvəlki intensivlikdə davam edəcək və hətta onların daha da artması gözləniləndir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyətin beynəlxalq tələblərə məhəl qoymaması və repressiya siyasətini davam etdirməsi xarici siyasətdə ciddi böhran yaradıb. F.Qəhrəmanlının fikrincə, artıq Qərblə Azərbaycan arasında nəinki soyuq münasibətlər yaranıb, bu əlaqələr açıq qarşıdurma səviyyəsinə keçib. Bu siyasətin davam etməsinin Azərbaycana qarşı qeyri-rəsmi beynəlxalq koalisiyanın yaranmasına səbəb olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, faktiki olaraq dünya siyasətini müəyyənləşdirən böyük təşkilatlar, böyük dövlətlər arasında Azərbaycana qarşı koordinasiya olunmuş fəaliyyət hiss olunmaqdadır.
«YAP-A CİDDİ RƏQİB OLMAYACAQ»
«Hesab edirəm ki, birinci Avropa Oyunları yüksək səviyyədə keçəcək. Bu, sağlamdüşüncəli insanları çox sevindirəcək. Bundan narahat olan, onu istəməyən qüvvələrin isə narahatlığını daha da artıracaq. Amma bu bizi narahat etmir. Çünki biz işimizin haqq işi olduğuna əminik. Ona da əminik ki, dünyanı sülh, ədalət xilas edəcək».
Bunu yap.org.az-a müsahibəsində Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
Millət vəkili həm də 15 İyun Milli Qurtuluş Günündən, bu il ölkədə gözlənən parlament seçkilərindən də danışıb.
«Bu seçkilərdə bir daha güclü siyasi təşkilat olduğumuzu sübut edəcəyik. Beləliklə, yeni seçki texnologiyaları tətbiq etməklə Azərbaycanın seçki təcrübəsini bir qədər də zənginləşdirəcəyik. Bu seçkilərdə digər siyasi partiyalardan hansılarının iştirak edəcəyini zaman göstərəcək, amma indidən deyə bilərəm ki, Azərbaycanın siyasi mühitində YAP-a yenə də ciddi rəqib olmayacaq» –Bahar Muradova vurğulayıb.