-
Masallı rayonunda bir qrup ziyalı və ictimaiyyət nümayəndəsinin 6 gündür aclıq aksiyası keçirdiyi bildirilir.
Bu haqda AzadlıqRadiosuna məlumat verən aksiya iştirakçılarının sözlərinə görə, onlar rayon rəhbərliyinə etiraz olaraq aksiya keçirməyə qərar veriblər.
Aksiya təşkilatçıları deyirlər ki, iyunun 10-dan “Hər evdə aclıq aksiyası” kampaniyasına başlayıblar.
Onların bidirdiyinə görə, aksiyaya rayon mərkəzindən də, kəndlərdən də qoşularlar var. Məlumata görə, kampaniyaya qoşulanlar aksiyanı ayrı-ayrılıqda, hər kəs öz evində keçirir.
“BİR YERƏ TOPLAŞMAĞA QORXURUQ”
“Masallı Ziyalılar Birliyi” cəmiyyətinin sədri Məmmədağa Eynullayev deyir ki, rayondakı qanunsuzluqla bağlı bir neçə dəfə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.
O bildirir ki, sonuncu dəfə ötən ay Prezident Administrasiyasında olublar və icra başçısı Rafil Hüseynovdan şikayət ediblər:
“Bizim rayona dövlət büdcəsi, Neft Fondu və digər mənbələrdən vəsaitlər ayrılıb və bu pullar düzgün xərclənmir. Abadlaşmaya ayrılan pullar mənimsənilir, icra başçısı özünə şəxsi obyektlər tikdirir.
O,öz vəzifə səlahiyyətlərindən düzgün istifadə etmir, əhali ilə normal davranmır.
Sonuncu dəfə mayın 25-də 30-dan artıq ziyalı ilə yenidən Prezident Administrasiyasına getdik.
Yenə bizi qəbul etdilər, dinlədilər. Oradan çıxıb mətbuat konfransı keçirdik və prezidentə müraciət etdik ki, iyunun 10-a kimi bizim şikayətlə maraqlanmasalar, aclıq aksiyasına başlayacağıq.
Maraqlanan olmadı, biz də 60-70 nəfərlə aksiyaya başladıq. Bizim toplaşmağa yerimiz yoxdur deyə, aksiyanı hərə öz evində keçirir. Onsuz da şikayətlərə görə daimi təqiblə üzləşmişik. Bir yerə toplaşmağa qorxuruq”.
“MEŞƏNİ QIRDIRDI, ÖZÜNƏ ZAVOD TİKDİRDİ”
Rayonun Hüseynhacılı kənd sakini Yaqub Kazımlı bildirir ki, səhhəti pisləşdiyindən aksiyanı cəmi 4 gün davam etdirə bilib:
“Səhhətimlə əlaqədar cəmi 4 gün aksiya keçirə bildim. Buna baxmayaraq aclıq aksiyasında iştirak edənlərin sayı artır.
Rafil Hüseynov Masallıya icra hakimi gələndən rayonda analoqu olmayan hadisələr baş verir.
O burada hegemonluq edir. Elə bilirsən ki, Masallı rayonu onun atasının mülküdür. Neçə gündür aksiya keçirilir, əhəmiyyət qoyulmur. Maraqlanan olmasa, Azərbaycan vətandaşlığından imtina edib, xarici ölkə səfirliklərindən sığınacaq istəyəcəyik.
Deyir mənim arxamda duranlar var. Meşəni qırdırıdı, içərisində özü üçün asfalt zavodu yaratdı.
Kafe, restoran tikdirir. 7 hektar ərazidə qənnadı fabriki yaradıb. Dükan sakinlərini məcbur edir ki, onun məhsullarını satsınlar. Satmayanı, dükanını bağlamaqla hədələyirlər. Dərdimizi kimə deyək, bilmirik?”
Köçəkli kənd sakini Natiq Məmmədov deyir ki, aksiyada səhhəti pisləşənlər olsa da həkimlər gəlib onlara baş çəkmir:
“”Hər evdə aclıq aksiyası” kampaniyasına mən də qoşulmuşam. Səhhətim pisləşib, artıq dözə bilmirəm deyə bu gündən dayandıracağam.
Nə həkim gəlib bizimlə maraqlanır, nə də ki, başqa aidiyyatı dairələr. Özlərini elə aparırlar ki, sanki belə bir aksiya keçirilmir”.
İCRA HAKİMİYYƏTİ TƏKZİB EDİR...
AzadlıqRadiosu məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adəm Məhərrəmov sakinlərin aclıq aksiyası keçirmələrindən xəbərsiz olduqlarını bildirdi.
O həmçinin, rayona ayrılan pulların mənimsənilməsi, icra başçısı Rafil Hüseynovun şəxsi obyektlərinin olmasını və rayon sakinlərinin digər iddialarını da təkzib etdi.