Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:46

Heyvanlar üçün yaşadı və öldü [Video]


Guliko Chitadze
Guliko Chitadze

-

«O öz heyvanları üçün yaşayırdı və sonda onlar üçün də həyatını verdi».

Hüzn içində olan həmkarları onu belə təqdim edirlər.

DAŞQINA İKİ GÜN QALMIŞ ZOOPARKA QAYITDI

Paytaxt Tbilisidə dağıdıcı seldə həyatını itirən zaman o, hələ pələngin hücumundan sonra aldığı yaralarını tam sağaltmamışdı.

Tbilisi zooparkının heyvan baxıcısı Guliko Chitadze bu ilin mayında mətbuatın başlıca mövzusu olan heyvan hücumundan sonra bir neçə həftəydi ki, müalicə alırdı.

Bir qolunun amputasiyası ilə nəticələnə biləcək ağır zədəsinə baxmayaraq, Guliko heyvanlarının qayğısına qalmağa, xəstəxananı tərk etməyə tələsirdi.

Xəstəxanadan buraxılandan cəmi iki gün sonra - iyunun 14-də sel daşqını zamanı o, həlak oldu.

Ancaq tək o yox, başqa iki heyvan baxıcısı da zooparkda olan 600 heyvanın yarısı ilə birlikdə daşqında həyatlarını itirdilər.

26 İLDİR ZOOPARKDA YAŞAYIRDILAR

«Zoopark nəinki onun evi, həm də onun dünyası, hər şeyi idi» - deyən zooparkın direktoru Zurab Gurielidze kədərlənir. «Onun heyvanlarla xüsusi münasibəti var idi. Onların çoxunu o böyütmüşdü. Bu çox böyük itkidir və talenin bədbəxt dönüşüdür ki, daşqına iki gün qalmış o, xəstəxanadan çıxmaqda inad göstərdi» – direktor fikrini bu cür tamamlayır.

Həmin daşqında azı 19 nəfər ölüb və Tbilisinin mərkəzi hissəsində çamurda batıblar.

Faciə həm də ondadır ki, zoopark işçiləri arasında ölənlərdən biri Guliko-nun əri Malkhaz Chitadze-dır.

Cütlük 26 il idi ki, zooparkda işləyir və elə oranın ərazisində yerləşən kiçik evdə yaşayırdılar.

Heyvalarla bu cür yaxın şəraitdə yaşamaq onlara bütöv sutkanı yenidoğulmuş körpə heyvanların qayğısına qalmaq imkanı verirdi.

ŞUMBAYLA KARAKULA DA AYRI DÜŞDÜ

Bu videoda Guliko-nun yeni doğulmuş pələngə necə sevgiylə qulluq etdiyini aydın görünür.

Bu klipdə isə Guliko-nun böyütdüyü Şumba adlı şir ilə Chitadze-lərin ailə itlərindən biri - Karakula kadra düşüb.

Şumba ilə Karakula arasında dostluq televiziyaların saysız-hesabsız reportajlarının mövzusuna çevrilib, heyvansevərlərin Gürcüstan boyu səfərlərinə səbəb olub.

Tbilisidəki daşqından sonra Şumba ölü tapılsa da, Karakula sağ qala bilib.

VƏHŞİ QAFQAZ ÖKÜZÜ GƏLMƏSƏYDİ...

Zurab Gurielidze deyir ki, zooparka vəhşi Qafqaz öküzünün gəlişi Guliko-nu xəstəxanadan tələm-tələsik çıxmağa həvəsləndirdi.

Zoopark işçisi Lali Egerashvili danışır ki, Guliko pələng olan qəfəsə balaca qızın oyuncağını götürmək üçün giribmiş. İş günü olmadığına görə o, uniformada deyilmiş: «Pələng ona qarşı aqressiv olmayıb, küləyin donu yellətməsinə reaksiya verib və onunla oynamaq istəyib. Bu zaman heyvan gücünü nəzərə almayıb».

SON AXŞAM

Daşqından az əvvəl Guliko dostuyla telefonla danışıb. Lali deyir ki, elə yenicə vəhşi öküzü doğuzdurmuşdu və ovqatı da çox yaxşıydı:

«O çox şən idi, mənə dedi ki, Malkhaz indi yeni doğulmuş heyvanı gətirdi. Dedi ki, güclü yağış yağıb və Malkhaz dəhlizdə suyun qabağını almağa çalışır ki, evə girməsin».

Bu, yəqin Guliko-nun son danışığı idi. Bir neçə dəqiqədən sonra sel daşqını onların evini ağuşuna alıb.

«Guliko həyatını öz işindən ayrı təsəvvür edə bilmirdi», - zooparkın direktor müavini David Taktakishvili deyir. «O, bütün həyatını heyvanlara həsr etdi və sonda onlar üçün həyatını verdi».

XS
SM
MD
LG