Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Hökumətin korrupsiya fantaziyası tükənib


Arxiv fotosu
Arxiv fotosu

-

Adı dövlət büdcəsi vəsaitlərinin istifadəsi pərdəsi ilə qurulan şübhəli tender oyunlarında deşifrə olunmuş şəxslər yenidən dövriyyəyə buraxılır.

Adını çoxlarının eşitmədiyi bir cənub kəndində çox qısa müddətdə eyni şəxsin direktor vəzifəsini daşıdığı 59 şirkət peyda olur. Amma ümumi daxili məhsulu 3 milyard ABŞ dollarını aşan Naxçıvan Muxtar Respublikasında ilin əvvəlindən 1-2 yeni şirkət yaranıb, ya yox... Bu təzadlı vəziyyətə rəsmi qurumlar heç bir izah vermirlər. Ekspertlər isə bunun arxasında çox primitiv korrupsiya sxeminin gizləndiyini deyirlər.

Hər 100 yeni şirkətin 28-i büdcə fırıldaqlarının iştirakçısına çevrilir

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat orqanı olan Vergilər Nazirliyi bu ilin mart-aprel aylarında yaradılaraq dövlət qeydiyyatına alınan şirkətlərin siyahısının açıqlanmasını yekunlaşdırıb. AzadlıqRadiosunun statistik təhlili göstərir ki, martda 376, apreldə isə 592 hüquqi şəxs yaradılıb. Qeydiyyat ünvanlarının eyniliyi, təmsilçilərinin təkrarlanması amillərinə əsaslanaraq demək olar ki, bu şirkətlərin ən azı 276-sı və ya 28,5 faizi büdcə vasaitlərinin ənənəvi sxem üzrə silinməsi üçün indidən növbəyə dayanıb.

Astaranın Ərçivan kəndi
Astaranın Ərçivan kəndi

Astaranın Ərçivan kəndini şirkətlərin “şitilliyi” adlandırmaq olar. İki ay ərzində bir və ya bir neçə şəxsin yaratdığı şirkətlərin 47-si burada qeydiyyatdan keçib. Bu müddətdə ölkədə yaradılan şirkətləin 129-na cəmi 4 nəfər rəhbərlik edəcək. “Sahibkarların” bu kəndə axının arxasında münbit iş mühitinin olduğunu düşünmək sadəlövhlük olardı. Belə ki, bu tip şirkətlər bir qayda olaraq yerlərdə özəl biznesin formalaşmasında qətiyyən iştirak etmir, yalnız dövlət sifarişlərində “ixtisaslaşırlar”.

Telman Elxan oğlu Qasımovun iştirakı ilə yaradılmış 18 şirkətin qeydiyyat coğrafiyası ölkənin üç regionunu əhatə edir. Ərçivan qəsəbəsindən başqa onun rəhbərlik etdiyi şirkətlərin ünvanları arasında Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 23A və Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 100 də var. Astara rayonunun üç kəndində (Ərçivan, Pensər və Maşxan) qeydiyyatdan keçən 29 şirkətə isə Baharə Binəli qızı Fətəliyeva direktor təyin edilib.

Amma mart-aprel aylarının simvolik rekordçusu Əliabbas Ağabəy oğlu İmanovdur. Onun çiyninə 59 şirkətin “sənədlərini daşımaq” düşüb. Şirkətlərin bir ünvanı var: Lənkəran rayonu, Vilvan kəndi.

Ş. Qandayev yeni-yeni şirkətlərin başına keçir

Bir çox cavabsız suallara cəbəb olmuş dövlət satınalmalarında adı hallanan Şamil Ramazan oğlu Qandayev yenidən “birgünlük” şirkətlərin başına gətirilib. “Turan” İA-nın təhlillərinə əsasən, 2013-cü ilin noyabr ayının 18-dən 2014-cü ilin yanvar ayının 9-dək bu şəxs 36 şirkətə direktor təyin edilmişdi. Bu, onun formal direktor vəzifəsi daşıdığı şirkətlərin heç də hamısı deyil. Mətbuatda onun rəhbər vəzifə tutduğu bir çox şirkətin məbləği bir neçə milyon manat olan dövlət satınalmalarında qalib gəlməsi haqda bundan öncə az yazılmayıb. Amma görünən odur ki, sirli şirkət “istehsalçıları” hələ də onun xidmətlərindən istifadə edirlər. Mart-aprel aylarında rəhbərliyi Şamil Qandayevə həvalə edilmiş 23 şirkət yaranıb. Onların qeydiyyat ünvanı kimi isə Astaranın “işgüzar mərkəzi” olan Ərçivan qəsəbəsi və Lənkəran şəhəri, Qala xiyabanı,8, mənzil 31 ünvanı seçilib.

Maraqlıdır ki, 40 yaşı Balakən sakini çoxsaylı şirkətlərə başçılıq etməklə kifayətlənmir. Vergilər Nazirliyin məlumatına görə o, həm də fərdi sahibkardır (VÖEN 3800497182).

Müşahidəçilər deyirlər ki, eyni şəsxlərin çoxsaylı şirkətlərə rəhbər təyin edilməsi tender mafiyasının kadr potensialının tükənməsinin göstəricisidir. Daha çox şəxsin bu cür oyunlara cəlb olunması, piramidanın çöküşünə gətirib çıxara biləcək informasiya sızıntısına yol aça bilər. Görünür, kiçik muzdla təhlükəli işlərə qol qoyan adam tapmağın özü də çətinləşib.

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı ekspert, “Respublikaçı Alternativ” Hərəkatının İdarə Heyətinin üzvü Rövşən Ağayev Azadlıq radiosuna deyir ki, büdcə vasaitlərinin ənənəvi yolla, yəni kiçik şirkətlər yaradaraq vəsaitlərin bir kanalla xırıd edilməsi bu işi həyata keçirən şəxslərin çox ciddi təxəyyül böhranından xəbər verir. “Artıq neçə vaxtdır ki, bu sxem mediada tutarlı faktlarla ifşa edilib. Amma bir şey danılmazdır ki, qurulan sxem də işləkdir və tender dəllalları yeni metodlar tapanadək ondan imtina edə bilmirlər”, deyə ekspert bidirir.

“Bəs ictimai vəsaitlərdən nə üçün bu cür qeyri-şəffaf şirkətlərdən istafadə olunur” sualının cavabında R. Ağayev bildirib ki, satılama qiymətləri şişirdildiyindən büdcə vəsaitlərinin istifadəsində proksi şirkətlər göydəndüşmədir, onların vasitəsilə satın alınam mal, iş və ya xidmətin xaraktiri və həcmindən aslı olaraq

20 faizdən başlayaraq 50 faizədək “otkat” almaq mümkündür. Sanballı şirkətlər isə bu cür qeyri-ciddi tenderlərə çoxdandır qatılmırlar.

Saxta şirkətlərin axrasında dayanan qüvvələrdən söz açan ekspert hesab edir ki, bunlar həm yerli, həm də mərkəzi səviyyədə himayə olunur. “Mən onlara tapşırılmış vəsaitlərin istifadə olunmasında adı gedən proksi şirkətlərin dövlət qurumlarında birinci şəxslər tərəfindən qanad altına alındığı fikrində deyiləm. Amma bu da danılmaz reallqdır ki, onların məlumatı olmadan bu cür proseslər baş verə bilməz”. Rövşən Ağayev belə düşünür.

Müşahidələr göstərir ki, proksi şirkətlər iqtisadi dəyər yaratmır. Onlar iş yerləri açmır, istehsal fəaliyyəti ilə məşğul olmur, yalnız büdcə vəsaitlərinin müəyyən sxem əsasında nağdlaşdırılması işində istifadə olunurlar.

İqtisadçı bu cür neqativ halların qarşısını ala biləcək “hüquqi resept” də verir. O, Azadlıq radiosuna deyib ki, dövlət satınalmalarına yalnız özəl biznesdə müəyyən təcrübə qazanmış fiziki və hüquqi şəxslər buraxılmalıdır. “Büdcə vəasitlərinin istifadə edilməsinə iddialı olan şirkətlər üçün “yaş senzi” tətbiq edilməlidir. Bu, işin xarakteri və smeta qiymətindən asılı olaraq 1 ildən 5 ilədək dəyişə bilər. Sahibkarlıq mühitində “bərkiməmiş”, dünən sənəd qovluğunu əlinə alan şirkətin asanlıqla büdcə vəsaitlərinə yaxın buraxılması yalnız korrupsiya sxemlərini əxz etmiş bir qrup məmurun işinə yarıyır”.

XS
SM
MD
LG