Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Dövlət Departamenti: “Erkən evliliklər çoxalır”


​AzadlıqRadiosu ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı “İnsan Haqları 2014” hesabatının Azərbaycanla bağlı hissəsinin tərcüməsini ixtisarla təqdim edir

-

Bölmə 6. Ayrıseçkilik, sosial zorakılıq və insan alveri

Azərbaycan qanunvericiliyində zorlamaya görə 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin ilk 11 ayında 34 zorlama faktı, 45 seksual xarakterli zorakılıq və 6 məcburi seksual akt qeydə alınıb. Bunlarla bağlı 71 nəfər ədalət mühakiməsinə cəlb edilib.

Qanun ailədaxili zorakılıqla bağlı şikayətlərin araşdırılması üçün çərçivəni müəyyən etsə də, tənqidçilər deyirlər ki, aydın icra mexanizmlərinin olmaması qanunun effektivliyini azaldır. Qanunun mövcudluğuna baxmayaraq, BMT-nin xüsusi məruzəçisi iyunun 18-də bildirib ki, qadınlara qarşı zorakılıq, o cümlədən ailədaxili zorakılıq və qətl halları ölkədə əvvəlki kimi geniş yayılıb.

QADIN KRİZİS MƏRKƏZİNİN BAŞINA GƏLƏNLƏR

Bakıdakı Qadın Krizis Mərkəzi qadınlara pulsuz tibbi, psixoloji və hüquqi yardım göstərib. Lakin hakimiyyət bir sıra qeyri-hökumət təşkilatları haqqında cinayət işi qaldırdıqdan sonra bu qurum fəaliyyətini dayandırmalı olub. May ayında Mərkəzin rəhbəri, qadın hüquq müdafiəçisi Mətanət Əzizova Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı ifadə vermək üçün təyziqlərlə və həbs olunmaq təhlükəsi üzləşdiyindən ölkəni tərk etməli olub. İyun ayında isə hakimiyyət Mətanət Əzizovanın ailəsinin ölkəni tərk etməsinə imkan verməyib. Vəkilinin sözlərinə görə, bu, onu ölkəyə geri dönməyə məcbur etmək məqsədilə edilib.

Hökumət insan alveri və məişət zorakılığı qurbanlarına yardım məqsədilə bir sığınacaq saxlayır.

Cütlüklər və fərdlər harda, nə vaxt və nə qədər övlad dünyaya gətirməyə qərar verməkdə sərbəstdirlər. Kontraseptiv preparatlar əlçatandır. Ancaq demoqrafik araşdırmalar göstərir ki, bu preparatlardan istifadə aşağı səviyyədədir. Mədəni, tarixi və sosial-iqtisadi faktorlara əsaslanan patriarxal normalar bəzi hallarda qadınların reproduksiya hüquqlarını məhdudlaşdırır.

Qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da, sosial ayrıseçkilik problem olaraq qalır. Əyalətlərdə ənənəvi sosial normalar və iqtisadi inkişafın zəifliyi qadınların iqtisadi fəaliyyətdəki rolunu məhdudlaşdırır. Yuxarı dövlət və biznes vəzifələrində qadınlar az təmsil olunur.

Doğulan uşaqların gender nisbətinə gəlincə, dekabra olan məlumata görə, hər 116 oğlan uşağına, 100 qız uşağı düşür.

17 yaşadək təhsil məcburi və pulsuz olsa da, kasıb əyalətlərdəki böyük ailələrdə oğlan uşaqlarının təhsil almasına daha çox önəm verilir, qız uşaqları isə ev işlərinə cəlb olunur. Bəzi yoxsul ailələr uşaqlarını təhsil almaqdansa işləməyə və ya dilənməyə məcbur edirlər. UNESCO-nun hesabatında əhalisinin oxuyub-yazma qabiliyyətinə görə ölkə yaxşı nəticə göstərsə də, uşaqların məktəbəqədər, ibtidai və orta təhsilə cəlbi baxımından Azərbaycan “hədəfdən çox uzaq” və ya “hədəfdən uzaq” kateqoriyasına aid edilir.

ERKƏN NİKAHLAR, ƏLİLLƏRİN HÜQUQLARI

Qanuna əsasən, qızlar ən erkən 18 yaşında, yerli icra hakimiyyətinin razılığı olduqda isə 17 yaşında ailə qura bilər. Azyaşlı ilə məcburi ailə qurmaq 3 min manatdan 4 min manatadək cərimə, yaxud 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bütün bunlara baxmayaraq, BMT-nin xüsusi məruzəçisinin məlumatına görə, azyaşlı qızların zorla ərə verilməsi ölkədə problem olaraq qalır. QHT-lərin bildirdiyinə görə, erkən evlilik hallarının sayı artmaqda davam edib. Dini nikahla ailə quran qızların taleyi xüsusi narahatlıq doğurur. Çünki boşandıqda qadın öz statusunu təsdiqlədə bilmir. Ərin yetkinlik yaşına çatmayan arvadını Azərbaycanda yalnız qoyaraq Rusiyaya işləməyə getməsinə dair çoxlu faktlar var.

Çoxlu sayda qaçqın və məcburi köçkün uşaqlar standartlara cavab verməyən şəraitdə yaşayır. Bəzi hallarda onlar məktəbə gedə bilmirlər.

Əlil insanların işə qəbul məsələsində ayrıseçkilik problem olaraq qalır. Yerli QHT-nin məlumatına görə, ölkədə təxminən 60 min əlil uşaq var. Bu uşaqlardan 6-10 mini xüsusi təhsil müəssisələrində təhsil alsa da, qalanları ya evdə oxuyur, ya da ümumiyyətlə, oxumur.

Ölkədə 20-30 min erməni mənşəli vətəndaş yaşayır. Onlar çox vaxt öz sənədlərində etnik kimliklərini qanuni yolla dəyişdirərək erməni olduqlarını gizlədirlər. İl ərzində ermənilərə qarşı hər hansı zorakılıq faktı qeydə alınmayıb.

Ölkədə 20-30 min yəhudinin yaşadığı bildirilir. Azərbaycanda antisemitizm halı qeydə alınmayıb.

LGBT, HİV VƏ DİNİ DİSKRİMİNASİYA

Cinsi oriyentasiya ilə bağlı ayrıseçkiliyi qadağan edən qanun mövcuddur. Lakin fərqli cinsi oriyentasiyalı şəxslərə qarşı sosial dözümsüzlük, zorakılıq və ayrıseçkilik bir problem kimi qalmaqdır.

Yerli QHT-nin məlumatına görə, fərqli cinsi oriyentasiyalı şəxsə qarşı polisin qəddar münasibətinə dair çoxsaylı hallar baş verib. Bu hallar araşdırılmayıb və təqsirkarlar cəzalandırılmayıb. Bundan başqa, elə polis məntəqələri var ki, LGBT-li şəxslərdən onların əsl kimliklərini və ya cinsi oriyentasiyalarını ictimaiyyətə açıqlamamaq qarşılığında onlardan pul qoparmaqla məşğuldur.

Yerli QHT-nin bildirdiyinə görə, yanvarın 22-də LGBT hüquqları fəalı İsa Şahmarlının özünə qəsd etməsinə səbəb məhz sosial diskriminasiya olub. LGBT-li şəxslər bildirirlər ki, işəgötürənlər onları işə götürməkdən imtina edərkən, hər hansı başqa səbəb tapırlar. Çünki fərdi cinsi oriyentasiyasına görə işə qəbul etməmək qanuna ziddir.

Rəy sorğusu göstərir ki, qadınların 79.9, kişilərin isə 92 faizi HİV virusu daşıyıcılarına ayrıseçkilik münasibəti göstərir.

Sələfilərə hücum edilərək, onların saqqalının qırxılması barədə mediada məlumatlar gedib. Məsələn, iyulun 4-də Sabirabadda Rəmzi Zeynalov adlı şəxsin Cavanşir Zərbəliyev adlı sələfinin saqqalını kəsdiyini əks etdirən video yayılıb. Video cəmiyyətdə geniş rezonans doğurandan sonra polis Rəmzi Zeynalovu nalayiq hərəkətə görə həbs edib.

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarını tənqid edən hesabatı hökumət nümayəndələrinin sərt reaksiyaları ilə qarşılaşıb. Rəsmilər tənqidləri «qərəzli kampaniya», «qara piar» adlandırıblar.

XS
SM
MD
LG