Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:13

Balzakın öz taleyinə bənzəyən heykəli


Balzak heykəli parkdan muzeyə köçürülür, 2014-cü il
Balzak heykəli parkdan muzeyə köçürülür, 2014-cü il

-

"Əslində, bu yazının yazılma motivi Stefan Sveyqin Balzak haqqındakı bioqrafiyasını oxuyarkən kitabın bir yerində damarlarımda hiss etdiyim kəskinləşən qan dövranıdır."

"Atletik bədən quruluşu, yüngülcə arxaya əyilmiş dik başı və əmr edərcəsinə irəliyə, hansısa məchulluğa dikilən təhlükəli baxışlarıyla əlində sərt penisini tutmuş Balzak və onun bu seksual jestinin üstünü örtən qolları boş palto."

Təqdim etdi: Malik Məmmədli

Esse

Balzakın tale portreti: bir heykəlin izi ilə

Heykəl tam olaraq 1897-ci ildə, Balzakın (Honore de Balzac, 1799-1851) ölümündən 46 il sonra hazır olur.

Heykəltəraş Anri Şapuya (Henri Chapu) sifariş edilən, amma onun ölümü ilə yarımçıq qalan işi başa çatdırmaq, 1891-ci ildə, Fransa Yazıçılar Cəmiyyəti (Societe des Gens de Lettres) tərəfindən Rodenə həvalə olunur (Cəmiyyətin yeni prezident Emil Zolanın səyləri nəticəsində.)

"Balzak" əsəri. XIX əsr Fransız heykəltəraşı Auguste Rodin
"Balzak" əsəri. XIX əsr Fransız heykəltəraşı Auguste Rodin

Elə həmin il də sözügedən Cəmiyyət Fransada rəsmi olaraq tanınır.

Hazırda da fəaliyyət göstərən Cəmiyyət yazıçıların qanuni maraqlarını, sosial-hüquqi statuslarının müdafiəsini təmin etmək məqsədilə O.Balzak, V.Hüqo, A.Düma və C.Sand tərəfindən ictimai əsaslarla təşkil edilmişdi.

Roden sifarişi aldıqdan sonra yazıçının ruhi vəziyyətini düzgün təsvir edə bilmək üçün bir neçə dəfə Balzakın doğulduğu yerə, - "bərəkətli əyalət şəhəri" Turinə səfər edir.

Orada, Balzakın izləri ilə, müxtəlif müşahidələr aparır, fizionomiyaları yazıçıya bənzəyən insanları axtarır, heykəlin bir neçə gil eskizini hazırlayır.

Sifarişi alarkən işi on səkkiz aya qurtarıb təhvil verəcəyinə söz versə də, Roden bu heykəl üzərində düz 5 il işləməli olur.

Ləngliyi, uzun-uzadı müşahidələri, düzəlişləri, üzərində işlədiyi versiyanı bir neçə dəfə yarımçıq qoyub başqa bir eskizə üz tutması bir yana qalsın, son model nümayiş olunanda Fransız intellektual və siyasi çevrələrində əməlli-başlı mərəkə qopur.

Atletik bədən quruluşu, yüngülcə arxaya əyilmiş dik başı və əmr edərcəsinə irəliyə, hansısa məchulluğa dikilən təhlükəli baxışlarıyla əlində sərt penisini tutmuş Balzak və onun bu seksual jestinin üstünü örtən qolları boş palto.

Budur, Rodenin Balzakı, - heykəltəraşlıq sənəti üçün tamamilə sadə forma.

Həmin illərdə Fransa Yazıçılar Cəmiyyətinə artıq Emil Zola rəhbərlik etmirdi və nəticədə Roden sifariş üçün vəd edilən pulu ala bilmir.

Fransız intellektuallarının mühafizəkar kəsimi tərəfindən ən yaxşı halda "gil yığını" adlandırılan heykəl kəskin tənqidlərə məruz qalır.

Bu vəziyyətdə Rodenin işi, Balzakın mövcud nüfuzunu tanımayaraq alçaltdığı iddiası ilə sifarişçi Cəmiyyət tərəfindən də rədd edilir.

Həmin illərdə Fransa Yazıçılar Cəmiyyətinə artıq Zola rəhbərlik etmirdi və nəticədə Roden sifariş üçün vəd edilən pulu ala bilmir.

Bundan əlavə, Roden indi az qala siyasi qarşıdurmaya da cəlb edilmişdi - belə ki, sənətçinin Zola ilə yaxın əlaqələri həmin dövrün səs-küylü məhkəmə proseslərindən olan zabit Dreyfus işində hakim dairələrin qəzəbini onun üstünə çəkmişdi.

Hesab edilir ki, elə bəlkə də, heykəlin mühafizəkarlar tərəfindən bu cür şiddətli müqavimətlə üzləşməsinin əsas səbəbi onun Dreyfus Kampı ilə yaxın əlaqələrinə görə idi.

Öz işinin heykəltəraşlıq sənəti baxımından inqilabi xarakteri, yenilikçi ruhu və missiyası, bütün yüksələn etirazlara baxmayaraq, Rodenə aydında idi.

Onun bu özünəinamı sonrakı nəsillər tərəfindən də layiqincə qiymətləndirildi.

Lakin biz hələ də aydınlaşdırmaq istədiyimiz əsas məsələyə gəlib başlıca sualımızı verməmişik:

Balzakın üzünün və vücudunun "portreti" ilə taleyinin portreti arasında hansı uyğunluq vardı?

Yaxud Roden, Balzakı "yenidən yaradarkən", təxminən yüz il sonra, reallığı hansı həddə əks etdirə bilmiş yaxud təhrif etmişdi?

***

Əslində, bu yazının yazılma motivi Stefan Sveyqin Balzak haqqındakı bioqrafiyasını oxuyarkən kitabın bir yerində damarlarımda hiss etdiyim kəskinləşən qan dövranıdır.

O hissə aşağıdakıdır:

Balzaka heykəl, müəllif Auguste Rodin
Balzaka heykəl, müəllif Auguste Rodin

"İyirmi altı yaşından etibarən həqiqəti demək olar ki, - hər səfərində böyük faciələrə çevrilən istisnalar xaricində, xammaldan, öz kainatının çarxını hərəkətə gətirən yanacaqdan başqa bir formada görməmişdi.

Demək olar ki, şüurlu olaraq həyatın kənarında yaşayırdı. Sanki bu iki dünyayla, özünün həyatıyla başqaların həyatı arasında yaranacaq hər təmasın həmişə ağrılı olacağından qorxurdu.

Axşam saat səkkizdə əldən düşmüş vəziyyətdə yatağa girir, dörd saat yatır, gecə yarısı oyanırdı.

Paris, o gurultulu ətraf qızdırmalı gözlərini yumanda, küçələrin uğultusunun üstünə qaranlıq çökəndə, dünya gözdən itəndə onun dünyası üzə çıxmağa başlayırdı.

O, öz dünyasını digərinin yanında qurur, onun dağınıq elementlərini bir araya gətirir, saatlarla qızdırmalı bir sərxoşluq halında yaşayır, əldən düşən duyğu orqanlarını sürəkli qəhvə ilə qırmanclayırdı.

Bu vəziyyətdə on, on iki, bəzən də on səkkiz saat işləyirdi, hər hansı bir şey onu bu dünyadan qoparıb öz reallığına dartana qədər.

Bu oyanış anlarında Rodenin ona bir heykəlində vermiş olduğu o baxışı daşıyırdı güman ki. Göyün min qat yuxarısındakı o ani oyanış, unutdğu həqiqətə o eniş, o qorxuducu, böyük, az qala qışqıran baxış, soyuqdan donmuş çiyininə paltar keçirən o əl, yuxudan qoparılıb oyadılan birinin, qışqıraraq adının deyildiyini eşidən bir lunatikin üz ifadəsi...

Heç bir şairin əsərində itmənin sıxlığı, öz xəyallarına duyduğu inam bu qədər güclü olmamış, şizofrenlər belə, özünü aldatmanın sərhədinə bu qədər yaxınlaşmamışdır."

Düzgün təxmin etdiniz; məndə dərhal Rodenin Balzaka verdiyi o qeyri-dünyəvi baxışı görmək həsrəti oyandı.

S.Sveyq öz əsərində, müşahidə və təsvir qabiliyyətinin başgicəlləndirici ustalığından mərhəmətsizcəsinə yararlanaraq, Balzakı Rodenin heykəlindən heç də geri qalmayan bir çılpaqlıqla cap-canlı gözlərimizin önünə qoyur.

Bunu o qədər məharətlə edir ki, oxucu, özünün belə, xəbəri olmadan sinirləri dartılıb gəriləcək bir həddə həmin təsvirlərin içinə dalır.

Artıq bütün sözlər deyilmişdir, "yeni olan hər şey sadəcə bir xatirədir."

Balzak üçün reallıq başdan-ayağa "faciə xaosu"ndan ibarət idi.

Lakin yenə də daxilimdəki hansısa sirli, sirli olduğu qədər də güclü bir iradə, Balzakın tale portretinin diqqətimi çəkən, məni həmişə həyəcanlandıran ümumi cizgilərini yazıya etibar etməyə sövq edir.

Bu işdə yararlanacağım "gil" "əsərində itmənin sıxlığı" ilə Balzakın məkan və qəhrəmanlarıdır.

***
Madam ki, Roden Balzakı bütün həyatiliyi ilə yenidən inşa etdiyini iddia edir, elə isə biz də çıxış nöqtəsi kimi bu sualdan başlaya bilərik:

Balzak üçün həyat yaxud içində olduğu reallıq hansı mənaya gəlirdi?

Cavab sadədir: Balzak üçün reallıq başdan-ayağa "faciə xaosu"ndan ibarət idi.

Cavab ona görə sadədir ki, bunu başa düşmək üçün çox da uzağa getmək lazım gəlmir; onun danışdığı hekayətlərin hər biri az qala real bir faciədir. Balzak özü də bunu inkar etmək fikrində deyil.

O, Qorio atanın fədakarlıq hekayəsinə keçməmişdən əvvəl oxucuya xəbərdarlıq edir: "Ancaq bilin ki, bu faciə nə uydurma, nə də romandır. All is true - bu, o qədər həqiqi bir hekayədir ki, hər kəs bunun rüşeymini özündə, bəlkə də, öz qəlbində tapacaqdır."

O, haqsız da deyil, bu faciələrdə hər kəsdən bir az var. Və qəlblərin dərinliklərinə enib orada, toxum halında olsa belə, yatan insan faciələrini oyatmaq, qazıb çıxarmaq və təsvir etmək Balzakın sənəti idi.

Onun məkanları da bu faciələrin təbiətinə uyğun illüstrasiya edilib. Balzakın çox mükəmməl təsvirlərindən olan "Qorio ata"dakı Vokenin Pansionunu yadınıza salın:

Pansionunun təsviri özünün bütün rəngləri ilə elə bil Balzakın gözündəki həyatın dörd divar arasına sıxışdırılmış forması idi - sanki özü qəsddən, bilərəkdən bacardıqca çirkin təsvir etməyə çalışır bu azarlı məkanı.

Öz səhnəsini Parisin ən dəhşətli, həyatın amansızca qaynadığı ən rəzil məhəllələrindən birində qurur.

"Senanın Sen-Jak küçəsi ilə Sen-Pyer küçəsi arasındakı sol sahilini tanımayanlar insan həyatında heç şey başa düşməzlər."

Kimlər yoxdur ki bu pansionda - reallığın başgicəlləndirici illuziyasında, həyatın dibində çarəsizcə çabalayan, ən alt qatlara itələnmiş, yaxud itələnməkdə olan hər kəs - "gənclər və qocalar, qadınlar və kişilər" üçün açıqdır bu evin qapısı.

Yetər ki faciələri Balzakın diqqətini çəkəcək intensivlikdə olsun.

Sveyqin çox məharətlə hər cürə xarakterin sıxışdırıldığı "cadugər qazanı" adını verdiyi Pansionun sahibəsi dul qadın Voke, həyatın özünə qarşı olan və özünün digərlərinə göstərdiyi mərhəmətsizliyi, həyatın idbarlaşdırdığı qadının xarakteri onun paltarları, xarici görünüşü, hətta evinin divar kağızları və pişiyi ilə də iyrənc bir ahəngdarlıq təşkil edir.

İnsan faciələri, bu faciələrin dövrlə, ətrafla, şəraitlə, xarici görünüşlərlə məharətlə eyniləşdirilməsi Balzakın ən usta yaradıcılıq qabiliyyətlərindən biri idi.

***

Məgər Balzakın öz şəxsi faciəsi ağrıyla təsvir etdiyi bu insanların taleyi qədər acınacaqlı deyildimi?

Yaxud Balzakın yaşadığı, işlədiyi həmin çardaq mərtəbəsi, o çirkin otaq təsvir etdiyi bu məkanların rəzilliyindən çoxmu fərqlənir?

Balzak da əvvəldə qəhrəmanları kimi ehtiraslıdır, çoşğuludur - hislərini, bədəninin və ruhunun istəklərini, zövqlərini təmin etmək, gənclik arzularını həyata keçirmək istəyir.

Lakin, çox keçmir ki, özünün "həyatın çarxında un kimi əzilən" qəhrəmanları sayaq o da ard-arda məyusluqlar girdabına düşür, uğursuzluqlarının sayı-hesabı bilinmir, borc yükü çox erkən yaşda kürəyini çökdürür.

Balzak da öz qəhrəmanları kimi "ya hər şey, ya da heç bir şey – budur mənim şüarım" deyir.

Elə isə, bu həlledici məqamda bir qərara gəlməlidir.

Və həmin faciəvi qərar heç tərəddüd edilmədən verilir: dövr o dövr deyilsə, nümunə götürdüyü o böyük sərkərdə, Napaleon kimi, tək Fransaya deyil, bütün dünyaya sahib olmaq ehtirası təmin olunmayacaqsa, onda dünyanın yarısını da istəmir.

Balzak da öz qəhrəmanları kimi "ya hər şey, ya da heç bir şey – budur mənim şüarım" deyir.

Bu qorxunc şüarla ədəbiyyata yönəlir, əsərlərinin mürəkkəbi içində öz dünyasını, səhnəsini qurur, qəhrəmanlarını, uğurlu və uğursuz, lakin hər biri "ehtiras küpü" olan qəhrəmanlarını yaradır, bütün həyata keçməyən gənclik zövqlərini xəyali təqlid yolu ilə olsa belə, əsərlərindən almağa, böyük ehtiraslarını qəhrəmanları ilə birgə yaşamağa çalışır.

Öz maddi dünyasının cansıxıcı reallığından qoparaq, sözün həqiqi mənasında qəhrəmanlarının dünyasına daxil olur, yalnız orada təskinlik tapır, özünü orada itirir.

Sveyqin çox dəqiqliklə ifadə etdiyi kimi, "sanki bu iki dünyanın, özününki ilə başqalarının dünyası arasında yaranacaq bir təmasın həmişə ağrılı olacağından qorxur".

Kəskin həyəcan içində çığıraraq otağına daxil olan dostuna həqiqi həyatda yaşayırmış kimi öz qəhrəmanının öldüyünü deyir.

Yalnız dostunun ürkərək geri sıçramasından həmin qadının reallıqda mövcud olmadığını başa düşür; belə hallarda xəyalla gerçəyin sərhədini ayrıd edə bilmir...

Göründüyü kimi, Balzakın öz şəxsi həyat faciəsi, qəhrəmanlarının faciəsi ilə eyni rəngdə, eyni tonda, - cəmiyyətin, zəmanənin məhsulu - idi. Və əgər onun öz reallığı ilə qəhrəmanlarının faciələri arasında hər hansı bir fərq varsa, o da yalnız bu faciələrin intensivliyində ola bilər.

"Bu, həyatla dolu, yaxud buz kimi donuq, dilsiz, lakin qəlbi dərindən həyəcanlandıran faciələr, nəhayəti olmayan faciələr idi."

Bu faciələrin hər biri unikaldır, lakin bu faciələrin hər birinin də təkcə Balzakın bildiyi bir ortaq xüsusiyyəti var - onun yaratdığı bütün bu mərhəmətsiz təsvirlərdə, eynilə Rodenin ona verdiyi, sifətində donub qalan istehza qarışıq qorxulu, şizofrenik bir üz ifadəsində olduğu kimi, səssiz bir qışqırıq eşidilir:

Həyat şəxsi faciələrimizin müxtəlif sıxlıqda cəryan edən düz xətliliyindən başqa bir şey deyil.

Onu başqa yerdə axtarmağa, yaxud artığını gözləməyə dəyməz - həyat özünün bütün iztirab və məhrumiyyətləri ilə burdadır və elə indicə bizi kahinsayağı müdrikliklə məsxərəyə qoyaraq yanımızdan ötüb keçir.

***

Lakin Balzak heç də bu insan faciələrinin təfərrüatları içində itib batmır.

Xarici görünüşlərin çox vaxt ironiya qarışıq təsvirlərdən sonra çox sərrast iti baxışla qəhrəmanın daxilinə nüfuz edərək həqiqi olanı, onu bu vəziyyətə salan şəraiti, keçmişini görə bilir.

"Qorio ata"-dakı Cənab Puarenin xarici görünüşünün, geyiminin istehza dolu təsvirinin ardıyca onun keçmişinə sızır, bu mənfur xarakteri beş-on cümlə ilə bütün incəliklərinə qədər bizə tanıtdırmadan ondan əl çəkmir:

"Ona təsadüf edən adamlarda istər-istəməz belə bir sual doğardı: bəlkə də, bu kölgə İtaliya bulvarında qanad çalan Yafəs nəslinin cəsur oğullarındandır? Bəs hansı məşğələ onu bu hala salmışdır?

Hansı bir ehtirasdan onun şişkin üzü o dərəcə qaralmışdır ki, karikaturada belə, bunlar qeyri-təbii görünə bilərdi? Keçmişdə o nəçi olmuşdur?

Kim bilir, o, bəlkə, ədliyyə nazirliyində, bütün cəlladların öz xərclərinə imza atdıqları, ata qatillərinə qara pərdə hazırlamaq üçün hesab verdikləri gilyotin altındakı səbətlərə taxta tozu, gilyotin bıçağına kəndir hazırlamaq üçün hesabat təqdim edilən şöbədə xidmət etmişdir?

Bəlkə də, sallaqxana qapılarında vergiyığan, yaxud xalq səhiyyəsi nəzarətçisinin müavini olmuşdur.

Bir sözlə, bu adamın bizim böyük ictimai dəyirmanımızın yük eşşəyi, öz Bertranını belə tanımayan Paris Rotonlarından biri, ətrafında fəlakətlər və insan çirkabı fırlanan bir çarx olduğu görünürdü."

Sanki bütün bu biliklər qəhrəmanının üz cizgilərində, geyim-keçiminin qırışlarında gizlənib və Balzak da onları ustalıqla, amansız bir kinayə ilə tələsmədən bir-bir oxuyur.

Dostoyevskidəki kimi gözlənilməzliklər, oxucunu həmişə gərginlikdə saxlayan psixoloji eniş və yüksəlişlər Balzakda yoxdur.

Balzak bu insanlara mərhəmət etmir, onlarla elə həyatın özü kimi davranır.

Biz lap əvvəldən Qorio atanın faciəsinin təxmini konturlarını müəyyən edə bilərik.

Bəlkə də bu yeksənəq həyat xətləri bir az da darıxdırıcıdır, lakin Balzak sanki bunu bilərəkdən edir.

Çünki hər hansı bir məqsədi var idisə, o da diqqəti reallığa çəkmək, bu çoxsaylı, oxşar, sıradan talelərin qəlbində yatan, lakin heç biri də özünəməxsus etiraslardan məhrum olmayan insan faciələrinin şeirini yazmaq, heç kimin görmədiyi bir işin katibliyini etmək idi.

Balzak bu insanlara mərhəmət etmir, onlarla elə həyatın özü kimi davranır. Onun Parisindəki faciələrin ucu-bucağı, sayı-hesabı yoxdur.

Lakin Paris, onun öz əsərlərində qurduğu dünyanın səhnəsi - həyatın özü bu fəlakətlərə biganədir.

Balzak da bu cür davranmaq məcburiyyətindədir. Çünkü eynilə qəhrəmanları kimi onun özü ilə də bu cür davranılıb.

Elə isə, Balzakdan daha yaxşı bu faciələri belə həssaslıqla kim duya, belə möhtəşəmliklə kim təsvir edə bilərdi?

Çünki, zəmanəsi tərəfindən özünün bütün xəyallarından qovulmuş bu qızdırmalı gözlərin sahibinin, Balzakın həyatdan öyrəndiyi tək dəyişməyən həqiqət var idisə, o da mərhəmətsizlik qanunu idi.

Özü bunu çox erkən yaşda öyrənir. Qəhrəmanları da Balzakın kimyanı sevdiyi bir dəqiqliklə həyatın mayası içində əriyərək, yenidən yoğrularaq bütün gənclik saflıqlarını itirirlər, çözülmələrə, həll edilmələrə - kompeks kimyəvi proseslərə məruz qalaraq tamamilə fərqli elementlərə çevrilirlər.

Lakin hər biri axır-əvvəl bu mərhəmətsizlik hissini öyrənir. Bunu onlara başqası yox, elə Balzakın özü öyrədir.

Ejen Rastinyak, "bir tərəfdə - ən zərif bir ictimai mühitin yaratdığı parlaq, cazibədar surətlər, gözəl sənət əsərlərinin və zinətli əşyalarının çərçivəsi içində görünən canlı gənc simalar, ehtiraslı, şairanə şəxsiyyətlər, o biri tərəfdə isə - çirkab və səfalət içində canlanan məşum lövhələr, ehtiraslardan yalnız oyunbaz kəndirlərini və mexanizmlərini saxlamış" insanları görən tələbə daxilində çox böyük tərəddüdlər, ümidsizliklər keçirir.

"Kişilərə və qadınlara poçt atı nəzəri ilə baxın, rəhm etmədən bu atları qovun, qan-tər içində ölənlərə əhəmiyyət verməyin, - o zaman siz bütün arzularınıza nail olarsınız" deyən, bir vaxt özü də Rastinyak kimi saf gənc olmuş anarxistin, Balzakın da çox sevdiyi qəhrəmanı Votrenin məsləhətlərini qulaq ardına vuran Rastinyak, Parisdə daha yaxşı bir həyata yüksəlmək üçün düzgün, ləyaqətli yollar axtarır.

Əvvəl ona elə gəlir ki, bu amansız həyat oyunundan qalib çıxacaq, "vicdanı bu amansız və dəhşətli imtahandan hər yoxlamaya tab gətirə biləcək".

Lakin əsil fədakarlıq nümunəsi olan həmin bəxtsiz adamı, Qorio atanı dəfn etməyə iki xidmətçidən başqa kimsə tapılmayanda "məzara baxaraq, saf qəlbinin müqəddəs həyəcanlarının doğurduğu gəncliyinin son göz yaşlarını bu məzarda dəfn" edir.

Qəbirstanlıq təpəsinin üstündə duraraq Parisin kübar cəmiyyət evlərinin yerləşdiyi yeri, "uğuldayan bu arı pətəyini, balın dadını duymuş kimi, həris gözlərlə nəzərdən keçirir", və nəhayət Votrenin haqlı olduğunu başa düşür.

"Artıq o, öz təhsilində kamal dərəcəsinə çatmışdı.. Burada döyüş meydanında olduğu kimi, ölmək istəmirsənsə, öldürməyə, aldanmaq istəmirsənsə, aldatmağa məcbursan.

Burada vicdanı qapı ağzında qoymağa, qəlbinə maska taxmağa, insanlarla amansız bir oyun oynamağa" məcbursan.

Balzakın qəhrəmanları qumarı xırda-xırda deyil, iri partiyalarla oynamağa məcburdular.

Və budur, Ejen Ratinyak, həmin saf qəlbli tələbə Balzakın digər əsərlərində qarşımıza mərhəmətsiz bir adam, Baron Rastinyak kimi çıxır.

Balzakın bütün bu qəhrəmanları onun özü kimi həyatın içindən gəlirlər. Onlardan katorqa məhkumu Votren xüsusilə diqqət çəkir.

Anarxist Votrenin, bu müdrik insanın adamları bir kitab kimi oxuya bilməsi üçün üzlərinə bircə dəfə baxması kifayətdir. Votren hər şeyi bilir, heç bir həyat həqiqəti ondan gizli deyil.

Qadınların nəyi sevdiyindən, yüksəlmə yollarından, qanunlardan, kübar əxlaqın çirkinliklərindən, bu əxlaqın törətdiyi, ictimai quruluşun ədalətsizliyinin səbəb olduğu cinayət və fəlakətlərdən tutmuş nəcabətli təbəqənin həyat tərzləri, xəyanətləri, nə qədər xərclədiyi xırdalığına qədər hər şeydən peyğəmbərcəsinə xəbərdardır.

"Votren bəzən xasiyyətinin qorxunc cəhətini büruzə verərdi. Yuvenal kimi hazırcavablılıqla coşar, qanunlara məmnuniyyətlə istehza edər, kübar cəmiyyəti qırmaтclar, onun daxili ziddiyyətlərini ifşa edərdi.

"Məgər siz bizdən yaxşısınız? Bizim çiynimizə basılan damğa çürüyən cəmiyyətin xəstə üzvlərinin ürəyinə basılan damğadan min dəfə yaxşıdır."

Bu isə onun qəlbində ictimai intizama qarşı kinli bir küskünlüyün çırpındığını və həyatının dərinliklərində böyük bir sirr dəfn edilmiş olduğunu göstərirdi."

Əgər siz cəllad ola bilməsəniz, qurbanlığa çevrilərsiniz deyən bu anarxist, yaşadığı dövrün, "ancaq yalançılar və axmaqlardan ibarət olan" kübarlara sərf edən ictimai əxlaqın çirkinliyini məharətlə gözlərimizin önünə sərir.

Votren qəlbinin dərinliyindəki ağrından od püskürərcəsinə bağırır:

"Məgər siz bizdən yaxşısınız? Bizim çiynimizə basılan damğa çürüyən cəmiyyətin xəstə üzvlərinin ürəyinə basılan damğadan min dəfə yaxşıdır."

Əslində isə mövcud ictimai intizama qarşı həmin kini qusan Balzakdır. Ağrıdan parçalanan, həyatın amansız zərbələrindən key olmuş bədənin altındakı ürək onunkudur.

Soyuqqanlı, hər şeydən məlumatlı, insan sərrafı, gülərüz, saf insanlara qarşı olan mərhəməti ilə yanaşı, bu ədalətsiz ictimai quruluşda yüksəlməsi yolunda bütün maneələri bir göz qırpımında yarıb keçməyə hazır olan mərhəmətsiz adam Votren burada olsa-olsa, Balzakın sözçüsü kimi çıxış edir.

Heç şübhə yoxdur ki, bizimlə pərdənin o biri üzündən danışan Balzakın özüdür.

Votren kimi Balzak üçün də artıq hər hansı bir mütləq dəyər, "prinsip yoxdur, ancaq hadisələr var. Qanun yoxdur, hər şey vəziyyətdən asılıdır."

Balzak elə bu məqamda özünü saxlaya bilmir, Votrenin dili ilə moralistləri, onların əxlaq adı verdiyi şeyləri qırmanclayır - ona görə, insanın kamilləşməsi bəhsi sadəcə illuziyadır:

"İnsan hələ kamillik dərəcəsinə çatmaqdan uzaqdır. İnsan bəzən az, bəzən çox riyakarlıq edər, axmaqlar isə birinin əxlaqlı, o birinin əxlaqsız olduğunu söylərlər. ...insan hər yerdə bir cürdür, aşağıda, ya yuxarıda, ya da ortada olmağının heç bir fərqi yoxdur."

Dəyərlərin öz çəksinin itirdiyi, nisbilik girdabına çevrilən bir zəmanədə Balzakın sürəkliliyini müşahidə edə bildiyi yeganə dəyişməyən dəyər - hər şeyin alınıb-satıldığı pul dəyəridir.

Onun özünün də yaşadığı cəmiyyət, zəmanə elə bir hala düşüb ki, sərvət istər maddi, istərsə də mənəvi dünyanın tək ölçü vahidinə çevrilib.

Lakin Balzakın məğlub olmaq fikri yoxdur. "Dünyada ancaq iki yol bilirəm: küt bir itaət, yaxud üsyan" deyən "bu qorxunc sfinks" Votren kimi Balzak da üsyanı seçir, itaəti əsla ağlına gətirmir.

Boyun əyməyə və peşmançılığa qətiyyən yer yoxdur, öz əsərlərinin dünyasında olsa belə.

Heç də təəccüblü deyil ki, Balzak öz gənc qəhrəmanlarına belə bir ictimai nizamda, hamının hamıya qarşı müharibəsində sağ qalmağın, əzilməməyin, qalib çıxmağın çox dəqiqliklə düsturlaşdırılmış tək qanunu başqasının deyil, məhz bir anarxistin, Votrenin dilindən təqdim edir:

"Siz bir-birinizi bankaya qoyulmuş hörümçəklər kimi gəmirməyə məcbursunuz", yaxud "bu insan yığınına ya bir top mərmisi kimi girməli, ya da taun kimi arasından keçməli; namuslu yolla heç bir şey əldə etmək mümkün deyildir."

Bu cümlələrlə "çağının ruhi vəziyyətini" məharətlə müəyyənləşdirən adam, çox erkən yaşda kürəyi yerə vurulmuş, öz əsərlərinin dünyasında təskinlik tapmağa məhkum edilmiş Balzak, vəziyyətin, dövrünün real təsvirini çox həssaslıqla verir.

Bu məharətin və həssaslığın başlıca səbəbi odur ki, bu həm də onun şəxsi həyat hekayəsi, taleyi, faciəsi, reallığıdır.

Ən azından ona görə ki, Balzak özü də bu adi adamlar kimi, həyat hekayətləri Balzakın əsərlərindən başqa heç bir yerdə danışılmayan bu "gənclər və qocalar, qadınlar və kişilər" kimi, həyatın bütün əzablarını iliklərini qədər hiss edib, öz iztirabları ilə ona verilən yaşamın əvəzini artıqlaması ilə ödəmişdi.

Bu halda, Balzak əsərlərindəki minlərlə özü kimilərlə yanaşı, həm də öz şəxsi həyat faciəsini yaradıb desək, yəqin yanılmarıq.

Elə isə, Balzakın özünü də əsərlərindəki həyat "təhsilinin kamal dərəcəsinə çatmış" qəhrəmanlarından biri elan edək, - həmin istehza dolu qışqıran üz ifadəsi, meydan oxuyan təhlükəli baxışlar, "özünü aldatmanın sərhədini" kəskin həddə aşan dəliliyi ilə bir yerdə.

***
Bütün bunlardan sonra, Balzakın fiziki "portreti" ilə tale portreti arasında uyğunluq barəsindəki sualımız öz aktuallığını əvvəlki kimi qoruyub saxlayır.

Lakin yenə də, məncə, məyus olmağa dəyməz, çünki qərarsız olan tək biz deyilik; heykəlin Fransa ictimaiyyəti üçün açıq şəkildə sərgilənməsi yalnız 1939-cu ildə, Rodenin ölümündən 22 il sonra mümkün olur.

Elə bu yazıda da əsas məqsəd Balzakın taleyinin diqqətimi çəkən ümumi cizgilərini vermək idi. Və ümid edirəm sonda Rodenin "Balzak" barədə aşağıdakı fikirlərini nəzərdən keçirmək əvvəldə verdiyimiz suala və qoyduğumuz məqsədə nə dərəcədə nail olduğumuza müəyyən qədər aşkarlıq gətirə bilər.

Belə ki, Roden daha sonra, özü haqqında kitabın müəllifi Pol Qsellə söhbəti zamanı bu barədə deyirdi:

"Mövzunu işləmək üçün tək bir yolum vardı: yazarkən necə idisə, Balzakı o cür, təngnəfəs, saçları qarmaqarışıq, gözləri bir xəyalda itmiş göstərməli idim; öz kiçik otağında bütün cəmiyyətə gur bir həyat bəxş etmək üçün onu hissə-hissə yenidən inşa edən dahi.

Qətiyyən dincəlməyən, gecəsini gündüzünə qatan, borclarının buraxdığı boşluğu doldurmaq üçün əbəs yerə özünü sürükləyən..."

Sizsə, əgər istəsəniz, bu yazının bütün cəfəngiyyatlarını rədd edib, yalnız mətnin əvvəlində Sveyqdən verilmiş bir parça və Rodenin mətnin axrındakı sözləri çox dəqiqliklə seçilmiş cümlələri ilə kifayətlənə bilərsiniz.

XS
SM
MD
LG