Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:07

Azərbaycanda "yoxa çıxan" 160 min turist


Bakıdakı Şeraton oteli
Bakıdakı Şeraton oteli

-

Gəlirlər təxminən 10 milyon manat artsa da, mehmanxanaların dövlət büdcəsinə ödədikləri vergilər yüksəlməkdənsə, azalıb...

Dövlət Statistika Komitəsi Azərbaycanda fəaliyyət göstərən mehmanxana və qonaq qəbulu ilə məşğul olan digər bu tipli müəssisələrin 2014-cü il üçün göstəricilərini açıqlayıb.

Maraqlıdır ki, otellərin hesabatları ilə DSK-nın məlumatları arasında fərq var.

Təhlil göstərir ki, mehmanxanalar demək olar ki, “vergidən azad zona” kimi işləyirlər. Bir otel il ərzində ortalama 52 713 manat vergi ödəyib.

Keçən il 672,3 min nəfər qəbul etməklə mehmanxanalar qonaq sayını 9 faiz artırıblar. Nömrələrdə yerləşdirmə, qida və içki satışı, eləcə də tədbirlərin təşkili və s. üzrə xidmətlərdən gəlirlərini 181 milyon manata çatdırıblar.

Gəlirlər təxminən 10 milyon manat artsa da, mehmanxanaların dövlət büdcəsinə ödədikləri vergilər yüksəlməkdənsə, azalıb.

Əgər 2013-cü ildə mehmanxanalar 29 milyon 951,3 min manat vergi vermişdilərsə, ötən il bu rəqəm 1 milyon 750 min manat azalaraq, 28,2 milyon manat olub.

DSK hər il həm də ölkə sərhədini keçən Azərbaycan və xarici ölkə vətəndaşları üzrə statistika müayinəsinin nəticələrini dərc edir. Bu hesabata görə, 2014-cü ildə Azərbaycanda olmuş əcnəbi turistlərin 550 min nəfərindən çoxu otellərdə nömrə sifariş ediblər. Otellərin öz hesabatlarına görə isə bu rəqəm 392,8 min nəfər olub. Dolayısıyla, otellər öz maliyyə hesabatlarında təqribən 160 min nəfər əcnəbi turisti əks etdirməyiblər.

"Inturist" oteli, Bakı, 5 may 2015
"Inturist" oteli, Bakı, 5 may 2015

Müayinələrin nəticəsinə görə, əcnəbi turistlər təkcə ötel nömrələrində qalmaq üçün 2014-cü ildə 361,8 milyon manat pul xərcləyiblər. Bu, 2014-cü ildə otellərin bəyan etdikləri toplam gəlirlərdən 2 dəfə yuxarıdır. Buraya əcnəbilərin bir hissəsini otel restoranlarında qoyduqları 284,5 milyon manatlıq qidalanma xərcləri daxil deyil.

Azərbaycanda otel biznesi digər sahələrə nəzərən daha az inhisarlaşmaya məruz qalıb. Dünyaca məşhur “beşulduzlu” otel brendlərinin əksəriyyəti burada təmsil olunur. Bir çox oliqarx ailələri bu biznesdə təmsil olunur.

Yerli mehmanxanalar bir qayda olaraq gəlirlərini açıqlamağa meyilli deyillər. İstisnalar da var.

“Ataholding” ASC-nin 2014-cü ilə dair maliyyə hesabatına görə, ona məxsus olan “Excelsior” oteli 2 milyon 744,5 min manat gəlir götürməklə, 2013-cü ilə nisbətən göstəricisini 20,4 faiz yaxşılaşdırıb. İl ərzində otelin istismar xərcləri 1 milyon 427,5 min manat olub. Şirkət xərclərini 4,2 faiz azalda bilib.

XS
SM
MD
LG