Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:46

Bakıda ən yaxşı otellərin bəziləri Əliyevlərindir


İlham Əliyev və Mehriban Əliyeva Bakıda «Jumeirah Bilgah Beach Hotel» kompleksinin açılışında - 2011
İlham Əliyev və Mehriban Əliyeva Bakıda «Jumeirah Bilgah Beach Hotel» kompleksinin açılışında - 2011

-

Ərəb şahzadələrinin saraylarını xatırladan bu otelləri azərbaycanlıların çoxu yalnız televiziya vasitəsilə tanıyır.

Burada qiymətlər o qədər bahadır ki, bir-iki gecəlik qalmaq orta azərbaycanlının aylıq maaşına bərabərdir.

Əliyevlər ailəsinin biznesinə dair yeni araşdırma yayılıb. Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi –­ OCCRP-nin iyunun 28-də dərc etdiyi araşdırma üzə çıxarıb ki, prezidentin qızları Leyla və Arzu Əliyevalar Bakıda 6 beşulduzlu otelə ya birbaşa sahibdir, ya da dolayısı ilə bağlıdır. Daha bir otel tikilməkdədir.

Prezidentin qızları iki eksklüziv dağ kurortuna yiyələnib və sonuncu oteldə də rollarının olduğu güman edilir.

Bu yazı həbsdə olan araşdırmaçı-jurnalist Xədicə İsmayılın imzasıyla dərc olunub. Xədicə ötən ilin dekabrında qondarma sayılan ittihamlarla həbs olunub. Onun əməkdaşlıq etdiyi OCCRP Xədicənin işinin yarımçıq buraxmamaq üçün «Xədicə» layihəsinə start verib.

Yazıda Avropa Oyunlarına milyardların sərf olunduğu, bütün bu xərclərin vergiödəyicilərinin belindən çıxdığı qeyd olunur. Ancaq iki imtiyazlı vətəndaş bu oyunlardan əməlli-başlı qazanıb: prezidentin qızları. Çünki onlar Bakıda nəhəng dəbdəbəli otel biznesini idarə edir. Tanınmış Qərb brendləri olan «Four Seasons», «Sheraton», «Excelsior» və «Marriott» şəhərin əsas yerlərində qərarlaşıb.

10 OTEL

Ərəb şahzadələrinin saraylarını xatırladan bu otelləri azərbaycanlıların çoxu yalnız televiziya vasitəsilə tanıyır. Burada qiymətlər o qədər bahadır ki, bir-iki gecəlik qalmaq orta azərbaycanlının aylıq maaşına bərabərdir.

Oyunlar başlananda OCCRP «Fairmont» otelində nömrə istəyib: «Avropa Oyunlarına görə otelimiz tam dolub», - qəbul şöbəsində işləyən qız cavab verib. Prezidentin qızlarına aid digər otellərdə də yer tapılmayıb.

«Marriott Hotel Absheron»
«Marriott Hotel Absheron»

Birinci ailəyə bağlı digər otellər «JW Marriott Hotel Absheron», «Four Seasons», Bakının ilk +5 ulduzlu oteli olan «Excelsior» və Bakı Beynəlxalq Aeroportundakı «Sheraton» otelidir. Qızların «Intourist»də, Xəzər sahilindəki «Boulevard» və kurort zonasındakı iki oteldə –«Pik Palace Shahdagh» və «Park Chalet Shahdagh»da payları var. Tikilməkdə olan «Dinamo» oteli 2016-cı ildə açılacaq. 10-cu otel – «Jumeirah Bilgah Beach Hotel» bəzi şirkətlər vasitəsilə prezidentin qızlarına bağlıdır.

Bu otellər Azərbaycanın ən böyük, yaxşı yerdə yerləşən, ən məşhur otelləridir. Dövlət Statistika Komitəsinin 2014-cü ildə yaydığı məlumata əsasən, Azərbaycanda 30 beşulduzlu otel var. Bakıdakı digər otellər Əliyevlərin biznes tərəfdaşlarına və ya məmurlara məxsusdur.

ƏŞRƏF KAMİLOV VƏ BAŞQALARI

Altı beşulduzlu otelin sahibi Əşrəf Kamilovdur. O, Vergilər Nazirliyinin keçmiş əməkdaşıdır və Birinci Ailəyə məxsus konqlomeratın müşahidə şurasının sədridir. Əşrəf Kamilov ailəyə məxsus «ATA Bank»da səhmlərin üçdə birinə sahibdir. Fövqəladə hallar nazirinin altı oteli var.

Brend otellər isə heç 4 il deyil açılıb. Prezident Əliyev həmin otellərin açılışına qatılıb.

«Intourist» hoteli.
«Intourist» hoteli.

Araşdırmada qeyd olunur ki, ailəyə məxsus otellərdə standart otaqların qiyməti ortalama 300 AZN-dən (286 dollar) başlanır. Bəzi otaqların gecəsi 1500 AZN-dir (1430 dollar). Azərbaycanda orta aylıq maaş isə 452 AZN-dir (430 dollar). Birinci ailənin əlinin altında hardasa 2 min 500 otaq var. Onların hamısının Avropa Oyunlarında tutulduğunu nəzərə alsaq, otellərdən gələn qazancın 10 milyon dollar olduğunu demək olar.

Mümkün təzyiqlərə görə adının çəkilməsini istəməyən, daşınmaz əmlak üzrə ekspert deyir ki, ailəyə məxsus bu otellərin dəyəri 10 milyard dollardır.

OTELLƏRİN ARXASINDAKI ƏL

OCCRP yazır ki, Əliyevlər bu biznesi gizli sövdələşmələrlə əldə edib.

«Excelsior Baku Hotel» «Ata Holding»ə daxildir. «Ata Holding» isə Panamada yaradılmış şirkətlər vasitəsi ilə İlham Əliyevin övladlarındır. «Ata Holding» 2014-cü il üzrə hesabatında göstərilir ki, holdingin yekun nəzarətçisi Heydər Əliyevdir.

«Four Seasons» və «Marriot» «Pasha Holding»ə məxsusdur. Holdinq 2006-cı ildə yaradılıb. «Intourist», «Boulevard», «Pik Palace Shahdagh», «Park Chalet Shahdagh» və «Dinamo» «Pasha Holding»in filialı olan «Absheron Group»a aiddir. Xədicə İsmayıl 2014-cü ildə üzə çıxarmışdı ki, «Pasha Holding» prezident qızlarına məxsusdur.

«Sheraton»
«Sheraton»

«Sheraton»un sahibi «Silkway Holding»dir. AzadlıqRadiosunun 2010-cu ildə apardığı araşdırma «Silkway»in prezidentin kiçik qızı Arzu Əliyeva və AzAL prezidentinin həyat yoldaşı Zərifə Həmzəyevaya məxsus olduğunu sübuta yetirmişdi.

«Fairmont»un sahibi «Azinko Development», «Jumeirah»ın sahibi isə «Azinko Holding Company»dir. Bu iki şirkətin əsl sahiblərini tapmaq mümkün olmayıb. Belə ki, 2012-ci ildə qəbul olunmuş qanunvericilik şirkətlərin təsisçiləri barədə informasiyanı kommersiya sirri sayıb. Bu qanun məhz X.İsmayılın Azərbaycan şirkətlərinin sahibləri barədə informasiyaları aşkarlamasından sonra qəbul olunub.

QALMAQALLI SÖVDƏLƏŞMƏLƏR

Ancaq Birinci ailənin «Azinko Development» şirkətinə bağlılığı üzə çıxır. Belə ki, bu şirkətin baş direktoru Hassan Gozel Arzu Əliyevanın «Arbor Investments Limited» və Leyla Əliyevanın «Harvard Management Limited» şirkətlərinin prezidentidir. Hər iki şirkət Britaniyanın Vircin Adalarında qeydiyyata alınıb.

Daha sonra araşdırmada azı beş otel ətrafında qalmaqalların yaşandığı yada salınır. Belə ki, «Four Seasons» şəhərin tarixi hissəsində, «Marriott» Azadlıq meydanında tikilib, Həmkarlar İttifaqına məxsus olub. 2006-cı ildə gizlicə Əliyevlərin «Pasha Holding»inə satılıb.

«Fairmont»
«Fairmont»

«Turan» informasiya agentliyinin reportyoru Hafiz Babalı vaxtilə həmin məsələni araşdırıb. Həmkarlar İttifaqından ona deyiblər ki, maliyyə durumu ağır olduğundan otel dəyər-dəyməzinə satılıb. «Moskva» oteli kimi tanınan «Fairmont» 2006-cı ildə 1 milyon dollar ailəyə məxsus «Azinko»ya satılıb. «Pik Palace Shahdagh» və «Park Chalet Shahdagh»ın tikintisi üçün fermerlərin örüş yerləri ələ keçirilib. Fermerlərə torpaq sahəsinin sotuna görə 24 AZN ödənib. Səkkiz nəfər işi məhkəməyə versə də, iddialar rədd olunub. Vəkil Anar Qasımlı AzadlıqRadiosuna deyib ki, o, məhkəməyə oxşar satış kontraktları təqdim edib. Həmin sənədlərdə oxşar alış qiyməti 1000-2000 AZN göstərilib.

OĞURLANMIŞ MÜLKİYYƏT

ABŞ-da yaradılmış Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının vitse-prezidenti Qorxmaz Əsgərov deyir ki, Əliyev Azərbaycanı şəxsi mülkiyyəti kimi idarə edir: «O, prezidentliyi də atasından miras alıb. Dərinə getsək, görərik ki, Azərbaycan qısa müddətə demokratiyanı dadıb, ancaq bu, uğursuzluqla nəticələnib. Ona görə də Azərbaycanda cəmiyyətdən də oğurlanmış mülkiyyət kimi istifadə olunur».

OCCRP qeyd edir ki, Birinci ailənin otelləri hələ çox tədbirlərdən qazanacaq – gələn il «Formula 1», 2017-ci İslam Həmrəylik Oyunları, 2020-ci ildə UEFA Avropa çempionatının bəzi oyunları keçiriləcək.

«Sıravi Azərbaycan xalqına Avropa Oyunları, Dünya Çempionatı kimi beynəlxalq oyunlar lazım deyil… Adamların bu nəyinə gərəkdir? Adamlar iş istəyir, təhsil istəyir, hüquqi cəmiyyət istəyir», - bunu isə siyasi ekspert Zərdüşt Əlizadə deyir. «Camaat gündəlik xərclərini çəkə bilmir».

XS
SM
MD
LG