ANASI XƏDİCƏNİ NECƏ GÖRDÜYÜNÜ DEYİR
«Özümü lap İlham Əliyev kimi hiss edirəm»
Ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti müdafiə edən Xədicə İsmayıl öz çıxışında deyib:
«Məni İlham Əliyev şəxsi-qərəzliyinə görə həbs etdirib. Jurnalist fəaliyyətimə imkan verməmək üçün məni içəri saldırıb. Amma mən içəridə olsam da, həmkarlarım araşdırmalara davam edirlər. Təcridxananın bütün işçilərinin işi-gücü bu dəqiqə odur ki, mənim hər hansı qeyd aparıb-aparmadığımı, yazı yazıb-yazmadığımı müəyyən etsinlər. Məni vəkillərlə görüşə aparanda, özümü lap İlham Əliyev və Kəmaləddin Heydərov kimi hiss edirəm. Çünki bütün dəhliz boşaldılır, kiminsə bayıra çıxmasına imkan verilmir. Təcridxana rəhbərliyini mənim qaydalara riayət edib-etmədiyim yox, nəsə yazıb-yazmadığım maraqlandırır. Həbsimin əsl səbəbi İlham Əliyev və onun ailəsinin qanunsuz biznesini araşdırmağa imkan verməməkdir».
Vəkil Yalçın İmanov deyir ki, dövlət ittihamçısı prezidentin adının məhkəmədə çəkilməsinə etiraz edib: «Xədicə hakimə dedi ki, siz barəmdəki həbs-qətimkan tədbirini dəyişdirmək gücündə deyilsiniz, çünki məni həbs etdirən Azərbaycanın dövlət başçısıdır».
Vəkili qaytarmadılar
Xədicə İsmayılın işindən uzaqlaşdırılan vəkil Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, jurnalist onun işə qaytarılması üçün vəsatət qaldırıb:
«Xədicə dedi ki, istintaq dövründə onun müdafiə olunmaq hüququ kobudcasına pozulub, məhkəmədən bunun bərpasını istədi. Dövlət ittihamçısı isə dedi ki, mən AzadlıqRadiosuna qarşı başlanan cinayət işində şahid kimi keçirəm, Xədicəyə verilən 125-ci maddə - intihar həddinə çatdırma digər ittihamlarla birləşdirilib, buna görə də İmanov bu işə vəkil kimi qayıda bilməz. Məhkəmə bu vəsatəti təmin etmədi».
Vəsatətlər təmin olunmadı
Vəkil Fariz Namazlı deyir ki, məhkəmədə ittihamlar üzrə cinayət işinə xətm verilməsi, Xədicə İsmayılın həbsinin ev dustaqlığı ilə əvəzlənməsi, bəzi şəxslərin şahid siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırılıb.
Vəkillər Tural Mustafayevin Xədicə İsmayıla qarşı istifadə edildiyini və şikayət ərizəsini geri götürdüyü ilə bağlı sosial şəbəkələrdə yayılan video-müraciəti də məhkəməyə veriblər.
Ancaq məhkəmə bu vəsatətləri təmin etməyib.