«Turalın gəlməməsi müəmmalıdır»
Şahid qismində məhkəmə çağırılan jurnalist Aynur İmranova deyir ki, Xədicə İsmayıl gümrahdır, zarafatından qalmır: «Məhkəməni qərəzli qiymətləndirirəm. Tural Mustafayev şikayətini geri götürməsinə baxmayaraq, bu məsələylə bağlı maddə hələ də gündəmdə qalır. Tural bu gün məhkəməyə gəlmir, keçmiş həyat yoldaşı zəng edir, amma zəng çatmır. Onun prosesə gəlməməsi də müəmmalıdır».
Məhkəmədə Xədicəyə su verilmir
Vəkillər Xədicəyə su alıb, verməyə çalışsalar da nəzarətçilər buna imkan verməyiblər. Məhkəmə işçiləri özləri də Xədicəyə su vermirlər.
45 min manat
Vəkil Fariz Namazlı deyir ki, Xədicə İsmayıl təxminən 45 min manat vergi ödəməkdən yayınmaqda ittiham olunur. Jurnalist bu ittihamı rədd edir.
Vəsatətlər rədd edildi
Fasiləyə qədər vəkillər 3 vəsatət qaldırıblar. Vəsatətdən biri Xədicə İsmayılın şüşə qəfəsdən çıxarılması ilə bağlı olub. Hakim vəsatəti təmin etməyib, deyib ki, bu, Xədicənin təhlükəsizliyi üçündür. Jurnalist isə cavabında bildirib ki, o, Azərbaycan vətəndaşlarından təhlükəsizliyinə hər hansı zərər gözləmir.
İkinci vəsatət 213-cü maddə üzrə olub. Vəkillər bildiriblər ki, AzadlıqRadiosu haqqında yanvarın 5-də başlanan səyyar vergi yoxlaması bitmədiyi və mayın 15-dən dondurulduğu halda Xədicə İsmayıla bununla bağlı ittiham irəli sürmək qəsd-qərəzliyin göstəricidir. Bu maddə üzrə işə baxılmamalıdır, o cümlədən, son baş verənlər istintaq materiallarına əlavə olunmalıdır. Amma hakim bu vəsatəti də rədd edib.