Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:21

Əgər yazdığın xarakter öz-özünə çox danışırsa...


- "Əgər yazdığın xarakter öz-özünə çox danışırsa, ola bilsin, zəif süjet yazmısan."

“- Ah, həyata necə də nifrət edirəm” - o, kədərlə dedi. Burada “kədərlə” sözünü poz."

"Buna informasiya ildırımı deyirlər. Belə birbaşa, bir lopa məlumatın dialoqda yeri yoxdur."

"Dialoqlar arxa-hekayəni oxucuya çatdırmaqdan ötrü yaxşı vasitədir, amma bu məlumatları hekayəyə incə-incə, səbəb olan yerlərdə hörmək lazımdır."

Gənc yazıçılara məsləhətlər

Yazmaq sənəti rubrikasında bu həftə yazıçı, müəllim Martine Lillycrop'un dialoq yazmaq haqda məsləhətlərini təqdim edirik.

Dialoq texnikaları

Təbii danışığın ahəngini təqlid etmək olar, amma bir yerə qədər

Əgər yazıçı dialoqu insanların real həyat söhbətlərində “ııı” deyə-deyə danışdığı kimi yazsa, oxucu dialoqun həmin yerlərində ilişəcək. Canlı danışıqda bezdirici "ııı", “Ay da”, “İlahi” kimi sözlər çox olur. Onlar yazıya gələndə oxucunun hər birində ilişəcəyini nəzərə almaq lazımdır.

Axına nəzarət et

Hər dəfə, danışan xarakter söhbəti kəsərək, bir fikrini paylaşır və ya müşahidə aparırsa, bu cür gediş sürəti zəiflədir. Adətən belə etmək yaxşıdır, amma oxucunun diqqətini itirməmək üçün də diqqətli olmaq lazımdır.

Bütün lazımsız söhbət kəsintilərini mətndən çıxardığına əmin ol.

Söhbətləri qısa et

Xarakterin uzun-uzadı danışmaq üçün həqiqətən də yaxşı bir səbəbi yoxdursa, bir neçə sətirdən artıq dialoq yazmaq ehtiyacına məhdudiyyət qoy.

Hər bir danışan xarakterə öz unikal səsini ver

Yazıçının fikirlərində həqiqiətən də inkişaf etmiş xarakterlərin öz danışıq forması və diksiyası olur.

Bu o demək deyil ki, hər bir xarakterə hədsiz fərqli üslub lazımdır. Bu o deməkdir ki, hər bir xarakter tam yetişmiş olmalıdır.

Hərəkəti işarə etmək üçün dialoqdan istifadə et

Dialoqu xırda-xırda əngəllərlə kəsməkdənsə, dialoqdan hərəkəti göstərmək üçün yararlan. “Hey, telefonu mənə ver”, “Çox sağ ol. Nömrə neçəydi?”

Burada “və qız telefonu ona verdi” kimi boz cümlələrlə dialoqu kəsməyə heç bir səbəb yoxdur.

Emosionallıq yaratmaq istəyirsənsə, sözləri xarakterinin ağzına qoy

Özün heç nə demə. Oxucular xarakterlərin böyük etiraflar etməsini xoşlayırlar. Bu, həmin anı onlarla birlikdə yaşamağa kömək edir.

Zərflər

Əgər cümlələr həqiqətən də emosiyanı göstərirsə, onda zərflərə ehtiyac yoxdur.

“Ah, həyata necə də nifrət edirəm”, - o kədərlə dedi. Burada “kədərlə” sözünü poz.

“Dedi”-dən başqa söz işlətmə

Naşı yazıçıların bir səhvi çoxlu zərf işlətməkdirsə, o biri səhvi dialoq nişanlamalarında “dedi”-dən qeyri sözlərdən istifadə etmələridir.

“Mən həyata nifrət edirəm” - o, fəryad qopardı. Yaxud “Bilmirdim ki, gəlirsən”- o, qaqqıldadı.

Əvvəla, bir insan cümlədə “qaqqıldaya” və ya “fəryad edə” bilməz.

Xarakterlər özləri nə lazımdırsa, deyirlər.

“Dedi”-dən hədsiz istifadə

“Dedi” medalının biri üzü də ondan dəqiqəbaşı istifadə olunmasıdır. Hər yetən cümləni işarələmək olmaz. Oxucular hər bir cümləni kimin dediyini o cümlələri “Mary dedi”, “Shon dedi” kimi nişanlamadan da bilməlidirlər.

Dialekt

Təbii danışığı imitasiya edəndə natiqin diksiyasına bacardığın qədər az dəyişiklik et. Amma bəzi istisnaları çıxmaqla, ağır dialektlərdən qaçmaq lazımdır.

Həddən artıq dialektlə danışan xarakteri oxumaq oxucunu qıcıqlandırır, amma bir az dialekt bəd eləməz.

Multfilm dili

Əgər stereotip bir xarakter yazırsansa, onda heç olmasa, ümumi, klişe kimi səslənəcək çox işlənmiş sözlər seçməməyə çalış.

Xarakterlərin adlarının çox təkrarlanması

Yeni yazıçılar adətən bir söhbətdə bir-birini dəfələrlə adlarıyla çağıran xarakterlər yazırlar. Hətta otaqda tək olsalar da, bir-birlərinə adla müraciət edirlər.

Xarakterlərin bir-birlərinə adla müraciət etmək üçün səbəbləri yoxdursa, “Cek! Ora bax!” – kimi şeylərdən qaç.

Tək olduğu halda ucadan düşünmək.

Əgər sənin yazdığın xarakter tez-tez öz-özünə danışırsa, ola bilsin, zəif süjet yazmısan.

“Sən öz xarakterini uzun müddət tək qoymusansa, özündən şübhələn. Nəsr meydana girməkdir, əlaqədir, çəkilmək, ortadan çıxmaq deyil.” A. B. Guthrie

Emosiya

Əgər emosional səhnələr yazırsansa, burda cümlələrin necə deyilməsi, yaxud deyilmə üsulu yox, nə deyilməsi vacibdir.

Hər bir xarakterin danışığı onun tonunu və emosiyalarını çatdırmalıdır. Əgər sən lüğətə aludə olursansa, sözlərin gücünə, filologiyasına, sayına eynilə emosiyalar qədər fikir verirsənsə, buradakı incə həddi aşacağın ehtimalı böyükdür.

Ən yaxşısı, dialoqları sadə tutmağa çalışmaqdır. Situasiyanın əhəmiyyəti və dərinliyi artdıqca cümlələr də sadə və qısa olur.

Billi əlini uzatdı: “Mən artıq ölüyəm. Özünü tullasan, mən də tullanacam.”

“Geri dur! And içirəm, tullanacam!”

İnformasiyanı ildırım kimi boşaltmaq

“Yadındadırmı, Angela” - Valeri dedi. “O oğlanın ki, atası müharibədə ayağını itirmişdi, həmin oğlan arvadı Merini, əkiz uşaqları Sem və Meyi güllələyib. Yadına sal, o, qəssab Valterlə evlənmişdi, sonra Mayfair küçəsində bank soyan Frankla sevişmişdi.

Sonra qayıtdı şəhərə, Yorkşirdən bir diş həkimilə evləndi. Diş həkimi də gizli abortlar edirdi, üç şillinqə.”

Buna informasiya ildırımı deyirlər. Belə birbaşa, bir lopa məlumatın dialoqda yeri yoxdur.

Dialoqlar arxa hekayəni oxucuya çatdırmaqdan ötrü yaxşı vasitədir, amma bu məlumatları hekayəyə incə-incə, səbəb olan yerlərdə hörmək lazımdır.

Əvvəla, oxucu bu qədər adları yadda saxlaya bilməyəcək, ikincisi, belə dialoq real dialoq deyil.

Hər bir yazıçı bu məlumatları hekayəyə hörməli, sonra onları mümkün qədər tez yoldan təmizləməli və bir də xatırlatmamalıdır.

"Oxucunun bunu bilməyə ehtiyacı var” şəklində düşün. Əgər onun bütün ailəsini güllələnməsinin süjetdə yeri varsa, var, yoxdursa, gözlə, yeri gələndə xatırladarsan.

Boş şeylər (Trivia)

Con telefona yüyürdü:

- Salam? Danışan Condur.

- Salam, Con. Bu, mənəm, Samantadır.

- Oh, salam, Samanta. Necəsən?

- Əla. Qəşəng hava var.

Düzdür, belə söhbətlər həyatda olur. Amma yazıda hava, salam-sağol kimi boş söhbətlərdən yayınmağa çalış. Oxucunun bilmək istədiyi şey bu deyil.

Hərəkət fasilələri

Bir neçə xarakterin iştirak etdiyi dialoqda kimin nə dediyini çatdırmaq çətin ola bilər. Hər şeyin aydın səhnə kimi görünməsi üçün dialoqlar hərəkətlərlə müşayiət olunmalıdır.

Mark siqaret yandırıb damağına qoydu, bir qullab vurdu: “Nə vaxt gəlir?” - o, danışdıqca dodaqları arasından tüstü çıxdı.

O dedi, bu dedi

Bəzi naşı yazıçılar elə bilirlər ki, oxucuya dialoqda nəyin necə deyildiyini desələr, oxucu mesajı daha tez alacaq. Qəribədir ki, yox.

Oxucunun öz mövqeyini formalaşdırmaqdansa oxucuya nə düşünməli olduğu demək olmaz. Böyük bir Olmaz!

Buna nail olmaq çətin görünə bilər, amma çətin deyil. “Dedi.” O dedi, bu dedi. Sənə lazım olan yalnız budur!

Özündən heç bir mövqe demə. O dedi, bu dedi. Deyilən cümlədən bunu kimin dediyi bəlli olursa, heç "dedi" sözünü də yazma.

Əgər hərəkət təqləri qoymağa ehtiyac varsa, qoy: “Salam" – Mark siqaret yandırdı...

Əgər hərəkət təqləri qoymaq olmursa, deyə biləcəyin bircə söz var: Dedi.

Tez qurtar

Deməli, xarakterlər söhbətlərini ediblər, bütün vacib sözləri deyiblər. İndi onların söhbətini sona çatdırmalısan.

“Salam, sağ ol” kimi sözlər boş sözlərdir, bayaq dediyim kimi, bu sözlərdən istifadə etməməlisən. Söhbəti bağlamaq üçün “Yaxşı, sağ ol” deməməlisən.

Bəs söhbəti necə tamamlamalı?

Mümkündürsə, söhbəti yaxşı yerdə bitir. Uçurumun kənarında.

Oxucunu qıcıqlandır. Bir ayaqqabını uçurumdan tulla, bir neçə səhnə yaz, sonra o biri ayaqqabını atan yerdə qurtar.

Ümid edək, birinci ayaqqabını atana sonra elə səhnələr yazmısan ki, oxucu ikinci ayaqqabının tullanmasına qədər gələcək.

XS
SM
MD
LG