Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:35

Azərbaycanda işsizlik düz ölçülmür


-

İlin fəslindən asılı olmayaraq, Azərbaycanda işsizlik səviyyəsi dəyişmir

Hökumət məşğulluqla bağlı siyasi spekulyasiya edərək, işsizlik səviyyəsinin 5 faiz olduğunu, yəni Azərbaycanda işsizlərin Avropadan da az olduğunu bəyan edir.

Halbuki işsizlik Qərbdə iqtisadi fəallığın göstəricilərindən biri olaraq aylıq aralıqda açıqlanır və iş dünyası, fond birjaları üçün çox əhəmiyyətlidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin iyun ayının 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 867,7 min nəfər olub. Onlardan 4 milyon 631,5 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul əhali hesab olunub.

Yəni yerdə qalan 236,2 min nəfər işsiz sayılır.

ARTMAQ ƏVƏZİNƏ AZALIB...

2015-ci ilin yanvar ayının əvvəli ilə müqayisədə iqtisadi fəal əhali 27 min nəfər, məşğul əhalinin sayı isə 28,6 min nəfər artıb. Başqa sözlə, işsizlik aşağı düşüb.

Maraqlıdır ki, bu dövrdə (1 yanvar-1 iyun 2015-ci il) muzdla işləyən, yəni maaş cədvəlinə imza atıb əmək haqqı alan şəxslərin sayı artmaq əvəzinə, 10 500 nəfər azalıb.

Bəs məşğulluq nəyin hesabına artır?

İqtisadçı ekspert, Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Rövşən Ağayev AzadlıqRadiosuna deyib ki, hakimiyyət yoxsulluq və işsizlik kimi ölçülməsi mürəkkəb olan iqtisadi indikatorlarından siyasi mübarizədə öz xeyrinə istifadə etməkdən çəkinmir.

Hökumətin elan etdiyinə görə, hazırda işsizlərin və yoxsulların məşğul və ümumi əhalinin sayına nisbəti bərabərləşərək, 5 faizə düşüb.

Ekspert deyir ki, Azərbaycanda yoxsulluq kimi işsizliyin də ölçülməsi metodologiyası qüsurludur və beynəlxalq tələblərə uyğun deyil.

“Məşğulluq haqqında” qanuna görə, mülkiyyətində torpaq sahəsi olan şəxslər məşğul hesab edilirlər və işsizlərə aid edilə bilməzlər.

Halbuki Azərbaycanın da qoşulduğu BMT-nin Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının tələbinə görə, 4 həftə aktiv iş axtaran və gəliri olmayan şəxs işsiz hesab edilməlidir. Azərbaycanda hətta ilk dəfə iş axtaranlar belə işsizlər kateqoriyasına aid edilmirlər. Bu, qanundan irəli gəlir” - Rövşən Ağayev belə deyir.

FƏSİL NƏZƏRƏ ALINMIR

Rövşən Ağayevin sözlərinə görə, ölkə əhalisinin təxminən 40 faizi aqrar bölmədə çalışır və torpaq sahibliyi hələ 100 faiz ondan təyinatı üzrə istifadə etmək və gəlir götürmək anlamına gəlmir.

Rövşən Ağayev
Rövşən Ağayev

Axı məlumdur ki, torpaqların bir hissəsi əkilib-becərilmir.

Torpaq sahibliyi hələ 100 faiz ondan təyinatı üzrə istifadə etmək və gəlir götürmək anlamına gəlmir. Axı məlumdur ki, torpaqların bir hissəsi əkilib-becərilmir.

Ekspert deyir ki, torpaq islahatının nəticələrinə görə, kənd əhalisinin böyük bir hissəsinə adambaşı 12 sot torpaq düşüb. “İndi təsəvvür edin ki, bu torpaqda nə əkilməlidir ki, kəndli ondan ailəni dolandıra biləcək qədər gəlir götürə bilsin. Özü də bu gəlir minimum aylıq əmk haqqından aşağıdırsa, nə əsasla torpaq mülkiyyətçisini məşğullar sırasına daxil etmək olar” - deyə Ağayev soruşur.

Aqrar bölmədə məşğulluğun ölçülməsində qüsurlu bir tərəf ondan ibarətdir ki, bitkiçilik sahəsində çalışanlar heç də ilboyu torpaqla əlləşmirlər. Bu göstərici il ərzində 5 ayın altındadır. Buna görə də ilin müxtəlif fəsillərində kənd təsərrüfatında məşğulluq səviyyəsi müxtəlif rəqəmlərlə ifadə olunur. Amma “təbii” ki, məşğulluğun ölçülməsində Azərbaycanda bu amilə diqqət yetirilmir.

Mütəxəssislər deyirlər ki, Azərbaycanın məşğulluğa dair qanunvericiliyi beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılarsa, o zaman kimin saymasından asılı olmayaraq, işsizliyin qəbul edilən səviyyəsi ən azı iki rəqəmlə ifadə olunacaq. Görünür, hökumətdə də bunu anlayırlar...

XS
SM
MD
LG