Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:31

Baş prokurorun «açıq qapı»sının bağlı yolu


Zakir Qaralov Şəkidə
Zakir Qaralov Şəkidə

-

«Açıq qapı» vətəndaş forumu çərçivəsində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iyulun 24-də İmişli rayon Prokurorluğunun inzibati binasında bölgə sakinləri üçün qəbul keçirdi.

«KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM...»

Bir neçə gün əvvəldən başlayaraq Mərkəzi Aran rayonlarda ali qonağın keçib-gedəcəyi yolda və onun kənarında təmizlik işi görülməyə başlanmışdı. Səhər açılanda isə İmişli şəhərinin mərkəzi küçələrinə avtomobillərlə su səpilirdi...
Təhlükəsizliyin təşkilinə İmişli RPŞ-dən əlavə, ətraf rayon polis idarələrinin də çoxsaylı əməkdaşı cəlb olunmuşdu. Onların əksəriyyəti mülki geyimdə idi. Baş prokurorun qəbul keçirdiyi məkana gedən yolda avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

Zakir Qaralovla görüşə gələnlər prokurorluğun inzibati binası yaxınlığında yerləşən «Şahmat məktəbi»ndə yerləşdirilmişdi. Adları çəkilən rayonların məsul vəzifəli şəxslərinin də bu məkana daxil olmağı müşahidə olunurdu.
Baş Prokurorluğun rəsmi internet səhifəsində qəbulun saat 11-də başlanacağı bildirilsə də, Zakir Qaralov saat 10-da artıq İmişli rayon Prokurorluğunun inzibati binasında idi. Buna qədər isə o, İmişli şəhərindəki Heydər Əliyev heykəli önünə gül qoymağa macal tapmışdı.

YALNIZ AZTV ÜÇÜN «AÇIQ QAPI»

«Açıq qapı» prinsipi ilə keçirilməli olan qəbul mətbuat işçiləri və digər ictimaiyyət nümayəndələrinin üzünə bağlı idi. Qəbul keçirilən məkana yalnız AzTV əməkdaşları buraxılmışdı ki, onlar da Baş Prokurorluğun qəbula cəlb edilən geniş heyətinin tərkibində yer almışdı. Yeri gəlmişkən, daxili işlər, fövqəladə, səhiyyə nazirlərinin qəbulunda da bu hal müşahidə olunur.
Adının açıqlanmasını istəməyən mənbənin AzadlıqRadiosuna bildirdiyinə görə, yerli orqanlar üçün arzuolunmaz hesab olunan şikayətçilərin əksəriyyətinə qəbula düşməyə imkan verilməyib. Onlardan biri inzibati binanın önündə etiraz səsini ucaldarkən polis tərəfindən əvvəlcə yaxınlıqdakı mağazaya, ardınca isə naməlum istiqamətə aparılıb.

ŞİKAYƏTİ BİLDİRMƏK ÜÇÜN 1 DƏQİQƏ VAXT AYRILIB...

Yayılan ilkin məlumatda bildirilir ki, Zakir Qaralov tərəfindən 50-dək vətəndaş qəbul edilib. Onun İmişli rayon Prokurorluğunda olmağı təxminən 100 dəqiqə çəkdiyindən, belə çıxır ki, 1 nəfər şikayətçiyə orta hesabla 2 dəqiqə vaxt ayırıb. Salamlaşma, vətəndaşın özünü təqdim etməsi və prokurorun müraciətə münasibət bildirməyini nəzərə alsaq, şikayətin məzmununun çatdırılmağına 1 dəqiqə vaxt düşür...

Baş Prokurorluğun açıqladığı məlumatda ümumilikdə 23 nəfərin qəbul edildiyi, bu az vaxtda Baş Prokurorun həm də bölgə prokurorlarının iştirakı ilə müşavirə keçirdiyi qeyd olunub.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə keçirdiyi qəbul «Açıq hökumətin təşviqinə dair 2012-15-ci illər üçün Milli Fəaliyyət Planı»nında nəzərdə tutulub.

XS
SM
MD
LG