Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:33

Mədəniyyət, incəsənət, yaradıcılıq azadlıq istəyir


Elmin Bədəlov
Elmin Bədəlov

- "Bu, birmənalı qarşılanmadı. Azərbaycan cəmiyyəti üçün normaldır. Bu tamaşa haqda iki məşhur insanın fikirləri daha çox yayılıb..."

"Aydın Talıbzadə bir dəfə də olsun, bizim teatra gəlməyib və gənclərin işi ilə tanış olmayıb. Lakin mediada teatrın tamaşası haqda fikir bildirir..."

Elmin Bədəlov

Erotika həyatdırsa teatrda da olmalıdır

Fransız rejissor Gaspar “Kan” Festivalında “Love” adlı filmi ilə çıxış etmişdi. Filmin posterlərində qəhrəmanların cinsiyyət orqanlarına qədər rast gəlmək olardı.

Düşünün bu filmi azərbaycanlı rejissor çəkib və film Azərbaycanda nümayiş olunur. Adam bəzən bu haqda düşünməyə çəkinir.

Çünki həmin rejissorun və aktyorların halına acımaq kimi bir hiss keçir insanın içindən.

Hələ erotik səhnələri, yaxud teatrda sevişmə səhnələrini bir kənara qoysaq, bunu demək olur. Mədəniyyətin başlıca yolu yenilikdir, məncə. Hər şey yenilikdən başlayır.

Bu yaxınlarda sənətşünas Aydın Talıbzadənin internet-televiziyada müsahibəsini dinlədim və düşündüm ki, “köhnəlikdən əl çəkmək" lazımdır deyən elə Aydın Talıbzadənin özündən də əl çəkmək lazımdır.

18+ tamaşanın Azərbaycan teatrında göstərilməsi haqda suala “belə tamaşalar Azərbaycan cəmiyyəti üçün deyil” kimi cavab verən Aydın müəllim başqa müsahibəsində “Qatil” tamaşasındakı sevişmə səhnəsini normal qəbul etdiyini deyir.

Düşünün neçə illərdir Azərbaycan teatrının problemləri var və eyni tonda Aydın Talıbzadə həmin problemlərdən danışır.

Hələ hörmətli Aydın müəllimin təzadlı fikirlərini demirəm. Şəxsən bir gənc kimi Aydın müəllimi başa düşməkdə çətinlik çəkirəm.

Bəlkə də bu fikirlərimə görə məni qınayacaqlar, Aydın Talıbzadə illərdir ki, bu sənətin içindədir deyəcəklər.

Amma onu da nəzərə almaq lazımdır ki, bəzən Aydın müəllim də özünü təkzib edir.

18+ tamaşanın Azərbaycan teatrında göstərilməsi haqda suala “belə tamaşalar Azərbaycan cəmiyyəti üçün deyil” kimi cavab verən Aydın müəllim başqa müsahibəsində “Qatil” tamaşasındakı (söhbət müəllifi baş nazirin müavini Elçin, quruluşçu rejissoru Mehriban Ələkbərzadə olan tamaşadan gedir - red.) sevişmə səhnəsini normal qəbul etdiyini deyir.

Rövşən Almuradlı, Ayaz Salayev, Əli Əmirli və başqa tanınmış teatr insanları dəvətsiz gəlib bizim teatrı tapırsa, işlərimizlə tanış olursa, Aydın Talıbzadə hətta dəvətlə belə gəlmirsə, bu Aydın müəllimin problemidir həm də.

Və yaxud “teatrda gənclər yoxdur”, “teatra gəncləri cəlb etmək lazımdır”, “gənc nəsil köhnə teatrı qəbul edə bilməz” kimi fikirlər səsləndirən sənətşünas bircə dəfə də olsun gənclərin daha çox üz tutduğu teatra gəlməyib.

Bir dəfə “Oda” Teatrı 1 illik fəaliyyətindən sonra maliyyə problemi ilə üzləşdi və yerini itirdi.

Bununla bağlı jurnalistlər Aydın müəllimə sual verəndə belə bir cavab vermişdi ki, bəs onlar məni teatra dəvət etməyiblər deyə bu teatrdan xəbərim yoxdur.

3-cü mövsümə qədəm qoyan, ölkənin yeganə müstəqil teatrından ölkənin teatrşünası xəbərsizdir.

Halbuki mən dəfələrlə Aydın müəllimə zəng vurub tamaşalarımıza dəvət etmişəm, lakin Aydın müəllim bir dəfə də olsun, bizim teatra gəlməyib və gənclərin işi ilə tanış olmayıb.

Lakin mediada teatrın tamaşası haqda fikir bildirir. Rövşən Almuradlı, Ayaz Salayev, Əli Əmirli və başqa tanınmış teatr insanları dəvətsiz gəlib bizim teatrı tapırsa, işlərimizlə tanış olursa, Aydın Talıbzadə hətta dəvətlə belə gəlmirsə, bu Aydın müəllimin problemidir həm də.

Və yaxud da məni bağışlayın, amma bu həm də bir eqodur. Çünki Azərbaycanda bir müstəqil teatr var və ölkənin ən tanınmış teatrşünası “gənclərə yer verilməlidir” deyib gənclərin teatrına gəlmir.

Niyə Aydın müəllimdən başladığımı indi demək istəyirəm. Çünki Aydın Talıbzadə illərdir ki, teatr sahəsində ən çox danışan insanlardan biridir.

Aydın müəllimin “Oda” Teatrının 18+ tamaşası haqda səsləndirdiyi fikirlərin eynisini də bir çox sadə insanlar da sələndirir.

Məncə, tənqidə birinci teatrı bilən insandan başlamaq lazımdır, sonra teatrı bilməyən, bircə dəfə də olsun tamaşaya baxmadan onun aktyorunu, rejissorunu, aktrisasını söyən, təhqir edən, olmazın qarayaxmalarını edən insanlara keçmək olar.

“Oda” Teatrı ilk dəfə olaraq Azərbaycanda teatr səhnəsinə erotikanı daşıdı. (Söhbət bütün tamaşadan gedir, hansısa xırda erotik məqamlardan yox).

Bu, birmənalı qarşılanmadı. Azərbaycan cəmiyyəti üçün normaldır. Bu tamaşa haqda iki məşhur insanın fikirləri daha çox yayılıb.

Aydın Talıbzadə belə tamaşaların Azərbaycanda nümayiş olunmasını düzgün qəbul etmədiyini, məşhur rejissor Ayaz Salayev isə tamaşaya baxdıqdan sonra müsbət fikirdə olduğunu, belə bir tamaşanın olmasının çox yaxşı hal olduğunu vurğulayıb.

Bu da təbiidir ki, bir şey haqda eyni yönümlü fikirlər səslənə bilməz. Amma onu da nəzərə almaq lazımdır ki, teatr kütləvi sənətdir və kütlənin dəyişməsinə hesablanan tamaşalara üstünlük verilməlidir.

Halbuki bu teatr 2 il azərbaycanlı aktrisa axtarırdı ki, bu tamaşanı ərsəyə gətirsin. Və sonda bir fransız aktrisa ortaya çıxdı, cəsarətli qərarı ilə belə bir tamaşada oynamaq istədiyini dedi.

Əgər hər hansı inkişafdan söhbət gedirsə burada dəyişiklik labüddür.

Dəyişiklik nəinki ölkədəki problemləri göstərməklə yekunlaşır, burada həm də mentalitetin, insan düşüncəsinin dəyişməsindən söhbət gedir.

Mənə elə gəlir ki, bizim mentalitetimiz inkişafımızın da qarşısını alır.

Bunu artıq Avropa ölkələri çoxdan sübut edib, onlar mental düşüncələri çoxdan qırıb atıblar.

Biz isə buna hələ indi başlayırıq. Yazının əvvəlində misal gətirdiyim kimi fransız rejissor Gasparın “Love” filmini götürək. Yaxud fransız aktrisa Elza Furtadonun Azərbaycanda balaca bir müstəqil teatrda 18+ tamaşada rol almasını.

Halbuki bu teatr 2 il azərbaycanlı aktrisa axtarırdı ki, bu tamaşanı ərsəyə gətirsin. Və sonda bir fransız aktrisa ortaya çıxdı, cəsarətli qərarı ilə belə bir tamaşada oynamaq istədiyini dedi.

Bu həm də onu göstərdi ki, Azərbaycan teatrı, Azərbaycan mədəniyyəti, Azərbaycan kulturası nəinki bütün dünya, fransız mədəniyyətindən də çox geridə qalıb.

Hansı azərbaycanlı aktrisa oynayacaqdı bu tamaşanı, kim oynayacaqdı, kimi misal gətirmək olar?!

Adicə “Qatil” tamaşasında bir neçə məqamda sevişmə səhnəsini oynadığına görə aktrisa Münəvvər Əliyevanı olmazın tənqidlərinə, söyüşlərinə tuş gətirdilər.

Bunun kökündə elə teatr adamlarının özləri də yatır. Çünki teatr adamları da belə sujetlərin səhnəyə gəlməsinin əleyhinədir. Qalmışdı sadə insanlar.

Teatrı sıxmayın, teatra azadlıq verin deyənlərin çoxu elə teatrı sıxmaqla məşğuldur.

Onu da bilirəm ki, “Oda” Teatrında 18+ tamaşa hazırladığına görə bu gün tənqid atəşinə tutulan rejissor İmam Həsənov sabah hansısa beynəlxalq festivalda filminə görə mükafat alsa hər kəs onu fəxrimiz elan edəcək, onun nə çəkməsindən, hansı tamaşa qurmasından asılı olmayaraq.

Necə deyərlər, insanlara öləndə, yaxud mükafat alanda dəyər verirlər. Hansısa bir işinə görə yox.

Olmazmı ki, həmin insana vaxtında qiymət verək?! Əlbəttə ki, yox. Axı əlimizdən söyməkdən, təhqir etməkdən başqa nə gəlir ki.

Yeri gəlmişkən, belə insanlardan çoxu erotika ilə pornoqrafiyanın fərqini belə bilmirlər. Erotik məqamlar olan bir tamaşanı pornoqrafiya adlandırırılar.

Erotik estetikanı, art erotikanı pornoqrafiya ilə qarışdıranların çoxu da sadəcə qarayaxma kampaniyası aparmağa hesablanmış fikirlər yürüdürlər.

Mədəniyyət də üsyan etməlidir, mədəniyyətdə də inqilablar olmalıdır ki, inkişaf olsun.

Halbuki pornoqrafik film çəkənlər, pornonu estetik göstərən rejissorlar var ki, onlar haqda danışsaq bizi on qat söyüş, təhqir atəşinə tutarlar.

Qarışıq fikirlərimə görə hər kəsdən üzr istəyirəm. “Oda” Teatrının yeni “MimOda 18+” tamaşası haqda mediada və sosial şəbəkələrdə müxtəlif fikirlər dolaşır deyə düşüncələrimi bölüşmək üçün kiçik bir yazı yazmaq keçdi içimdən.

Bilmirəm fikirlərimi nə qədər izah edə bildim. Ancaq onu bir daha demək istəyirəm ki, mədəniyyət, incəsənət, yaradıcılıq azadlıq istəyir.

Azadlığın sərhədi olmadığı kimi, mədəniyyət, teatr da sərhədlənməməlidir. Teatra da azadlıq vermək lazımdır. Mədəniyyət də üsyan etməlidir, mədəniyyətdə də inqilablar olmalıdır ki, inkişaf olsun.

Erotika həyatın başlanğıcıdırsa bu teatrda da olmalıdır. Çünki teatr da bir həyat, bir reallıqdır. Köhnə düşüncələri kənara qoyub bu inkişafa birgə yardımçı olmaq olar, nəinki əlmizə balta almaqla.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG