Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 13:50

Qazaxda daha zarafatla söyüş söymək olmur...


Hikmət Carçılı Orhun
Hikmət Carçılı Orhun

- "Günlərin bir günü Qazaxın kəndlərinin hansındasa illərdir biri-biri ilə zarafat edən iki gəncin arasında dava düşür, biri vurub o birini qətlə yetirir."

Hikmət Carçılı Orhun

“O biri dünyaya “hazırlıq kursu”

Söyüş və din

Tarixən Qazaxda sekulyar mühit olub. Özgə rayonlara nisbətdə burada dinin cəmiyyətə təsiri az olduğundan yerli sakinlər biri-birilərinin həyatına daha az qarışıb, daha az intiriqalar yaşanıb.

Bir növ qıraq bölgələr bu rayonu “Allahsız”, “dinsiz” kimi tanıyıblar. Ancaq indi kiməsə deyəndə ki, bizim rayonda radikal dini qruplaşmaların davaları olur, məscid bir neçə yerə bölünüb, adama gülürlər.

Elə dövr olub, biri-birini yaxından tanıyan, halına bələd olan adamlar öz aralarında az qala salam-kalamı da söyüşlə alıb-veriblər.

Gəl, indi başa sal ki, yerli əhali marşrutlarını belə bölür ki, “Əlinin marşrutu”, “Ömərin marşrutu”.

Dinin hökm sürdüyü ərazilərdə yaşanan intiriqaların yerini burada ürək açan zarafatlar, bəzən qarşısındakını qıcıqlandırmayan söyüşlər alıb.

Elə dövr olub, biri-birini yaxından tanıyan, halına bələd olan adamlar öz aralarında az qala salam-kalamı da söyüşlə alıb-veriblər.

Bu o zaman olub ki, Qazaxda din olmayıb. Daha doğrusu, din olub, sadəcə dindar kəsim dinsiz kəsimə nisbətdə azlıq təşkil edib.

İndi hərdən-hərdən o dövrü Mirzə Ələkbər Sabirin sözləri ilə xatırlayanlar da var: “Ah, necə kef çəkməli əyyam idi”.

Şəxsi müşahidələrimdən çıxış edib, deyə bilərəm ki, hansı cəmiyyətdə dini basqılar azdırsa, dava-şavalar, müharibələr, boş mübahisələrin üzərində ölüm-itimlər, cinayətlər bir o qədər az olur.

Hərçənd, din ilkin dövrlərdə insanları pis vərdişlərdən yayındırmaq üçün yaradılmışdı.

Son dövr görünən odur ki, artıq dinin özü pis vərdişlərə, cinayətlərə, müharibələrə yol açır.

Bu da onu deməyə əsas verir ki, bütün səmavi dinlər insanların mənəvi ehtiyacını ödəmək üçün onların özləri tərəfindən meydana atılmışdı, artıq ödəmir, problemlərə yol, qol-qanad açır.

Belə deyək, mənəvi ehtiyaclar yetərincə qarşılanmasa belə bu gün artıq həmin dini dəyərlər işləmir, öz funksiyasını itirib.

Bir başqa cür desək, o dini dəyərlər insanların mənəvi aclığını qarşılamadığı bir yana qalsın, psixoloji durumuna zərbə vurur, aqressiv cəmiyyət yetişdirir. Məsələdir belədir ki, dövr dəyişib.

Həm də bu o deməkdir ki, əslində din mənəvi ehtiyacın ödənilməsi üçün yaradılmamışdı, lap o məqsədlə meydana gəlsə belə sonrakı dönəmlərdə siyasi maraqlara xidmət etdi.

Bu günün özündə də dinin siyasətdə ayrı tutulduğu deyilsə belə onsuz iş aşmır.

Deyə bilərsiniz, yuxarıda söyüşlə bağlı yazılanlarla yazının davamında dinə dair qeydlərin nə əlaqəsi var?

Zahirdə bir o qədər görünməsə də, daxilə varanda əlaqə dərhal nəzərə çarpır.

Belə ki, son zamanlar cəmiyyətimizdə həddindən ziyadə yayğınlaşdığı görülən dini təriqət və məzhəblərin savadsız kütlənin beyninə yeritdiyi ziyanlı məlumatlar dediyim kimi onları aqressivləşdirir, nəticədə hər şeyə yanaşmada ortaya potensial “işidçi” mövqeyi çıxır.

Adi söyüş - “sabun köpüyü” üstündə qarşısındakının başının kəsməyə, gözünü çıxarmağa hazır dayanan bu adamlar dünya yaranandan onsuz da bir dəyərə minməyən insan həyatının necə ucuzlaş(dırıl)dığının əyani göstərgəsidir.

Nümunə gətirim.

Günlərin bir günü Qazaxın kəndlərinin hansındasa illərdir biri-biri ilə zarafat edən iki gəncin arasında dava düşür, biri vurub o birini qətlə yetirir.

Araşdırma nəticəsində məlum olur ki, sən demə, cinayətkar tərəf bir ay imiş məscidə gedib-gəlirmiş.

Dostunun ictimaiyyət içində onunla söyüşlə zarafat etməsini bəhanə gətirən cinayətkar “dost” məscid əhlinin bu kimi hallara yol verilməməsi, suçlu tərəfin cəzalandırılması gərəkdiyini məsləhət gördüyünü deyir.

Məsləhətin sunulduğu obyekt öncə razılaşmasa da, növbəti zarafat zamanı özünə hakim ola bilmir, bıçaqlayıb öldürür.

Söz yox, demirəm, dostun dostu söyüş üstə öldürməsinə səbəb dindir və yaxud din hər zaman davalara, ölümlərə gətirib çıxarır. Əsla!

Dinin yaxşı tərəfləri də var, sadəcə Qazaxda əksər dindarlar tərəfindən adamlara çatdırılmır; Quran ölü kitabı, o biri dünyaya “hazırlıq vəsaiti”, sakini olduğumuz cahan isə “hazırlıq kursu” kimi təqdim olunur.

Sözsüz, həm də qətlə yetirilən şəxsin günahı var, etik qaydanı pozaraq iki nəfərin arasında olması gərəkən şeyi publikaya çıxarıb.

Ancaq məsələ belədir ki, onlar həmin hadisədən qabaq da eyni zarafatı kütlə içərisində edirmiş.

Və o zaman cinayət törədən şəxs namaz qılmırmış, məscidə getmirmiş.

Primitiv şəkildə belə demək mümkünsə, heç bir savadı olmayan adamı həyatını dini görüşləri ilə nizamlayan birləri yoldan çıxarır...

***

Kimsəyə sirr deyil ki, Qazax ən çox söyüş söyən rayon kimi tanınır. Hətta Səməd Vurğunla bağlı bir lətifə də var, ona sual verilir ki, şair, deyirlər, qazaxlılar yaman söyüş söyən olurlar. Şair qayıdıb bu sözü çıxardanın anasına söyür.

Başa düşürəm, qanımızdadır, boşlaya bilmərik.

***

Yazını yazmaqda məqsədim budur, gənclərə deyəm ki, ictimai yerlərdə əsəbiləşərək söyüş söymək, söyüşlə zarafat etmək yaxşı şey deyil.

İnsanların baxışları ilə hərəkət etmirik, ancaq söyüşcül kəslər kənardan yaxşı görünmür, üstəlik, intiriqalara səbəb olur.

Gənclər bir şeyi anlamalıdır ki, hər şeydən əlavə onlar söyüş söyərək kimlərinsə rahatlığını, istirahətini pozurlar.

Yeri gələndə bizdən fərqli olaraq normal cəmiyyətlərdə bu səbəbə cinayət işi açılır, məsələ ilə bağlı lazımi tədbirlər görülür.

Zaman o zaman deyil. Adamlar cəmiyyətdə baş alıb gedən işsizlikdən, radikal dini təriqətlərə qurşandığından və yaxud hansısa bizə məlum olmayan səbəbdən aqressivdir, zarafata dediyiniz söyüşü belə qəbul etməyə bilərlər.

Yuxarıda misal gətirdiyim həyat hekayəsi hər birimizin başına gələr bilər, göz qırpımında bir kəlmənin, bir söyüşün qurbanı ola bilərik.

Biz bir adamıq, həyatımız təhlükədə olanda isə təkcə biz əziyyət çəkmirik, eyni zamanda bizi sevənləri də əziyyətə salır, bəzən də onların gözünü yaşlı qoyuruq.

Gəlin, həyatımıza dəyər verək! Bu dəqiqədən söyüşsüz, əsəbsiz həyata start verərək, yaşamın dadını çıxarçağa çalışaq!

P.S. Yazıda bir rayonun – Qazaxın adını çəkdim, ancaq problem bütün ölkəni əhatə edir. Yaxamızı kənara çəkməyək!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG